Xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə əlaqələrini uğurla davam etdirən Azərbaycan dünyada etibarlı tərəfdaş imicinə sahibdir. Böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizin etibarlı və sınanmış tərəfdaş olduğunu bir daha təsdiqləyir. Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Müasir dövrdə Azərbaycan Avropanın etibarlı tərəfdaşı hesab olunur. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu günlərdə Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması Avropanın enerji ilə təminatında Azərbaycanın əsas rol oynadığını bir daha təsdiqləyir. Həmin mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev imzalanmış Anlaşma Memorandumunun icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcəyini və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacağını bildirib: "Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var". Anlaşma Memorandumu regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcək ki, bu işdə Azərbaycanın rolu önəmlidir. Avropa İttifaqının etibarlı tərəfdaşı olan Azərbaycan enerji təchizatının təhlükəsizliyini təmin etməkdə mühüm addımlar atmışdır. Adı çəkilən sənədin imzalanması Avropanın enerji təhlükəsizliyinə nail olmaq yolunda mühüm addımdır. Görülən işlər dövlətlərarası münasibətlərdə əməkdaşlığın gücləndirilməsində atılan növbəti addımlar sırasındadır. Cənab Prezident ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzaladıqlarını xatırladaraq onun əsasında, ölkəmizin 2027-ci ilə qədər Avropa İttifaqı bazarına ölkəmizin qaz təchizatını iki dəfə artırmağı planlaşdırdığımızı diqqətə çəkib. Azərbaycan 2021-ci ildə Avropaya 8 milyard kubmetr qazı çatdırıb. Bu il isə 12 milyard kubmetri hədəflənib. "Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik", - deyən Cənab İlham Əliyev bu gün Azərbaycan qazının Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edildiyini bildirib. Cari ildən isə qaz Rumıniyaya da çatdırılır. Bütün bunlarla yanaşı, cari ilin sonundan başlayaraq, Azərbaycan Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı da planlaşdırıb. Son dövrlər Avropada baş verən hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın bu qitə üçün əhəmiyyəti getdikcə artır. Xüsusilə bir neçə il əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji aktorlardan birinə çevirib. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olan Cənub Qaz Dəhlizinin reallaşması nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən biridir. Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır. Əlbəttə ki, növbəti onillikdə bu etimad və münasibət özünü doğruldacaqdır."Həmrəylik Halqası" birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq, - deyən Prezident qeyd edib ki, təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, biz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşıq:"Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır". Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir
Göründüyü kimi, Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. "Həmrəylik Halqası" təşəbbüsünə start verən Memorandumun imzalanması tərəfdaşların etibarlı qaz təchizatına ehtiyacı olduğu bir zamanda, həmrəylik və əməkdaşlığın bünövrəsidir.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri