Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycan hər zaman bir yerdədir"
Azərbaycan ilə Türkiyənin əməkdaşlığı bütün sahələrdə dinamik şəkildə inkişaf edir və bu həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır. İki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verərək və bu əlaqələrin daha da möhkəmlənməsi üçün uzaq gələcəyə hesablanmış addımlar atmışdır. Tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədədir. Azərbaycan-Türkiyə birliyi tarixi birlikdir və bu birlik əsrlər boyu davam edəcək. Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxışında Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin qeyd etdiyi fikirləri diqqətə çatdırıb: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə də etmək istəyirəm, "Bir yumruq!".
"AZƏRBAYCAN TƏK DEYİL, TÜRKİYƏ AZƏRBAYCANIN YANINDADIR"
Türkiyə hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini dəstəkləyib. Bu əlaqələrin hazırkı səviyyəyə gəlib çatmasında dövlət başçılarının qarşılıqlı səfərləri, Türkiyənin daim Azərbaycanın, Azərbaycanın da Türkiyənin yanında olması önəmli əhəmiyyət kəsb edir. Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, daha bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi bir daha təsdiqləyir. "İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi" deyə Prezident çıxışında bildirib.
"ŞUŞA BƏYANNAMƏSİNİN İMZALANMASI İLƏ TÜRKİYƏ VƏ AZƏRBAYCAN RƏSMƏN MÜTTƏFİQ OLDULAR"
Müasir Azərbaycanın tarixində müstəsna yer tutan hadisələrdən biri də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Bu hadisə iki qardaş dövlətin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. "Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular", - deyən Prezident tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi olduğunu qeyd edib: "Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir". Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.
Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini - həmrəyliyini təmin edən amillərdir. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Bunlarla yanaşı, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edir.
"YAXIN GƏLƏCƏKDƏ AZƏRBAYCANDA "BAYRAKTAR" MƏRKƏZİ YARADILACAQ, ORADA TƏHSİL, XİDMƏT, İSTEHSAL DA OLACAQDIR"
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçirilən əhatə coğrafiyasını ildən-ilə genişləndirən "TEKNOFEST"-də iştirakı mövcud münasibətlərin davamlığına əsaslanır. "TEKNOFEST" Türkiyənin kosmos, aviasiya və texnologiya sahələrində necə sürətlə inkişaf etdiyini göstərir. Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə ilk dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır. Ötən il paytaxtımızda keçirilən "Texnofest" texnologiya yenilikləri, elm, müxtəlif yarışmalar, dostluq və qardaşlıq münasibətləri ilə yadda qaldı. "Bir il öncə "TEKNOFEST" festivalı Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz "TEKNOFEST"də iştirak etmişdik", - deyən Prezident qeyd edib ki, bu gün mən buradayam: "Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir".
Azərbaycan Prezidenti çıxışında "TEKNOFEST"in qurucusu Selçuk Bayraktarın xidmətlərini də qeyd edərkən Selçuk bəyin Azərbaycanda dəfələrlə olduğunu, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada olduğunu qeyd edib: "Son gəlişində - aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda "Bayraktar" mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır… Selçuk bəy Bakıda olarkən "Kızılelma"nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək "Kızılelma" ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaqdır. "Kızılelma" havada, "Altay" və "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur.
"TEKNOFEST" artıq öz sahəsində bir markaya çevrilib. Bildiyimiz kimi, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki "TEKNOFEST" festivalında texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunub. Festival çərçivəsində keçirilən texnoloji yarışlar öz arzularını reallığa çevirmək istəyən gənclərin layihələrinin təqdimatı üçün ideal platforma təklif edir. Məhz bunun nəticəsidir ki, bu möhtəşəm festivalın iştirakçılarının sayı ildən-ilə sürətlə artmaqdadır. Belə ki, "TEKNOFEST"in ilk dəfə təşkil olunduğu 2018-ci ildə tədbirə 4333 komanda və 20 min iştirakçı qatılmışdısa, bu il komandaların sayı 333 mindən, iştirakçıların sayı isə 1 milyondan çoxdur.
"TÜRKİYƏ BÖYÜK TÜRK DÜNYASININ BİRLƏŞMƏSİ İŞİNDƏ ÇOX BÖYÜK ROL OYNADI"
Əlbəttə ki, Türkiyənin gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib. Siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə dünyanın ən qabaqcıl ölkələri sırasındadır. "Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir. Hörmətli Cümhurbaşqanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynadı. Ötən ay türk dövlətlərinin Ankarada keçirilmiş Zirvə toplantısında da bütün türk dövlətləri əziz qardaşıma öz dəstəyini, öz hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir. Türk dünyasının böyük coğrafiyası, böyük potensialı, böyük təbii qaynaqları, böyük hərbi gücü var. Türk dünyasının birləşməsində Rəcəb Tayyib Ərdoğanın Türk dünyası qarşısında tarixi xidmətləri vardır" – deyə Prezident diqqətə çəkib.müasir Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzinə çevrilib. Belə bir dövlətin dünya çapında özünəməxsus yeri var.
Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Mövcud münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dövlət başçısının bu ölkəyə hər bir səfəri tarixi hadisələrlə yadda qalır: "Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!", - deyə Prezident İlham Əliyev qeyd edib.
Nəzakət ƏLƏDDİNQIZI