PDF Oxu

Siyasət

  • 4 819

Bütün yollar Həkəri çayı üzərində birləşir TƏHLİL

Bütün yollar Həkəri çayı üzərində birləşir TƏHLİL

Mövcud fakt və reallıq ondan ibarətdir ki, zaman-zaman ikili standartların hökm sürdüyü dünyamızda Azərbaycan xalqının haqq işinə qarşı ayrı-seçkiliyə yol verilib. Bu ikibaşlı və ziddiyyətli siyasi məzhəkələr tarixən mövcud olub və bu gün də davam etməkdədir. İkili siyasət yürüdən dünya gücləri azərbaycanlılar Qərbi Azərbaycandan didərgin salınanda susmağa üstünlük verdilər. Sonrakı mərhələdə bu ənənə erməni daşnak qüvvələrinin Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyi zaman davam etdi. 30 il susmağa və erməni terrorçu hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasına səy göstərmədilər. Əksinə, beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələ müzakirə edilən zaman erməni bacılarının, qardaşlarını maraqlarından çıxış etdilər. Elə ki, 2020-ci il 27 sentyabrından Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı azad etdi, dünya bicləri və gücləri dillənməyə başladılar. Hətta Azərbaycanın hərbi uğurlarından narahat olduqlarından hay-küy də qaldırdılar. Ancaq Azərbaycan haqq yolunda olduğu üçün öz məqsəd və hədəfindən yayınmadı, təbii ki, suverenliyimiz bərpa olunana qədər ordu və xalq Ali Baş Komandanın yanında ayaqda olacaq. Artıq Azərbaycan elə bir gücə və qüdrətə malik dövlətdir ki, onun qarşısında heç bir qüvvə dayana bilməz. 1918-ci ildə yol verilmiş acı tarixi təcrübədən ibarət götürən xalqımız bilir ki, Vətən torpağından pay olmaz. Bu baxımdan, tarixi dərslərdən nəticə çıxaran xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə yağı düşməni məhv etməyə və işğal altında olmuş torpaqlarımızı azad etməyə nail oldu.

İndiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub

Ermənilərin Qafqazda məskunlaşmasına Rusiya və indiki fars molla rejimi daha çox canfəşanlıq göstərmişlər. 1928-ci ildə Çar Rusiyası Qafqazı zəbt etdikdən sonra İrəvan xanlığı ərazisində qondarma “Ermənistan” vilayəti yaratmış, bu ərazilərdə ermənilərin sayını çoxaltmış, azərbaycanlıları isə tədricən təzyiqlərə məruz qoymuşdur. Aparılan təmizləmə siyasəti nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, yüz minlərlə insan isə ev-eşiyini tərk etmək məcburiyyətində qalmışlar. Bu gün Qərbi Azərbaycanı zəbt edib, özlərinə qondarma dövlət yaradan haylar utanıb-çəkinmədən iddia edirlər ki, bu ərazilərdə azərbaycanlılar azsaylı olublar. Hətta yer adlarını da dəyişməklə saxtakarlıq nümayiş etdirməkdən də çəkinmirlər. Təkcə 1938-1948-ci illərdə Zəngibasar rayonunda 25 azərbaycanlı kəndi var idi. Bu kəndlərdə ancaq kolxoz sədrləri, məktəb direktorları azərbaycanlılar idi. Zəngibasar rayonu ərazisindəki Zəhmət (Haçaparaq) kəndi Zəngi çayının sağ tərəfində İrəvan şəhərinin 6 km-də qonşu Arabat, Qaraqışlaq və Dəmirçi kəndlərinin yaxınlığında yerləşirdi. Zəhmət kəndinin toponimləri: Arxatlı, Qızlar, Qəmbəralı, Qocabağır, Qoşarx, Dəyirman arxı, Zeynəb yeri, Zəngiqırağı, Mehdixan, Xəbər yeri, Cəfər yolu. Kəndin adı 1935-ci ilə kimi Haçaparaq olmuş, həmin il dəyişdirilərək, Zəhmət adlandırılmışdır. Rəvayətlərdən birində kəndin adının “Haca aparmaq” ifadəsindən götürüldüyü məlum olur. Keçmişdə Həcc ziyarətinə gedən zəvvarlar buradan yola düşürmüşlər. 1930-cu ildə kənddə kolxoz qurulmuş və 1937-ci ildə milyonçu təsərrüfata çevrilmişdir. 1937-ci ildə kənddə zəlzələ olmuş və bir müddətdən sonra II Dünya müharibəsi başlamışdır. 1940-cı illərdə indiki Ermənistan adlanan ərazidə 400-dən çox Azərbaycan kəndi var idi. XIX əsrin 80-ci illərində ilk qəza məktəblərindən olan Zəngibasar rayonunun Uluxanlı kəndində böyük ədib Cəlil Məmmədquluzadə müəllim işləmişdir. 1988-ci ilin sentyabr ayına qədər Masisin (Zəngibasarın) bir neçə kəndinin azərbaycanlı kəndinin əhalisi zorla köçürüldü, məktəblər bağlanılır, hər şeyə son qoyuldu.1988-ci il hadisələri zamanı erməni daşnaklarının başçılığı altında Zəhmət kəndinə də silahlı basqınlar edildi, kənd əhalisi öz əzəli torpağından zorla çıxarıldı. Erməni daşnaklarının soyqırımı dövründə Zəngibasar rayonunun azərbaycanlı kəndlərində yüzlərlə insan öldürüldü və bir çoxu şikəst oldu. Erməni vəhşiliyinin azərbaycanlılara qarşı törətdikləri bu soyqırımı heç bir yerdə deyilmədi və bildirilməsi. Bu hadisələr o zamankı Azərbaycan rəhbərliyinin laqeydliyi və vəzifə hərisliyi nəticəsində baş verdi. Məhz səriştəsizlik və bacarıqsızlığın acı nəticəsini Ulu Öndərimizin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsi ilə aradan qaldırdı. Artıq Qarabağ iqtisadi zonasının əksər ərazilərində məskunlaşma həyata keçirilir, keçmiş qaçqın və köçkünlər öz yurd yuvalarına qayıdırlar. Bu günlər isə daha bir şad xəbər verildi. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Xankəndi- Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə sərhəd - keçid məntəqəsi qurub. Bu barədə Dövlət Sərhəd Xidmətindən yaydığı məlumatda deyilir: 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Məlumatda o fikir də vurğulanıb ki, sərhəd - keçid məntəqəsinin qurulması ilə bağlı Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Bu yol bizi Naxçıvana, oradan isə Türkiyəyə və Avropanın bölgələrinə aparacaq

Artıq Həkəri çayının yaxınlığında Azərbaycan sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayıb.Təbii ki, Ermənistan öz sərhədində keçid məntəqəsi yaratdığı kimi, Azərbaycan da öz ərazisi olan Laçın yolunda nəzarət məntəqəsi qurmaq hüququna malikdir. Hansısa qüvvələr bununla bağlı hay-küy qaldırırsa, sadəcə, beynəlxalq hüquqa deyil, erməni maraqlarına xidmət etmiş olurlar. Sərhəd-keçid məntəqəsi qurulana qədər erməni separatçıları müxtəlif vasitə və yollarla Ermənistandan Xankəndinə silah sursat və digər qeyr-qanuni daşınmalar həyata keçirirdilər. Lakin məntəqənin qurulması ilə bütün qanunsuz hərəkətin və daşınmaların qarşısı alındı. Bu baxımdan demək olar ki, hazırkı məqamda Qarabağda bütün yollar Həkəri çayı üzərində birləşir. Bu yol bizi Naxçıvana, oradan isə Türkiyəyə və Avropanın bölgələrinə aparacaq. Politoloq Aydın Quliyev mətbuata verdiyi açıqlamasında bildirib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 10 noyabr sənədinin tam icrasına doğru həlledici addımdır: “Ermənistanın yeni ideoloji təxribatlara başlayacağı istisna deyil və bu yolda ilk addımları atır. Ermənistan bu məntəqəni Xankəndi ermənilərinin daha sıx blokadaya salınması kimi qələmə verməyə çalışır və bu sayaq ideoloji təxribatların heç bir əsası yoxdur. Necə ki, Azərbaycan ekofəalların aksiyası ətrafında Ermənistanın "blokada hay-küylərini" beynəlxalq diplomatik-informasiya müstəvisində alt-üst etdi, sübut etdi ki, Laçın yolunda Azərbaycanın nəzarətinin qurulması dövlətimizin suveren hüquqlarının tələbidir, eynilə də sübut edəcəyik ki, nəzarət-buraxılış məntəqəsi ilə bağlı Ermənistanın bütün informasiya-ideoloji təxribatları iflasa məhkumdur. Azərbaycanın Laçın yolunda keçid məntəqəsi qurması erməni icması ilə İrəvanın əlaqəsinin kəsilməsi demək deyil və ola da bilməz. Baxmayaraq ki, Ermənistanda bu yönümdə də rəy yaratmağa uğursuz cəhdlər göstərilir”.

Xankəndi-Laçın yolunun başlanığıcında, Həkəri çayı üzərində Azərbaycanın sərhəd-keçid məntəqəsi qurmasından sonra Qarabağdakı erməni separatçıları təşvişə düşüblər. Çünki onların Ermənistandan qaçmaq belə imkanları olmayacaq. Azərbaycan qanunvericiyinə əsasən, onlar sərhəd-keçid məntəqəsindən keçən zaman həbs edilərək, ədalət mühakiməsi qarşısına çıxarılacaqlar. Siyasi şərhçi Abutalıb Səmədov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Qarabağdakı separatçılar mütləq cəzalarını alacaqlar: “Xankəndidəki separatçılara münasibət barədə Azərbaycan Prezidenti bu günlərdə açıq danışdı. Bəyan etdi ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da ölkəmizin ərazisini tərk edib gedəcəklər. Hələlik, görünən odur ki, ermənilərin “liderləri” bu reallığı qəbul etmək istəmirlər və müqavimət göstərməyə hazırlaşırlar. Ancaq bu cəhdlər əbəsdir. Heç kim Qarabağda Azərbaycanın suverenliyinin təmin olunmasının qarşısını ala bilməz. Nə qədər gec deyil, ermənilər ağıllarını başlarına yığmalı və Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əks halda, özlərinə yeni yaşayış yeri axtarmaq məcburiyyətində qalacaqlar. Sadə ermənilər bir şeyi nəzərə almalıdırlar ki, onları müqavimətə çağıran Araik Arutyunyanın və ətrafındakı cinayətkar dəstənin kifayət qədər pulları, həm Ermənistanda, həm də digər yerlərdə evləri var. Onlar heç bir çətinlik çəkmədən bolluq içərisində yaşamağa davam edəcəklər. Bu cür avantürist “liderlərin” əməllərinin əziyyətini isə sadə ermənilər çəkəcəklər. Yeri gəlmişkən, sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması ermənilərin vətəndaşlıq barədə seçim etməsini sürətləndirəcək”.

Bir sözlə görünən ondan ibarətdir ki, Azərbaycan dövləti separatizmin kökünü kəsmək və öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmək üçün qətiyyətli addımlar atmaqdadır. Günün birində əsgəri ordu birləşmələrimiz Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qalan torpaqlarımızda olacaq. Necə ki, gözlənilmədən Dövlət Sərhəd Xidmətinin qüvvələri Xankəndi-Laçın yolunun başlanğıcında sərhəd keçid- məntəqəsi qurdu. Qeyd etdiyimiz o günün biri də Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızın dalğalanması ilə olacaq.

İ.ƏLİYEV

Digər xəbərlər