PDF Oxu

Siyasət

  • 1 800

Ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilir ŞƏRH

Ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilir ŞƏRH

Ordumuz dövlətimizin və xalqımızın qürur və şərəf mənbəyidir. Azərbaycan güclü, qüdrətli və nizam-intizamlı orduya malikdir. Müasir silahlarla təmin olunan, yüksək döyüş potensialına və qabiliyyətinə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın peşəkar orduları siyahısına daxil olmağı bacarıb. Ordumuz regionda hər hansı təhlükənin qarşısını almaq iqtidarındadır. Buna heç kəs şübhə edə bilməz. Azərbaycan tarixinin ən şərəfli səhifələrdən biri – 44 günlük Vətən müharibəsində ordumuz özünü məğlubedilməz hesab edən Ermənistan ordusunu darmadağın edərək Qarabağı otuz illik işğaldan azad etdi. Hərbi əməliyyatlar zamanı ordumuz həm quru, həm də havadan erməni işğalçılarına sarsıdıcı zərbələr endirməklə onların bütün mövqelərini və hərbi ləvazimatlarını məhv etdi. Qısa müddət ərzində Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən məhv edilməsi dünya hərb tarixinə ən uğurlu və inanılmaz nailiyyət kimi həkk olunub. Bizə belə bir tarixi qələbə yaşadan ordumuza minnətdar olmalıyıq. Vətən müharibəsində erməni işğalçıları üzərində qalibiyyətlə kifayətlənməyən Azərbaycan Ordusu həm canlı qüvvə, həm də hərbi texniki cəhətdən daha da möhkəmlənməkdədir. Müharibədən sonra da ordumuz daha müasir və effektli silahlarla təmin olunub, Türkiyə ilə birgə bir sıra hərbi təlimlərdə iştirak edib. Son iki-üç ildə ordumuzda yeni effektli nizam-intizam sisteminin formalaşmasına daha çox diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına son müsahibəsində ordunun möhkəmlənməsi istiqamətində zəruri addımların atılmasını, müfəssəl tədbirlərin görülməsini vacib hesab edib: “İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun”.

Prezidentin dediyi kimi, regionda dövlətimizin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhlükənin baş verməyəcəyinə heç kəs zəmanət verə bilməz. Təhlükə hər an baş verə bilər. Azərbaycan-Ermənistan sərhəd ərazilərində, eləcə də Qarabağda hərbi-siyasi vəziyyətin həssas olması hər kəsə aydındır. Dövlət rəhbərimizin dediyi kimi, Ermənistanda revanşist və radikal millətçi qüvvələrin fəaliyyəti günbəgün intensivləşməkdədir. Həmin ünsürlər sərhəd ərazilərdə kiçik silahlı qruplaşmalar yaradır, hətta yerli əhali arasında anti-Azərbaycan və anti-Türkiyə təbliğatı ilə məşğul olurlar. Bununla yanaşı, Ermənistan ordusunda mərkəzə tabe olmayan, Rusiyaya yaxınlığı seçilən yüksək rütbəli zabitlərin göstərişi ilə ordumuzun mövqelərinə qarşı bir sıra təxribatların törədildiyinə şahidi olmuşuq. Bu gün də heç kəs zəmanət verə bilməz ki, Rusiya, habelə İranın təhriki ilə erməni hərbiçiləri tərəfindən növbəti təxribatlar törədilməyəcək. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərimizdə Ermənistan ordusunun tör-töküntüləri və digər qanunsuz silahlı birləşmələr qalır. Üçtərəfli 10 noyabr Bəyanatının 4-cü maddəsinə əsasən, rus sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrini ərazilərimizdən çıxartmalı idi, amma bu istiqamətdə hələ də addım atmayıb. Moskva tərəfindən hərbi və diplomatik səviyyədə xəbərdarlığımız icra edilmir. Ancaq Azərbaycan öz ərazisində qanunsuz silahlı birləşmələrin varlığına daha dözməyəcək. Yaxın zamanda bölgədə antiterror əməliyyatlarının keçirilməsi istisna deyil. Eyni zamanda, İrandakı molla rejimi, xüsusilə İran İslam İnqilabı Qvardiyasının (SEPAH) Azərbaycana qarşı təxribat və təhdidləri də diqqətə alınmalıdır. Qeyd edək ki, İran silahlı qüvvələrinin Araz çayı boyunca xeyli sayda canlı qüvvə və hərbi texnika yığdığını, genişmiqyaslı hərbi təlimlər keçirdiyini, eləcə də SEPAH-a məxsus sosial şəbəkələrdə ölkəmizin müstəqilliyinin əlehinə təxribat xarakterli videoların paylaşılmasını müşahidə edirik. Azərbaycan Ordusu bütün bunlara cavab vermək iqtidarındadır və dövlət başçısımızın çıxışındakı əminlik də məhz buna dayanır.

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatı sədri

Digər xəbərlər