1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Ölkədə gedən müharibə yerli büdcəni zəiflətməklə yanaşı, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Respublikada iqtisadi problemlərlə yanaşı digər sahələrdə də olan problemləri tənzimləmək üçün və müstəqilliyimizi qoruyub saxlamaq üçün dahi liderə güclü siyasətçiyə ehtiyacımız var idi. Xalqın təkid və tələbi nəticəsində ilə 03 oktyabr 1993-cü il tarixində Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Dahi lider Azərbaycanın ağır vəziyyətdə olduğunu çox yaxşı bilirdi. O, bilirdi ki, iqtisadi problemlər öz həllini tapmasa Azərbaycan qüdrətli dövlət ola bilməz. Ümummilli lider çıxışlarının birində dedi: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.
Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır. Ulu öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində bütün sahələrdə bir çox islahatlar aparılmış və həyata keçirilmişdir. Dövlət müstəqilliyimizi əldə etdikdən sonra iqtisadi siyasət aparmaq üçün Respublikada bazar iqtisadiyyatının formalaşdırılması yoluna başlanılmışdır. Dahi lider Azərbaycan Respublikasının Prezidenti olarkən 28 sentyabr 2002-ci il tarixində “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Fərmanını imzalamışdır. Fərmana əsasən vergi orqanlarının strukturunun müasir tələblərə cavab verməsi və uyğunlaşdırılması məsələsi olmuşdur. Daha sonra vergi idarəçiliyinin gücləndirilməsi və vergi xidmətinin təkmilləşdirilməsi məqsədilə 20 dekabr 2002-ci il tarixli əmrlə Bakı şəhəri Baş Vergilər idarəsi və rayonlarda Vergi idarələri ləğv olundu. Bunun əvəzinə isə Bakı Şəhəri Vergilər Departamenti yaradılmışdır. Ölkədə xarici investorlar üçün şəraitin yaradılması vergi siyasətinin əsas istiqamətlərindən biridir. Bununla əlaqədar olaraq iş adamlarının normal işləməsi üçün iqtisadi şəraitin yaradılması və vergiqoymada müəyyən güzəştlər tutulmuşdur.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin iqtisadi siyasətdə bütün səylərinə nəzər saldıqda görürük ki, ölkəmiz beynəlxalq aləmə sürətlə inteqrasiya edir. Artıq Azərbaycan Respublikası yüksək kürsülərdən öz sözünü deməyə başlayıb. Biz artıq zəngin iqtisadi potensiala malik bir ölkəyik.
Azərbaycan iqtisadiyyatı investisiya mühiti baxımından ön sıralara yüksəlmişdir. Azərbaycana Dünya Bankı tərəfindən bu sahədə “ən islahatçı ölkə” statusu verilib. “Doing Business” hesabatına görə hazırda Azərbaycan dünyanın biznes mühitinin ən əlverişli olduğu 34-cü, biznesə başlamanın isə ən asan olduğu 9-cu iqtisadiyyatına malikdir. 2003-cü ildən sonra ölkə iqtisadiyyatına bütövlükdə 240 milyard dollardan çox investisiya yatırılmış və bunun da təxminən yarısı xarici investisiyalar olub.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini