PDF Oxu

Siyasət

  • 3 548

Azərbaycan dilinin inkişafı qətiyyətli mövqeyə bağlıdır - ŞƏRH

Azərbaycan dilinin inkişafı qətiyyətli mövqeyə bağlıdır - ŞƏRH

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Azərbaycan xalqı üçün dil onun milli mahiyyətini şərtləndirən ən mühüm amillərdən biridir. Bu gün Azərbaycan dili bütün düşüncə dərinliyini ən kiçik nüanslara qədər, ən parlaq formada əks etdirməyə qadir dillərdən biridir. Bir çox xalqların görkəmli nümayəndələri Azərbaycan dilinin dünyanın ən mükəmməl dillərindən biri olduğunu dəfələrlə etiraf etmişlər. Hazırda milyonlarla azərbaycanlının mədəni inkişafının əsasını təşkil edən bu dil, tarixən nəinki Qafqazda geniş yayılmış, hətta müəyyən dövrlərdə daha geniş ərazidə çoxdilli xalqların ünsiyyət vasitəsi olmuşdur.

Azərbaycan dilinin formalaşma tarixi, bir çox mədəni dəyərlər yaradan xalqımızın tarixi qədər qədimdir. Qədim və zəngin tarixə malik olan türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi kökləri, eramızdan çox-çox əvvələ gedib çıxır. Ayrı-ayrı türk tayfalarının ünsiyyət vasitəsi olan bu dil, IV-V əsrlərdən başlayaraq ortaq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır. Dilimiz qədim zamanlardan Azərbaycan torpaqlarında yaşamış türk mənşəli tayfaların dili əsasında formalaşmışdır.

XVI əsrdə Səfəvilər dövründə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dilinin Azərbaycanda rəsmi dövlət dili elan edilməsinə baxmayaraq, real tarixi şəraitə görə bu uzun sürmədi. Sonralar sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə, 1937-ci ildə qəbul edilmiş respublika Konstitusiyasına Azərbaycan dilini dövlət dili elan edən bənd əlavə edildi. Lakin, o dövrdə də siyasi müdriklik olmadığından bu nəcib iş uğursuz başa çatdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə göstərdiyi cəsarət və qətiyyət sayəsində, SSRİ rəhbərliyində bəzi nümayəndələrinin ciddi narazılığına və etirazlarına baxmayaraq, Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlətçiliyini təsdiq edən bənd daxil edilmişdir.

XX əsrin II yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi bilavasitə Azərbaycanının Ümummilli lideri Heydər Əiiyevin adı ilə bağlıdır.

Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətləri ötən əsrin ikinci yarısında, məhz 1969-cu il iyulun 14-də hakimiyyətə gəlişi ilə uğurla başladı. Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın milli kimliyinin, mədəniyyətinin, ana dilinin güclü inkişafı baş verdi, milli-mənəvi dəyərlərə qayıdış sürətləndirildi. Sərt sovet ideologiyasının qeyd-şərtsiz hökm sürdüyü bir vaxtda, Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin itirilməsinin qarşısının alınması üçün mühüm işlər görmüş, apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycanda milli oyanışın əsasını qoymuşdur. Zaman təsdiq etdi ki, Ulu Öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycanda hakimiyyətə gəlişi həm xalqımızın milli ideyalarının dirçəlməsində, həm də ölkəmizin hərtərəfli inkişafında müstəsna tarixi rol oynamışdır. Dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Ulu Öndər Heydər ƏIiyevin müstəsna rolunu hamı etiraf edir.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilini daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsi nəzərdə tutulan anti-konstitusion qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəa Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali qanunvericilik üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul edilmişdir.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu, dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabr ayının 12-də referendium yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

Azərbaycan dilinin tətbiqi sahəsində işin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında imzalanmış sərəncamlar, azərbaycançılıq ideyasının formalaşması yolunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləridir. Xüsusilə Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı Ümummilli Liderin 18 iyun 2001-ci ildə imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır. Bu, Azərbaycan xalqının tarixində əlamətdar bir gün kimi qalacaqdır. Məhz bu tarixdə Heydər ƏIiyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" müstəsna dəyəri olan bir fərmana imza çəkdi. Ondan bir neçə gün sonra - 4 iyul 2001-ci il tarixində «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında» sərəncama imza atdı. 9 avqust 2001 -ci il tarixdə «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında» fərman verildi. Bütün bu fərman və sərəncamların verilməsi milli qeyrət, mənəvi saflıq, dövlətə, xalqa, onun dilinə sədaqət, nəhayət, bu sahədə dərin bilik tələb edirdi.

Heydər ƏIiyev Azərbaycanda rəhbər vəzifələrdə işlədiyi illərdə Azərbaycan dilinə çox böyük qayğı ilə yanaşmış, onun keşiyində dayanmışdır. Xüsusilə, Müstəqil Azərbaycan Respublikasının prezidenti seçildiyi andan, Azərbaycan dilinə qayğını daha da artırmışdır. Ulu Öndərin Azərbaycan dili haqqında yuxarıda qeyd etdiyimiz məlum fərman və sərəncamı geniş xalq kütləsi, ziyalılar, alimlər, gənclər, təhsil və mətbuat işçiləri minnətdarlıqla qarşıladılar. Fərmanda Azərbaycan dilinin, xalqımızın, dövlətimizin varlığı və müstəqilliyi sadə və anlaşıqlı bir dildə şərh olunur, Azərbaycan dövlət dilinin tətbiqi və inkişafı ilə bağlı olaraq qarşıda duran vəzifələr göstərilir.

Heydər ƏIiyevin Azərbaycan dilini məişət səviyyəsindən daha geniş arenaya çıxartdı. Azərbaycanda və onun hüdudlarından kənarda rəsmi görüşlərdə, BMT, Avropa Şurası kimi çox mötəbər məclislərdə Azərbaycan dili onun nitqində öz əzəməti ilə səslənirdi. Bu dildə təkcə adi məişət söhbətləri getmir, çox mürəkkəb siyasi, hərbi, fəlsəfi, elmi mühakimələr yürüdülür. Bu dilə yeni sözlər, ifadələr gətirilir.Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, dövlət başçısı kimi ilk sənədlərdən biri kimi, bizim və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilinin latın qrafikasına tərcümənin həyata keçirilməsi və onların kütləvi nəşri haqqında sərəncam imzalamışdır.

Müasir şəraitdə Azərbaycan dilinin bilavasitə təkmilləşdirilməsi ilə bağlı, cənab İlham Əliyevin imzaladığı iki mühüm sənədin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bunlar 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma dövrünün tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi haqqında” və 29 may 2012-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamlardır. Məhz bu iki mühüm fakt dövlətimizin Başçısı İlham Əliyevin dilimizə, mədəniyyətimizə, zəngin milli dəyərlərimizə böyük hörmət və ehtiramının bariz göstəricisidir.İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı formaları vardır. Ulu öndər Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycanın gələcəyi üçün mühüm vasitələrdən biri də ana dilimizin, dövlət dilinin inkişafıdır”, “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var”, “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.”Ümummilli Liderin dediyi kimi, ata-babalarımızın bizə miras qoyduğu ana dilimizin saflığını, müqəddəsliyini qoruyub saxlamaq, onu milli mənlik şüurumuzun atributu kimi dərk etmək hər birimizin vətəndaşlıq borcudur.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər