PREZİDENT İLHAM ƏLİYEV: “Atam demişkən, "Bir millət, iki dövlət", əlavə də etmək istəyirəm, "Bir yumruq!".
PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: "Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi"
Müqəddəs deyim var: “Haqlısansa qorxma, haqq səni qoruyacaq!”. Bəli, haqlı olduğumuz üçün haqq, ədalət, ərazi bütövlüyümüz bərpa oldu. Və bu gün qədim tarixlərin sınağından çıxmış, aforizm kimi dillər əzbəri olan “Azərbaycan-Türkiyə – Bir millət, iki dövlət” həmrəyliyinin nəticəsində Qələbə Zəfrinə nail olduq. Çünki tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə olub. 2018-ci ildə Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxdılar. Bunun təkrarı 2020-ci 10 dekabr tarixində Zəfər paradında yaşandı. Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. 2021-ci il 15 İyun - Milli Qurtuluş Günündə Şuşada Azərbaycan-Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanması mərasimi keçirildi. Dünyaya Şuşa Bəyannaməsi kimi səs salan bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafını özündə ehtiva edir. Hər zaman Azərbaycanın, Prezident İlham Əliyevin yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının, 2022-ci ildə isə Şərqi Zəngəzurun dünyaya açılan hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində iştirak etdi. Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən, həmçinin ilk xarici uçuşu həyata keçirən dövlət başçısıdır. Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilana səfər edən iki dost, qardaş ölkə liderləri "Dost Aqropark"ın təməlini qoydular. "Dost Aqropark" Azərbaycan və Türkiyənin birgə həyata keçirəcəyi investisiya layihəsidir. O da məlumdur ki, Füzuli Beynəlxalq Hava Limanı da Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə səyləri nəticəsində tikilib istifadəyə verildi. Türkiyədə dəniz üzərində həyata keçirilən böyük layihə – Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbərləri - Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu bir daha dünya birliyinə nümayiş etdirdi. Prezident İlham Əliyevin yeni istifadəyə verilmiş hava limanının açılış mərasiminə dəvət edilməsi təsadüfi deyildi. Bu, iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verməklə yanaşı, həm də Türkiyə-Azərbaycan dostluq və qardaşlığının bir-birinə qırılmaz tellərlə bağlı olmasının təsdiqidir. Həmçinin, ötən ilin mayında, həmçinin “TEKNOFEST Azərbaycan» Aerokosmik və Texnologiya Festivalının keçirilməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təzahürüdür.
Növbəti qardaşlıq görüşü aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirakı ilə bağlı bu il 3-cü dəfə Türkiyəyə səfəri olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslər qarşılayıblar.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan “Togg” avtomobili ilə festivalın keçirildiyi məkana gəliblər.Yolboyu düzülən festival iştirakçıları prezidentləri, birinci xanımları gül-çiçək dəstələri və sürəkli alqışlarla qarşılayıblar.
Sonra xatirə şəkli çəkdirildi.
Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe çıxışında “TEKNOFEST”ə dəvət edilməsini və bu tədbirdə iştirakını Türkiyə ilə Liviya arasında dərin tarixi əlaqələrin və iki xalqın birliyinin göstəricisi olduğunu deyib. Müasir Türkiyənin inkişafında Rəcəb Tayyib Ərdoğanın rolunu vurğulayan Liviyanın Baş naziri bildirdi ki, Türkiyə bu gün uğurlu dövlət modelinin ən gözəl nümunəsidir. Əbdülhəmid Dibeybe bildirdi ki, əhatə coğrafiyasını ildən-ilə genişləndirən “TEKNOFEST” Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. O, Liviyanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə verdiyi töhfələrə görə Türkiyə dövlətinə və “Baykar” şirkətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq. Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, “TEKNOFEST”in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur. Builki “Texnoloji yarışlar”da 102 müxtəlif kateqoriya üzrə 41 yarış keçirilir.
Xatırladaq ki, 2022-ci il mayın 26-29-da “TEKNOFEST” ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilib. “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, eləcə də Nobel mükafatı laureatı Əziz Səncər iştirak ediblər. “TEKNOFEST Azərbaycan” festivalını 300 minə yaxın insan ziyarət edib. Festival çərçivəsində üç beynəlxalq tədbir və səkkiz texnoloji müsabiqə təşkil olunub. Həmin müsabiqələrdə 5 mindən çox gəncin formalaşdırdığı 1000-dən çox komanda yarışıb.
Aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bir daha dünyaya mesajını verərək bildirdi ki, “TEKNOFEST”də iştirak etmək bir daha Türkiyə və Azərbaycanın dost, qardaş ölkələr olaraq həmişə bir yerdədir.
"TEKNOFEST" - DÜNYANI HEYRƏTLƏNDİRƏN İKİ DOST, QARDAŞ, MÜTTƏFİQ ÖLKƏLƏR - AZƏRBAYCAN VƏ TÜRKİYƏ SARSILMAZ BİRLİKLƏRİ, HƏMRƏYLİKLƏRİ
Bəli, bu birliyin növbəti gücünü Azərbaycan-Türkiyə liderləri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında bir daha nümayiş etdirdilər. Azərbaycan Prezidenti İlham Əliyev Festivalda çıxışı zamanı bildirdi ki, bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır: "Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir".
Bəli, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanan reallığın təcəssümüdür. Və ötən il Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
AZƏRBAYCAN PREZİDENTİ: "Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır"
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir: "Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır".
PREZİDENT İLHAM ƏLİYEV: "Türkiyə və Azərbaycan hər zaman bir yerdədir"
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.
Dövlətimizin başçısı qeyd edib ki, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular: «O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Prezident İlham Əliyev çıxış zamanı onu da bildirdi ki, atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərbaycan bir yerdədir. Və Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu: "İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi".
Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Və Azərbaycan-Türkiyə bütün çətin anlarda xalqının birliyi ilə, iqtidarının səyi ilə həmişə qalib olacaq!!!
AZƏRBAYCAN PREZİDENTİ: "Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də onun müttəfiqlərini gücləndirir"
"Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçib. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında söz sahibinə çevrilib, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır".
Bu fikirləri Prezident İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
Dövlətimizin başçısı vurğulayıb: "Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynayır. Keçən ay Ankarada keçirilmiş Türk dövlətlərinin Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir".
Azərbaycan Prezidenti çıxış zamanı vurğulayıb ki, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də onun müttəfiqlərini gücləndirir. Türk ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edildiyini deyən Azərbaycan Prezidenti onu da vurğulayıb ki, ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir: "Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir".
AZƏRBAYCAN PREZİDENTİ: "Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq"
Bəli, bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. Məhz aprelin 4-də dünya növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığının nümunəsini gördü. Türkiyənin ilk yerli elektromobili «Togg» Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi. “Togg”un ilk sahibinin Türkiyə və Azərbaycan prezidentlərinin olması Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir parlaq nümunəsidir. Prezident İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını və bu şirkətin istehsal еtdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etmişdir.
Prezident İlham Əliyev çıxışında "TEKNOFEST"in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd edərək bildirdi ki, Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada: "Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və “Bayraktar” mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq”.
Selçuk Bayraktarın Bakıda olarkən ona “Kızılelma”nın bir maketini hədiyyə etdiyini söyləyən dövlətimizin başçısı bununla bağlı bütün qardaşlarımızı təbrik edib: "Ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə - bugünkü Türkiyə budur".
PREZİDENT İLHAM ƏLİYEV: "Atam demişkən, "Bir millət, iki dövlət", əlavə də etmək istəyirəm, "Bir yumruq!".
Dövlətimizin başçısı çıxışı zamanı növbəti dəfə Türkiyədə olduğu üçün məmnunluğunu ifadə edərək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı da Azərbaycana səfərə dəvət etdi. Festivalda çıxış edən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrinə toxundu, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini xatırladaraq, “Bir yumuq” ifadəsini də ona əlavə etdi: «Bir neçə gündən sonra Azərbaycan xalqı çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, deyən Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirmişdir ki, bu gün biz bunu sübut edirik: "Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”.
Bəli, Azərbaycan Prezidentinin “Bir yumruq” ifadəsi ilə Azərbaycan və Türkiyənin daim birlikdə olduğunu növbəti dəfə bəyan edildi. Və Azərbaycan Prezidenti artıq ənənə halını almış “TEKNOFEST” festivalında bu il də iştirak etməklə iki dövlət arasında olan qarşılıqlı həmrəyliyi bütün dünyaya göstərdi.
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: "Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma çox təşəkkür edirəm"
Aprelin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib: "Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma çox təşəkkür edirəm".
Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun, qardaşlığın nə demək olduğunu göstərdi: "Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu layihəni, İnşallah, qısa müddətdə haqqı çatanlara Azərbaycanın əli ilə təqdim edəcəyik. İlham qardaşım deyir ki, bir ildə başa çatdırılmalıdır, xeyirli olsun".
Kahramanmaraşda təməli qoyulan evlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Türkiyə Prezidenti dedi: “Kahramanmaraşda təməlini bir az əvvəl birlikdə qoyduğumuz evlər üçün İlham qardaşıma da çox təşəkkür edirəm. Azərbaycan dövləti və xalqı bu müddətdə dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi”.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini qeyd edərək vurğuladı: “Təkcə son aylarda yaşadığımız inkişafı sizlər də gördünüz. Bir az əvvəl əziz qardaşım İlham Əliyev də dedi: “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı. Budur, “Kızılelma”, “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Dəniz Qüvvələrinə təqdim edildi”.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış xatirə əsginasını təqdim etdi.
Çıxışlardan sonra “TEKNOFEST” çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi oldu. Müsabiqənin qalibləri ilə xatirə şəkilləri çəkdirildi. Sonra “Kızılelma” pilotsuz uçuş aparatının səmada manevrləri izlənildi.
“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyevə, Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeyə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim etdi.
Bir sözlə, «TEKNOFEST» Azərbaycan və Türkiyə liderlərinin növbəti dəfə sarsılmaz birliklərinin, həmrəyliklərinin dünyaya nümayişi olmaqla, “Togg” elektromobilinin ilk iki nüsxəsi Prezident Rəcəb Tayyib Ərdoğana və Prezident İlham Əliyevə təqdim edilməsi "Bir millət, iki dövlət" məntiqinə əsaslanan müttəfiqliyin bariz nümunəsi, iki güclü ölkənin liderlərinin qardaşlığının daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti.
Bəli, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Və bu gün Türkiyə və Azərbaycan liderlərinin mütəmadi görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur!
Dövlət başçımızın söylədiyi kimi: 2Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək!".
RƏFİQƏ KAMALQIZI