“ABŞ Dövlət katibi Antoni Blinken Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qurulmasının sülh danışıqlarına mane ola biləcəyini iddia edib. Bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri bildirmişdi ki, Vaşinqton Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı “dərin narahatlığını” ifadə edib”. Bunu siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, səfir erməni jurnalistlərə açıqlamasında deyib ki, Dövlət Departamenti bu addımı “sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır” kimi dəyərləndirib: “Dövlət Departamenti tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribat və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırıb. ABŞ Bakı və İrəvanı təxribatlardan qaçmağa və sülh sazişi bağlamaq üçün səylərini artırmağa səsləyib. Maraqlıdır, ABŞ niyə hesab edir ki, Azərbaycanın öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi qurması sülh prosesini poza bilər?Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması 10 noyabr bəyanatına tamamilə uyğundur. Həmin bəyanatda belə bir məntəqənin qurulmasına heç bir qadağa yoxdur. ABŞ və digər ölkələrin bu məsələ ilə bağlı verdiyi bəyanatlar ciddi təəccüb və təəssüf doğurur. 10 noyabr Bəyanatında yalnız Laçın dəhlizinin eni göstərilir və qeyd edilir ki, dəhliz boyunca rus sülhməramlıları yerləşməlidir. İki ölkə arasındakı sərhəddə yox, dəhliz boyunca. Ancaq Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək yolla bağlı konkret “maneəsiz hərəkət təmin olunmalıdır” tələbi var. Ermənistan həmin dəhlizdə nəzarət-buraxılış məntəqəsi qurmaq istəyir. Hamı dəstək verir. Deyirlər ki, bu, Ermənistanın suveren haqqıdır. Sənəddə isə açıq şəkildə maniəsiz hərəkətdən bəhs edilir. Bəyanatda Laçın dəhlizində maneəsiz hərəkəti təmin etməklə bağlı heç bir tələb yoxdur. ABŞ Dövlət Departamentinin və digər rəsmilərin verdiyi bəyanatlar hər cür reallıqdan uzaq və beynəlxalq hüququn müddəalarına zidd olan mövqedir. Azərbaycanın suverenliyi Praqada Fransa və Ermənistan tərəfdən qəbul edildi. Sonra Soçidə Rusiya da buna əlavə olundu. Nəyə görə bizim öz suveren ərazimizdə nəzarət-buraxılış məntəqəsi qurmaq istəyimiz sülh danışıqlarına təhdid kimi qiymətləndirilməlidir? Əksinə, bu addım bütün anlaşmazlıqların aradan qaldırılmasına kömək edə və sülh müqaviləsini imzalamağı sürətləndirə bilər”.
A.Səmədov təəssüflə qeyd edib ki, eyni xarakterli bəyanatları Fransa və Rusiya da verib: “Laçın dəhlizinin rejimi ilə bağlı 90-cı illərdə iki təklif olub. “Paket” və “Ümumdövlət” həll variantlarının hər ikisində bununla bağlı müddəalar var. Orada açıq şəkildə göstərilir ki, dəhlizin statusu ilə bağlı ayrıca razılaşma olmalıdır. Belə bir razılaşma yoxdur. Bizim atdığımız addımlar heç bir razılaşmanın şərtlərini pozmur. Yeri gəlmişkən, hər iki həll variantında qeyd olunub ki, Laçın yolunun statusu Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən yolla eynilik təşkil etməlidir. Ermənistan indiyə kimi Zəngəzur dəhlizi ilə bağlı heç bir tələbi yerinə yetirmir. Tam haqlı olduğumuz halda dünya bizə qarşı haqsızlıq edir. İkinci Qarabağ müharibəsi bitdikdən sonra bizim bəzi populistlər bəyanat verirdilər ki, Xankəndiyə niyə girmədik. Xirda bir məsələyə dünyanın verdiyi reaksiyaya baxın. Hələ nəzərə alın ki, ABŞ-ın Azərbaycana olan münasibəti çox dəyişib. Yəni 2021-ci ilə kimi olandan tam fərqli mövqe ortaya qoyur. Bir çox məsələlərdə ABŞ Rusiyadan daha obyektiv mövqe tutmağa çalışır. İndi özlərinə siyasətçi deyənlər baxsınlar ki, 44 günlük müharibənin sonunda biz Xankəndiyə girsəydik nələr yaşanardı".
GÜLYANƏ