2020-ci ilin 27 sentyabrında başlanan və 10 noyabrda böyük Zəfərlə bitən İkinci Vətən Müharibəsi həm də özündən sonra əldə olunacaq yeni Zəfərlərin başlanğıcı, Zəfərlər üçün açılan yol oldu. 44 günlük müharibədə Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə düşməni yerinə oturdan, 30 il işğal altında qalan torpaqlarımızı düşməndən geri alıb ərazi bütövlüyümüzü bərpa edən Milli Ordumuz Azərbaycanın qəhrəmanlıq tarixində yeni bir səhifə açdı. Minlərlə şəhidimiz, qazimiz olsa da, biz namus məsələsini həll edə bildik, torpaqlarımızı yağı tapdağından azad etdik.
Ötən illərin hər biri, eləcə də İkinci Vətən Müharibəsindən ötən iki ildən artıq zaman yenə də sübut etdi ki, qonşun ermənidirsə, deməli, daha ayıq-sayıq olmalı, bir anı belə gözdən qaçırmamalısan. Çünki erməni tarix və zamanın dünyaya “bəxş etdiyi” üçün özünün özünə bağışlamayacağı yaranandır.
Müharibədən sonra qarşılaşdığımız bütün mənzərələr bunları deməyə əsas verir. Onların torpaqlarımıza, minillik tarixi abidələrimizə, minlərlə obyektlərə, evlərə, qəbiristanlıqlara, məscidlərimizə tutduqları divan insanlıqdan çox-çox uşaq, vəhşi bir tayfa olduqlarını sübut etdi.
Yeni Zəfərin mübarək, Azərbaycan!
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamə ilə üzərlərnə götürdükləri öhdəliklərin əksinə hərəkətləri isə həqiqətən də “erməni ki, erməni” deyimini bir daha sübut etdi. Axı erməni hara, söz vermək, sənəd imzalamaq və verdiyi sözün üstündə dayanmaq hara. Nələr etmədilər 10 noyabr Bəyannaməsindən sonra? Hansı əməl qaldı ki, əl atmayalar? Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşımadılar, Rusiya Sülhməramlı Kontingentin guya ki, nəzarətinə baxmayaraq torpaqlarımızdan yenə də sərvətlərimizi daşımaqla məşğul olmadılar, minabasdırma işlərini davam etdirməklə yüzlərlə azərbaycanlının ölümünə səbəb olmadılar, sərhədlərimizdə yeni təxribatlara əl atmadılar?
Elə bütün bunların qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu, bəli, 44 günlük müharibənin yol açdığı Zəfərlərdən biri oldu. Zəfərdən Zəfərə aparan yolda yeni bir Zəfər oldu.
Ermənistan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulmasını “qanunsuz” adlandırır. Amma öz ərazisində Avropa İttifaqının missiyasının, Rusiyanın hərbi bazasının olmasını necə, xatırlayırmı?
Aksiyanın 135-ci günü
Və yaxud bu gün 135 gündür ki, davam edən etiraz aksiyalarının səbəbini yada salmaq istəyirmi? Nə üçün düz 135 gündür ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda Azərbaycan gəncləri, QHT üzvləri, ekofəallar, tələbələr etiraz aksiyası keçirirlər? Ötən ilin dekabr ayının 12-dən başlayaraq payızdan qışa, qışdan bahara uzanan bu aksiyanın mahiyyətini anlamaq istəyirlərmi? İnsanların payızın sazağında, qışın şaxta-boranında, baharın yağışında, çənində orada etiraz aksiyası keçirmələrini yoxsa göz ardına almaq istəyirlər?
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlılarının üzərinə Azərbaycan torpaqlarında gizlənən Ermənistan ordusunun tör-töküntülərini ərazilərimizdən çıxarmaq öhdəliyi qoyulub. Bu bəyanatın imzalanmasından 2 ildən artıq keçməsinə baxmayaraq erməni terrorçuları hələ də Qarabağda qalmaqda və orada müxtəlif təxribatlar törətməkdədilər. Ötən dövr ərzində Rusiya sülhməramlıları nəinki üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmir, hətta səlahiyyətlərindən istifadə edərək müxtəlif qanun pozuntularına yol verirlər.
Dəfələrlə Azərbaycan hökuməti tərəfindən xəbərdarlıq olunsa da, onlar öz əməllərindən çəkinmədilər. Rusiya sülhməramlıları ermənilərlə əlbir olub, təbii sərvətlərlərimizi talan etdilər, ekologiyamıza ciddi zərər vurdular.
135 gündür ki, televiziya və internet üzərindən izlədiyimiz aksiya könlümüzü qürur hissi ilə doldurur. Aksiya iştirakçılarının “Şəhidlər ölməz, Vətən bölünməz”, Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Qarabaq Azərbaycandır!” kimi şuarlar, Vətən, torpaq haqqında mahnılar səsləndirmələri, mətbuat nümayəndələrinə müsahibələr vermələri, tələbləri yerinə yetirilənə qədər gözləyəcəklərini bildirmələri İkinci Vətən Müharibəsində insanların birlik və həmrəyliyini gözlər önünə gətirir. Hər bir Azərbaycan vətəndaşının 44 gündə Ali Baş Komandanın əmrini gözləmələri, Qarabağ üçün canlarından keçəcəklərini bildirmələri, gecə-gündüz ayıq-sayıq dayanıb hadisələri izləmələri nə qədər qürur yaradırdısa, torpaqlarımıza ekoloji zərbə endirənlərə qarşı etiraz aksiyasındakı insanların səbri, əzəməti də bir o qədər qürur doğurur.
Bitən müharibə, başlanan müharibə
Müharibə bitdi, erməninin 30 ildə öz-özlüyündə yaratdığı xülyası yerlə bir oldu. “Böyük Ermənistan” arzuları Arazın sularına gömüldü, dünyada rüsvay, rəzil oldular, pərakəndə orduları ilə gülünc vəziyyətə düşdülər, plansız “taktikaları” ilə çox geridə qaldıqlarını sərgilədilər. Lakin gəlin görək, bütün bunlar onlara ar oldumu? Əsla. Aradan bir xeyli vaxt keçəndən sonra onların yenə də yağışdan sonra çoxalan göbələk kimi baş qaldırmasının şahidi olduq. Bu dəfə isə yeni təxribatlara əl atmaqla, yeni niyyət və arzularla gündəmə gəldilər.
Müharibə bitdi. Bu dəfə isə xislətsiz ermənilərin azərbaycanlılara qarşı yeni miharibəsi başlandı: mina müharibəsi. Məğlubiyyətlərindən iki ildən artıq müddət keçməsinə baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin ya olmadığını iddia etdilər, ya da görəndə ki, bu xəritələri üzə çıxarmaqdan başqa çarələri qalmayıb, saxta xəritələr təqdim etdilər. Lakin hələ də işğaldan azad edilən ərazilərimiz var ki, onların xəritələri barədə ermənilər söhbət belə etmək istəmir.
Nəticə isə budur ki, müharibə bitib, lakin onun bəlaları bitməyib. Qarabağda hazırda mina müharibəsi davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb həyatını itirənlər yüzlərlədir.
Vətən Müharibəsindən sonra ümumilikdə 267 nəfərin minaya düşməsi ermənilərin azərbaycanlılara qarşı yeni müharibəyə başlamalarını sübut edən ciddi faktdır. Onlardan 119 nəfər mülki şəxs, 148 nəfər isə hərbi qulluqçudur. Mina partlaması nəticəsində 44 nəfər həlak olub və bu hadisə sülh dövründə baş verib. Yəni, faktiki işğal bitsə də, mina qurbanlarının sayı artır. Üstəlik, tapılan minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Azərbaycanın işğaldan azad edilmiş rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilər sırasındadır. “Qafqazın Xirosiması” adlandırılan Ağdamda 97 min mina aşkar edilib.
Azərbaycanın israrlı çağırışlarından sonra ATƏT-in, ABŞ, Rusiya, Avropa İttifaqı və Gürcüstanın vasitəçiliyi ilə erməni əsirlərinin qaytarılması müqabilində minalanmış ərazilərin xəritələri təqdim olunub. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, təqdim olunan xəritələrin dəqiqliyi 25 faiz uyğun gəlir. Təbii ki, bu xəritələrə Laçın və Kəlbəcərdən geri çəkilən Ermənistan silahlı bölmələrinin həyata keçirdiyi kütləvi minalama daxil deyil.
2021-ci ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində azərbaycanlı jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza demişdi: “Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq”.
Həmin çağırışdan bir ildən artıq vaxt keçsə də, lakin hələ də Minsk qrupu, Avropa İttifaqı bu insan itkilərinə reaksiyasız şəkildə öz fəaliyyətlərini davam etdirirlər. Elə bu səbəbdən də artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq, deyən dövlətimizin başçısı fikrini belə tamamlamışdır: “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
Qanunsuz fəaliyyətə son qoyulacaq
Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması böyük əhəmiyyətə malikdir. Bu məntəqə ermənilərin qanunsuz fəaliyyətinə son qoyacaq. İstədikləri əməlləri törətmək üçün azad olan ermənilər bundan sonra heç də əvvəlki kimi ola bilməyəcəklər. İllərlə Qarabağa silah-sursat daşıyan, burada böyük müdafiə istehkamı yaradan ermənilər bunun elə belə də davam edəcəyini düşünmüşlər 30 ildə. Hələ üstəlik qonşu, tərəfdaşlarının da payını Qarabağa yerləşdirib, sonra üzərimizə yürüməklə, deyiblər bəlkə elə belə də olmalıdır.
Lakin zaman və tarix 44 gündə onların düşüncələrinin nə qədər yanlış olduğunu göstərdi. Göstərdi ki, bu torpaqların sahibi gələcək və siz heç də həmişəki düşüncədə qalmayacaqsınız.
Bəli, o torpaqların sahibi gəldi. 30 ilin hər saatında, anında bu müharibəyə hazırlaşaraq gəldi. Və göstərdi ki, torpaqdan pay olmaz. Baxmayaraq ki, 90-ci illərdə həmin torpaqlar Azərbaycanın səriştəsiz rəhbərliyi tərəfindən ermənilərə hədiyyə olunmuşdu, o torpaqlar Azərbaycana məxsus idi və bir gün Azərbaycana qaytarılacaqdı. Bunu ölkəmizin başçısı illərlə söyləmişdi ki, sülh yolu ilə baş tutmasa, hərb yolu ilə torpaqlarımız geri alınacaq.
Dövlətimizin başçısının iradəsi, xalqımızın birlik və həmrəyliyinin, milli ordumuzun mətinliyinin, gənclərimizin vətənpərvərliyinin qələbəsi olan Qarabağ Zəfəri tariximizin parlaq bir səhifəsinə çevrildi. Azərbaycan 300 min ildən sonra torpaqlarımızın azadlığı mübarizəsinə qalxdı. Bu yolda Ali Baş Komandanımız yolgöstərənimiz, sərkərdəmiz oldu. Onun səriştəsi və rəhbərliyi ilə xalqımız öz taleyüklü məsələsini-namus, qeyrət, şərəf məsələsini həll etdi. Torpaqlarımızı azad etdi, düşmənin tapdağından qurtardı.
Zəfər üçtərəfli 10 noyabr Bəyannaməsi ilə bitdi. Ermənilər 2 ildən artıq zamanda hələ də əməl etmədikləri Bəyannamə ilə. Lakin onların qarşısında əzmli bir xalq, bu xalqın iradəli, başladığı işi sona çatdırmaq bacarığında olan rəhbəri var. Deməli, 10 noyabr Bəyannaməsində ermənilərin üzərinə götürdükləri bütün öhdəliklər maddə-maddə həyata keçəcək. Onların istəklərindən asılı olmayaraq. Elə Laçın-Xankəndi yolu üzərində sərhəd-buraxılış məntəqəsinin qurulması bu barədə ermənilərə mühüm mesajlar vermirmi?..
Mətanət Məmmədova