PDF Oxu

Siyasət

  • 2 703

Prezidentdən şəhər hədiyyəsi TƏHLİL

Prezidentdən şəhər hədiyyəsi TƏHLİL

Azərbaycan və Türkiyə dost, qardaş, həm də müttəfiq ölkələrdir. Uzun illərdən bəri davam edən bu münasibətlər son 20 ildə iki ölkə arasında daha da yaxınlaşmaya, səmimi münasibətlərə gətirib çıxarmışdır. Türkiyə hər zaman Azərbaycanın yanında, Azərbaycan isə Türkiyənin yanındadır. Bunu 2020-ci ildə 44 günlük Vətən müharibəsində bir daha gördük. Gördük ki, Türkiyə müharibənin hər anında Azərbaycanın yanında oldu. Bu ilin 6 fevralında baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirdiyi, şəhərlərin yerlə yeksan olunduğu Türkiyədə isə ilkin olaraq Azərbaycan göründü. Yardımları, canlı qüvvələri ilə Türkiyənin yanında oldu.

Aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edən Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanla birgə bu tədbir çərçivəsində həm də Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməlini qoyması bir daha Azərbaycan-Türkiyə münasibətlərinin dərin köklərə malik olduğunu göstərdi. Bu, həm də seçkilərə sayılı günlər qalan Türkiyədə Rəcəb Tayyib Ərdoğanın qonşu və müttəfiqləri ilə münasibət kontekstində nüfuzunu göstərən amildir.

Türkiyədə Azərbaycan şəhəri

Azərbaycanın Türkiyəyə bu qardaşlıq köməyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq... Layihə möhtəşəmdir. Bu layihəni, İnşallah, qısa müddətdə haqqı çatanlara Azərbaycanın əli ilə təqdim edəcəyik.

Dövlətimizin başçısı Türkiyənin hər zaman Azərbaycanın yanında olmasını vurğulayaraq demişdir: İki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir. Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Türkiyə, onun Cümhurbaşqanı, qardaş türk xalqı daim bizim yanımızda idi.

İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrinə qədər əziz qardaşım Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları Azərbaycanı birmənalı dəstəkləmişdi. O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi.

Bəli, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı bu gün elə bir pilləyə çatıb ki, onlar bu münasibətləri yeni müstəvidə-müttəfiqlikdə davam etdirirlər. Bütün dünyanın həsəd apardığı bu münasibətlər isə hər iki dövlət üçün mühüm əhəmiyyətə malikdir. Ən birincisi ona görə ki, bu münasibətlər türkçülüyə xidmət edir.

Yardıma ilk olaraq Azərbaycan getdi

Fevralin 6-sı Türkiyənin 11 şəhərini əhatə edən zəlzələ baş verən gündən bəri Azərbaycan Türkiyənin yanında oldu. Bu, bir qonşuluq münasibəti, dostluq deyil. Bu, qardaşlığın göstəricisi idi. Bu, bir ürəkdə minlərlə döyüntünün göstəricisi idi.

Zəlzələ ilə əlaqədar Azərbaycan Respublikası tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Belə ki, bu müddətdə Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım göstərilib. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).

Qeyd edək ki, qardaş Türkiyədə baş verən təbii fəlakətin ağır nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycanın dövlət qurumları səfərbər olaraq köməyə tələsdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak edib. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına veriblər. Fəlakət bölgəsinə 121 həkim və tibbi personal, 150 könüllü gedərək qardaş xalqın dərdinə şərik olub və səmərəli fəaliyyət göstərib. Azərbaycanın hərbi həkimləri 3123 nəfər tibbi xidmət göstərib, ağır yara alanları müalicə edərək sağaldıblar.

Dövlət qurumları tərəfindən Türkiyəyə 6665 çadır, 145 konteyner tipli mobil ev göndərilib, 2 səhra hospitalı və 4 səhra mətbəxi qurularaq zəlzələdən zərər çəkən insanlara xidmət edib. Havaların soyuq keçməsi evləri zəlzələ nəticəsində dağılan insanları daha ağır vəziyyətə saldığından bu problemləri aradan qaldırmaq məqsədilə dövlət qurumları tərəfindən zəlzələ bölgəsinə 786 elektrik generatoru, 11 min 299 ədəd qızdırıcı və texniki avadanlıq, 95 min 580 yataq və yataq ləvazimatı, 207 min 65 dəst isti paltar, 252 ton yanacaq göndərilib.

Heydər Əliyev Fondunun Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri olduğunu xüsusilə vurğulamaq lazımdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.

Ümumilikdə dövlət qurumları tərəfindən zəlzələ bölgəsində zərər çəkənlərə 44 milyon 82 min 967 manat (25 milyon 931 min 157 ABŞ dolları) məbləğində humanitar yardım göstərilib. Humanitar yardımların Türkiyəyə çatdırılması üçün 16 təyyarədən, 459 TIR, 25 vaqondan istifadə olunub.

Onu da vurğulayaq ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yardım barəsində müraciətindən az sonra Azərbaycan xalqı türk qardaşlarına isti paltar, ərzaq toplamağa və maliyyə vəsaitləri köçürməyə başladılar. Bakıda və regionlarda təşkil olunan yardımtoplama məntəqələrinə minlərlə insan üz tutaraq isti paltar və ərzaq gətirdilər.

Zəlzələdən sonra bütün xalq ayağa qalxdı. Hər kəs zərərkəkmiş insanlara, qardaş-bacılarımıza yardım göstərmək istədi. Zəlzələnin ilk günləri Bakıda və Naxçıvanda Türkiyəyə yardımla bağlı kadrları izləyərkən qürur hissi keçirdik. İki dövlətin bir milləti olan insanların can yanğısı ilə əllərindən gələni zəlzələ bölgəsinə çatdırmaq cəhdi yaxınlarını orada düşdüyü ağır vəziyyətdən çıxarmağa böyüklü-kiçikli yardım idi.

Bu, bizim bir millət, qardaş, dost olmağımızla yanaşı, həm də oxşar taleyimizlə bağlı idi. Çünki 1990-cı illərin əvvəllərində soydaşlarımız ermənilər tərəfindən Qarabağdan zorla çıxarılanda onlar da belə ağır vəziyyətlə üz-üzə qalmışdılar. Evlərindən heç nə götürə bilməmişdilər. Qışın soyuğunda yalınqat bir paltarla yurdlarını tərk etməli olmuşdular. Onların əksəriyyəti meşə və dağlarda donaraq ölmüşdü.

Oxşar talelər belə hadisələr zamanı birləşir. Çünki hadisələr ayrı-ayrı olsa da, yaşananlar eyni idi. Bu səbəbdən də o ağır günləri yaşayan bir xalq kimi Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım edən ilk Azərbaycan oldu. Yardımlarımız bu gün də davam etdirilir. Çünki türklər bizim can qardaşımızdır. Onların kədəri də, sevinci də bizimlədir.

Dövlətimizin başçısı zəlzələnin ilk günündə də, sonra Türkiyənin Azərbaycandakı səfirliyində olarkən də, fevralın 25-də Türkiyəyə səfəri zamanı da Prezident Rəcəb Tayyib Ərdoğana bu böyük itki ilə bağlı başsağlığı verdi, Azərbaycan xalqının Türkiyənin kədərlərinə şərik olduğunu bildirdi.

Dövlətimizin başçısının aprelin 29-da Türkiyəyə səfəri zamanı Kahramanmaraşda yeni bir şəhərin salınmasını bildirməsi isə zəlzələnin nəticələrinin sonadək aradan qaldırılmasında Azərbaycanın Türkiyənin yanında olacağını bir daha göstərdi.

Zəlzələ bölgəsinə yeni həyat qayıdacaq

Bəli, iki dövlət bir millətin kədəri bir-birinin kədəri, sevinci sevincidir. Ümidvarıq ki, böyük Türkiyə zəlzələnin nəticələrini qısa zamanda aradan qaldıracaq, 11 füsunkar şəhər yenə əvvəlki görkəminə qayıdacaqdır. Bu dəhşətli hadisə, əsrin fəlakəti heç vaxt unudulmayacaq. İtkilərin hər biri qəlbimizdə yaşayacaq. Ancaq nə etməli ki, həyat davam edir. Qoy həyatın davamında bu fəlakət Türkiyə üçün son olsun.

Azərbaycan qürur duyur ki, Kahramanmaraşda bir şəhər dövlətimiz tərəfindən salınacaqdır. Bu, çox mütərəqqi addım olmaqla yanaşı, eyni zamanda yeni bir tarixin yazılmasıdır. O tarix ki, səhifələri o şəhərdə yaşayan insanların evinə, iş yerinə, uşaqların məktəblərinə, əhalinin sağlamlığına xidmət edən səhiyyə ocağına və digər zəruri sosial obyektlərə yenidən sahib olmasının sevinci həkk olunacaq.

Yurd salmaq isə Azərbaycan xalqının qədimdən bu günə qədər gətirib çıxardığı ölməz ənənələrindən biridir. Yurd salanı Allah qoruyar. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda salınan yurdlarla bərabər, qonşuluq, dostluq ənənələrini yaşadaraq, müttəfiqlik prinsipini qoruyaraq Kahramanmaraşda yeni bir şəhərin salmasını üzərinə götürən dövlətimizin başçısını Uca Tanrımız qorusun. Qorusun ki, həmişə başımız dik, üzümüz ağ və qürurlu olaq.

Mətanət Məmmədova

Digər xəbərlər