PREZİDENT İLHAM ƏLİYEV: "Sofiyada imzalanan memorandum enerji təhlükəsizliyi baxımından olduqca vacib və vaxtında atılmış addımdır"
Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. İstər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.
Qeyd edək ki, Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunun əyani təzahürüdür.
İKİ ÖLKƏ ARASINDA ƏLAQƏLƏRİN GÜCLƏNDİRİLMƏSİNDƏ TƏBİİ Kİ, QARŞILIQLI SƏFƏRLƏR MÜHÜM ƏHƏMİYYƏT DAŞIYIR
Bu, bir reallıqdır ki, ölkələr arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin səfərləri və Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətlərinin mütəmadi səfərləri deyilənlərin təsdiqidir. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Bolqarıstana sayca beşinci səfəridir. Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub.
Xatırlatmaq yerinə düşər ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyev Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. Dövlətlərarası əlaqələrimizə təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edib. Təbii ki, bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcək. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə görüş keçirib. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada, Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən dövr ərzində iqtisadi, siyasi, enerji, humanitar və digər sahələrdə dinamik şəkildə inkişaf edib.
BOLQARISTAN AZƏRBAYCANI CƏNUBİ QAFQAZDA VƏ QARA DƏNİZ REGİONUNDA PRİORİTET, STRATEJİ VƏ ETİBARLI TƏRƏFDAŞ HESAB EDİR
Azərbaycan bu gün Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bolqarıstan da Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.
Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 25-də Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər ölkələr arasında arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir.
Belə ki, səfər zamanı hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin iqtisadi siyasət üzrə müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev, Prezidentin xarici əlaqələr üzrə katibi Roussi İvanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada SOCAR-ın Bolqarıstandakı ofisinin açılış mərasimində iştirak ediblər.
Həmin gün Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.
İmzalanma mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənilib.
Mərasimdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku, Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman çıxış etdiblər.
Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev çıxış ediblər.
BOLQARISTAN VƏ Azərbaycan, Sadəcə, STRATEJİ TƏRƏFDAŞ DEYİL, EYNİ ZAMANDA, İKİ DOSTDUR
Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı deyib ki, Bolqarıstan və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələr arasında əməkdaşlığın səviyyəsini, siyasi dialoqun dinamikasını göstərir.
"Bu, həm də onu göstərir ki, Bolqarıstan və Azərbaycan sadəcə strateji tərəfdaş deyil, eyni zamanda, iki dostdur"», - Prezident İlham Əliyev vurğulayıb.
BU TƏŞƏBBÜS ENERJİ RESURSLARININ DAHA DA ŞAXƏLƏNDİRİLMƏSİ VƏ ENERJİ TƏHLÜKƏSİZLİYİ BAXIMINDAN ÇOX VACİB ADDIMDIR VƏ OLDUQCA VAXTINDA ATILMIŞ ADDIMDIR
"Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Azərbaycanın Avropaya qaz tədarükü coğrafiyasının genişləndirilməsini mümkün edib". Bunu Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Prezident qeyd edib ki, Anlaşma Memorandumunun imzalanması enerji təhlükəsizliyi baxımından olduqca vacib və vaxtında atılmış addımdır: "Bu təşəbbüs enerji resurslarının daha da şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından çox vacib addımdır və olduqca vaxtında atılmış addımdır. 6 ay öncə mən Bolqarıstana rəsmi səfər etmişdim və 6 ay sonra geri qayıtmışam. Biz eyni zamanda, Bolqarıstanla interkonnekter layihəsinin inaqurasiya mərasimində iştirak etdik. Bu layihə Azərbaycanın Avropada milli qaz tədarükü coğrafiyasının genişlənməsini mümkün etdi və bu layihə eyni zamanda, artıq Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yardım edir".
Aİ ÖLKƏLƏRİNİN ÜÇDƏ BİRİ AZƏRBAYCANIN STRATEJİ TƏRƏFDAŞIDIR
Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır.
Dövlət başçısının sözlərinə görə, bu gün Sofiyada imzalanan Anlaşma Memorandumu ilə Azərbaycanın Avropa ölkələrinə daha çox qaz ixrac edəcək ki, bu da ittifaqın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək: "Bu gün imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın bir çox Avropa ölkəsinə daha çox qaz ixrac etməsinə imkan verəcək . Bu gün artıq burada Avropa Komissiyasının enerji komissarı xanım Kadri Simson, eləcə də Avropa Komissiyasının digər rəsmiləri və digər dostlar tərəfindən də qeyd edildiyi kimi, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır və bu sadəcə enerji sahəsində deyil, bir çox digər sahələrdə də belədir. Həmçinin sizə bildirmək istərdim ki, Azərbaycan Avropa İttifaqı üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında razılaşma və bəyannamələr imzalayıb və qəbul edib. Beləliklə, bu o deməkdir ki, Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var".
Azərbaycan Prezidenti İlham Əliyev onu da vurğulayıb ki, Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək: "Ötən ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu memorandum əsasında biz 2027-ci ilədək Avropa İttifaqı (Aİ) bazarına qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz tədarük etdik. Bu il bizim hədəfimiz 12 milyarddır. Bu isə bizim bu il 24,5 milyard kubmetr olmasını planlaşdırdığımız ümumi ixracımızın demək olar ki, yarısını təşkil edəcək. Əlbəttə bizim hasilatımız və ixracımız böyüyəcək. Çünki biz mövcud qaz yataqlarından hasilatı artıracağıq və qarşıdakı illərdə yeni yataqlarda təbii qaz istehsalını gözləyirik".
İLİN SONUNADƏK MACARISTAN VƏ SLOVAKİYA DA AZƏRBAYCANDAN QAZ İDXAL EDƏN ÖLKƏLƏRİN SIRASINA QOŞULA BİLƏR
"Azərbaycan qaz tədarük etdiyi ölkələrin sayını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq". Bunu Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya, bu ildən başlayaraq isə Rumıniyaya təbii qaz ixrac edir, ilin sonunadək isə Macarıstan və Slovakiya da Azərbaycandan qaz idxal edən ölkələrin sırasına qoşula bilər: "Bütün zəruri interkonnektorlar yerində olarsa, biz ilin sonunadək Macarıstan və Slovakiyaya qaz tədarükünə başlamağı planlaşdırırıq. Biz Albaniya ilə yerli qaz paylayıcı sisteminin tikintisi ilə bağlı danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniya ərazisindən keçir. Həmçinin “Həmrəylik Halqası” üzvü olaraq Slovakiya da əminəm ki, tezliklə bizim enerji sahəsində tərəfdaşımız olacaq. Biz qaz tədarükümüzün coğrafiyasını genişləndirərək 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağıq. Mən “ən azı” dedim, çünki düşünürəm ki, bu hekayənin sonu deyil, biz Avropa qaz bazarındakı mövcudluğumuzu daha da genişləndirməyi planlaşdırırıq".
BİZ 27 İLDƏN ÇOXDUR Kİ, ETİBARLI XAM NEFT TƏDARÜKÇÜSÜYÜK, ELEKTRİK ENERJİSİ DƏ BİZİM İXRACIMIZIN BİR HİSSƏSİDİR
Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür: "Mən Bolqarıstan Prezidenti cənab Radevin bu möhkəm tərəfdaşlar komandasının yaradılması təşəbbüsündəki xüsusi rolunu vurğulamaq istərdim. Əminəm ki, “Həmrəylik halqası” bizim birgə planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq. Mən həmçinin sizə bildirmək istərdim ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. Biz 27 ildən çoxdur ki, etibarlı xam neft tədarükçüsüyük, elektrik enerjisi də bizim ixracımızın bir hissəsidir”, - Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçımız onu da vurğulayıb ki, Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır.
"Azərbaycan müstəqilliyinin bərpasından 3 ildən az bir müddət içində sonralar “Əsrin müqaviləsi” adlandırılacaq müqaviləni imzaladı və ilk dəfə xarici neft şirkətlərini Xəzər dənizində işləməyə, neft istehsal etməyə və kəşflərə dəvət etdi. Beləliklə, biz bu gün 21-ci əsrin layihəsini həyata keçiririk və bu layihə böyüyür. Ona görə də enerji sahəsində etibarlı tərəfdaş olan Azərbaycan əminliklə bizim bu yolumuzu davam etdirməyə və bütün hədəflərə nail olmağa hazırdır", - dövlət başçısı vurğulayıb.
BİZİM “YAŞIL ENERJİ” İXRACIMIZIN ƏSAS İSTİQAMƏTİ ƏLBƏTTƏ Kİ, AVROPADIR
Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Prezidenti deyib ki, Azərbaycanın “yaşıl enerji” ixracının əsas istiqaməti Avropadır: "Bildirmək istərdim ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra biz Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işləyirik. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar".
İlk külək və günəş enerjisi stansiyalarının tikintisi ilə bağlı dövlətimizin başçısı bildirib ki, artıq bu işlər başlayıb. "Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti əlbəttə ki, Avropadır", - Prezident İlham Əliyev qeyd edərək Azərbaycanın aktiv enerji diplomatiyasını və meqalayihələr həyata keçirilməsini davam etdirdiyini vurğulayıb.
Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir. Hər iki ölkə rəhbəri bu səfərin intensiv qaydada aparılan siyasi dialoqa töhfə verəcəyinə, o cümlədən həm enerji təhlükəsizliyi, həm də qarşılıqlı maraq doğuran bütün digər sahələrdə əməkdaşlığı daha da genişləndirəcəyinə və inkişaf etdirəcəyinə əminliyini ifadə etdilər.
RƏFİQƏ KAMALQIZI