PDF Oxu

Siyasət

  • 2 015

Dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət" TƏHLİL

image

Prezident İlham Əliyev: "Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi"

Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən yaradılan "ASAN xidmət"in coğrafi əhatəsi genişlənir, həm də funksiyaları artır. Vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə yaradılan "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsində mühüm rola malikdir.

"Vahid məkan" prinsipi əsasında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmətin daha yaxşı göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Əlbəttə ki, yaradılan imkanların nəticəsidir ki, vətəndaş məmnunluğu yaranıb.

"ASAN XİDMƏT" MƏRKƏZLƏRİNDƏ GÖSTƏRİLƏN XİDMƏTLƏR ƏHALİ TƏRƏFİNDƏN RƏĞBƏTLƏ QARŞILANIR VƏ BƏYƏNMƏ ƏMSALI 99,8 FAİZDİR"

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev respublika üzrə sayca 25-ci olan Salyan regional "ASAN xidmət" mərkəzinin açılışını edib. Salyan regional "ASAN xidmət" mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb. Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Bu mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərkən bildirib ki, "ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir.

"ASAN XİDMƏT" BİZİM, O CÜMLƏDƏN İNTELLEKTUAL MƏHSULUMUZUN BİR NÜMUNƏSİDİR"

Hazırda Azərbaycanda 25 «ASAN xidmət» mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır. Lənkəran və Naxçıvanda isə ilk "ASAN xidmət" mərkəzləri inşa olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, "ASAN Kommunal" mərkəzlərində isə "Azərişıq" ASC, "Azərsu" ASC və "Azəriqaz" İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu günədək "ASAN xidmət" mərkəzlərinə 8 milyon 640 mindən çox vətəndaşın 61 milyondan çox müraciəti daxil olub. «Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik», - deyə Prezident bildirib.

Qeyd edək ki, 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" açılışı oldu. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirilməklə 15 yanvar tarixində fəaliyyətə başladı. Həmin tarixdən vətəndaşlara yüksək keyfiyyətli xidmətlər göstərilir. Və bu günə qədər ölkəmizin bir çox yerlərində mərkəzlərin sayı durmadan artır.

"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. 2013-cü ilin iyunun 1-dən etibarən artıq "ASAN xidmət"in təklif etdiyi xidmətlərdən istifadə etmək üçün mərkəzlərə gələ bilməyən vətəndaşlara xidmət göstərmək üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslardan istifadə olunur. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası da reallaşdırılıb. Bütün bunlar vətəndaşların rahatlığının təminatında, onlara şəffaf və nəzakətli xidmətin göstərilməsinin əsas faktorlarıdır.

"ASAN XİDMƏT"Ə DÜNYADA ARTAN MARAQ

Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzləri beynəlxalq mükafatlara layiq görülüb. Bu gün "ASAN xidmət"in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət" modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Bu illər ərzində xidmət bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. "Uğur 2013" "səmərəli xidmət nümunəsinə və dövlət-vətəndaş münasibətlərinə verdiyi töhfələrə görə" nominasiyasının qalibi olub. İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikatı alıb. "ASAN xidmət" 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi" kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı" təsis olunub. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var.

DÖVLƏT SOSİAL XİDMƏTLƏRİN İNNOVATİV YANAŞMALARA ƏSASLANAN MODERN, ÇEVİK VƏ OPTİMAL MEXANİZMLƏRİ

Sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir - DOST mərkəzləri fəaliyyətə başlayır və "ASAN xidmət" kimi, DOST mərkəzləri də bütün ölkəni əhatə edəcək. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Mərkəzlərində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə 100-dən artıq xidmət göstərilir. 4 Saylı "DOST" Mərkəzinin tərkibindəki "Çağrı Mərkəzi" ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasını özündə ehtiva edir. Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. 2019-2025-ci illərdə istifadəyə verilməsi nəzərdə tutan DOST mərkəzlərinin 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində "bir pəncərə" prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək.

Bu, "DOST" mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevriləcəyini deməyə əsas verir. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Bu gün Azərbaycan təcrübəsi dünya ölkələrində öyrənilir. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın, regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, ölkəmizin dünya miqyasında nüfuzunun artması, yüksək səviyyəli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, şəhər və regionlarımızın simasının gözəlləşməsi, eləcə də, insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasında öz əksini tapıb. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər