PDF Oxu

Siyasət

  • 2 529

Azərbaycan Heydər Əliyev yolu ilə gedir ŞƏRH

Azərbaycan Heydər Əliyev yolu ilə gedir ŞƏRH

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan bu gün artıq müstəqil dövlət kimi beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O, hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib. Ulu Öndər gələcəyə hesablanmış müdrik siyasət yürüdərək milli iqtisadiyyatımızı formalaşdırmağa, inkişaf etdirməyə, güclü iqtisadi baza və milli kadr potensialı yaratmağa nail olmuşdur. Bununla da, Azərbaycanın iqtisadı cəhətdən güclü dövlətə çevrilməsi, onun dünya iqtisadi sisteminə inteqrasiyası və bu sistemdə özünə layiqli yer tutması, ölkədə sosial problemlərin həlli və əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün etibarlı zəmin yaratmışdır.

Azərbaycan xalqının ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Neft sənayesi tamamilə tənəzzülə uğramışdı. Müstəqillik tariximizi vərəqlədikdə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xidmətləri sırasında iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verərək, malik olduğumuz təbii resurslardan səmərli istifadə etmək məqsədilə müəllifi olduğu neft strategiyası önə çəkilir, onun uğurları qeyd edilir. Heydər Əliyev Azərbaycanın neft və qaz sənayesinin inkişafında da əhəmiyyətli bir rol oynadı. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. Həmin dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi — “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də daha çox təhlil olunur. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı.

Mövcud resurslardan səmərəli istifadə edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması dahi siyasətçi Heydər Əliyevin müəyyən etdiyi strategiyanın əsasını təşkil edirdi. Ümummilli Liderin dahiliyi, uzaqgörənliyi və qətiyyəti sözügedən nitqində bir daha bütün detalları ilə diqqəti cəlb edir. Xalqın məhz öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşadığı bir vaxtda çiyinlərinə taleyüklü missiya götürən Ulu Öndər xalqın yekdil səsi ilə ona göstərilən etimadın, üzərinə qoyulan vəzifənin məsuliyyətini dərindən dərk etməklə yanaşı, ilk növbədə özünün də hər zaman qeyd etdiyi kimi, millətinin zəkasına, müdrikliyinə, qüdrətinə güvənir və arxalanırdı. Heydər Əliyev zaman-zaman xalqının ona bəslədiyi ümidləri doğrultmaq üçün əlindən gələni əsirgəməmiş, həyatının qalan hissəsini də bu işə həsr etmişdi. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ulu Öndərin gərgin əməyinin nəticəsində dövlət müstəqilliyinin ilk illərində dərin böhrana düçar olmuş ölkə iqtisadiyyatı yenidən və müasir dövrün tələblərinə uyğun qurulub, dünya iqtisadiyyatına inteqrasiya edilib. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi kurs hazırkı dövrdə də öz əhəmiyyətini qoruyub saxlayır.

Hazırda Azərbaycan iqtisadi və siyasi müstəqilliyi ilə diqqətdədir. Ümummilli Lider Heydər Əliyevin siyasətinə sadiqliyini hər addımda təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev dünyaya səs salan tarixi Zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir ki, bunun da təməli Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qoyulub. Azərbaycan Heydər Əliyev yolu ilə gedir və bu yol hər zaman xalqımıza möhtəşəm uğurlar qazandıracaqdır.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər