PDF Oxu

Siyasət

  • 2 287

"Formula-1" - beynəlxalq əməkdaşlığa mühüm töhfə TƏHLİL

"Formula-1" - beynəlxalq əməkdaşlığa mühüm töhfə TƏHLİL

Prezident İlham Əliyev: "Formula-1" yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir"

Paytaxt Bakıda start götürən elit yarışmalarından olan "Formula-1" -Qran-Prisinə yekun vuruldu. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan beynəlxalq yarışa ev sahibliyi etməklə iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha dünyaya nümayiş etdirdi. Belə yarışların Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idman sahəsində də ölkəmizin böyük nüfuz qazandığının təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi qəbul edib. Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uzun illər mövcud olan uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edilməsinin əhəmiyyəti qeyd olunub və vurğulanıb ki, ölkəmizin uzun illər dünya səviyyəli çox önəmli tədbirlərə, o cümlədən idman yarışlarına ev sahibliyi etməsi beynəlxalq əməkdaşlığa mühüm töhfə verir.

AZƏRBAYCAN QRAN-PRİSİ 2026-CI İLƏDƏK FORMULA 1 TƏQVİMİNDƏ

Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir.
Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Dünyada yarım milyarddan artıq tamaşaçı auditoriyası olan "Formula-1" yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır. Azərbaycan Qran-Prisinin 2026-cı ilədək Formula 1 təqvimində qalması da təsadüfü deyildi.

ƏN SÜRƏTLİ YARIŞLAR KATEQORİYASI - BAKI TREKİ

Bildiyimiz kimi, aprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxıblar. Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 28-də start verildi. Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi etmiş oldu. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. "Formula-1" yarışlarının Bakı mərhələsi dünyada böyük maraq doğurub. Bakı bütün iştirakçıları və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdırdı. Bu da paytaxtımız ətrafında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmış oldu. Belə ki, yarış zamanı qonaqlar İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, şəhərin müasir göydələnlərini və s. görərək, ecazkarlığı seyr etdilər və yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazandılar. Uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometr olan Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
"Formula-1" Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə gələn çoxlu sayda turistlər tarixi məkanlar, istirahət mərkəzləri ilə tanış olublar. Həm müasir, həm də qədim şəhərlə tanış olublar. Ənənələr, mədəniyyət, tarixin qorunduğu şəhər hər kəsdə zəngin təəssürat oyadıb. "Formula-1" Azərbaycan Qran-Prisi dünyanın nüfuzlu ölkələrini mətbuatında yer alıb. Dünya ölkələrinin KİV-ləri Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-Prisindən yazaraq həmişə yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın "Formula-1" Qran-Prisinə də müvəffəqiyyətlə ev sahibliyi etdiyini, yarışın gedişini, cəlbediciliyini diqqətə çəkərək, pilotlar, eləcə də burada olan yenilikləri və s. məlumatları oxuculara çatdırıblar. Beləliklə, növbəti "Formula-1" Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Bu dəfə Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirdi.
Əlbəttə ki, ölkəmizdə bir sıra önəmli beynəlxalq idman yarışlarının təşkili onun siyasi-iqtisadi nüfuzundan xəbər verir. Azərbaycan dövləti bununla da dünyaya sülh mesajını verir.
Hər hansı ölkədə mötəbər yarış keçirilirsə, bu, həmin ölkəyə turist axını gətirir. Təbii ki, keçirilən bu və ya digər tədbirlər turistlərin ölkəmizə axınını daha da gücləndirib. Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeşin televiziya vasitəsilə izləməsi, təbii ki, ölkəmiz ətrafında olan münasibətləri formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bu yarışın ölkəmiz üçün çox böyük faydası olduğunu bildirib: "Birincisi, "Formula-1" yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, "Formula-1" yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə". Cənab Prezident birinci "Formula-1"-dən sonra Azərbaycana kütləvi turist axınının başladığını bildirib: "Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var… Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz".
Əlbəttə ki, "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yarışlar müntəzəm yayımlanır. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olur, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər.
Bakıda keçirilən bu yarış, ən yaxşı yarış hesab edilir. Bakı bütün iştirakçı və qonaqları, hər zaman olduğu kimi, növbəti tədbirdə də ev sahibi olaraq yüksək səviyyədə qarşılayaraq, yarışı uğurla yekunlaşdırdı. Təbii ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırdılar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə, azarkeşlərdə xoş ovqat yaratmış oldu. Hər zaman olduğu kimi, yüksək təşkilatçılığı ilə paytaxt bu yarışın təşkilində öz sözünü demiş oldu.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər