PDF Oxu

Siyasət

  • 2 186

Yenidən qurulan Şuşamız TƏHLİL

Yenidən qurulan Şuşamız TƏHLİL

Bu gün işğaldan azad olunan Şuşamız dirçəlir. Alınmaz qala, Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirib. Buna baxmayaraq, Şuşa sınmayıb, əyilməyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Qədim tarixi olan Şuşa tarixin müxtəlif dönəmlərində "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılmışdır. Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri tarixən Azərbaycanın ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Mənbələrdə qeyd olunduğu kimi, Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. İngilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr ifadə etmişlər. Belə ki, C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazırdı ki, Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.

"ŞUŞANI YARADANLAR, ŞUŞA ŞƏHƏRİNİ QURANLAR, ŞUŞA QALASINI TİKƏNLƏR AZƏRBAYCAN TORPAĞININ SAHİBLƏRİ OLUBLAR"

Şuşanın tarixi bir yaşayış məskəni olduğunu ümummilli lider Heydər Əliyev belə ifadə etmişdir: "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi şəhərdir, abidədir".

Tarixi dövrünə nəzər salsaq görərik ki, Pənahəli xan Cavanşirin 1750-ci illərin əvvəllərində inşa etdirdiyi Şuşa şəhəri onun şərəfinə Pənahabad adlanırdı. Bu, Pənahəli xanın şəhər ətrafına çəkdirdiyi qala divarları ilə əlaqədar idi. Mənbələrdə yazıldığı kimi, Qarabağ xanlığının mərkəzi Şuşa idi. İnzibati cəhətdən 22 mahala bölünən Qarabağ xanlığının 638 kəndi var idi. Xanlığın mərkəzi isə Pənahabad idi. Şuşa bir çox mənbələrdə "Şişə" kimi yazılır və adlanır. Bu da qalanın şüşə kimi təmiz və parlaq olması ehtimalına gəlir. Şuşanın "Şişə" şəklində ifadəsi 1795-1797-ci illərdə İranda şahlıq edən Ağa Məhəmməd Şah Qacarın (1742-1797) Şuşaya hücumu zamanı Qarabağ xanı İbrahim xana göndərdiyi və xalq arasında uzun zaman rəvayətləşən bir məktubunda ifadə edilmişdir. Azərbaycanın digər xanlıqları kimi, Qarabağ xanlığının da bayrağı var idi. Salnamələrdə yazıldığı kimi, Qarabağ xanlığının Şuşa, Bayat, Şahbulaq ərazilərində mədəni yüksəliş, sənətkarlıq xeyli inkişaf etmişdi. Sənətkarlar əsasən Şuşa qalasında fəaliyyət göstərirdilər.

Sovet dövründə Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda (1969-1982) Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddiaları hər zaman iflasa uğramışdı. Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri, məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət ayırırdı. Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu Öndər Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır. Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildi. Həmin qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana kompleksləri, ayrı-ayrı inzibati binalar tikildi. Bununla yanaşı, Şuşanın statusu qaldırılaraq ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edildi. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı.

"ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ İSƏ AZƏRBAYCAN YOXDUR"

Ermənilərin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin azad edilməsi müjdəsini verdi. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Qısa bir zamanda şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Dövlət başçısının Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

QAFQAZIN İNCİSİ OLAN ŞUŞADA YENİ YÜKSƏLİŞ DÖVRÜ

Bu gün Şuşamız işğaldan azad olunan digər ərazilərimiz kimi, yenidən qurulur. Cənab Prezident Şuşaya hər səfəri tarixi hadisələrlə yadda qalır. Şəhərdə inşa edilən yeni yaşayış kompleksinin tikinti işləri davam edir. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir. Şuşada vaxtilə keçirilən Vaqif Poeziya Günləri və "Xarı bülbül" festivalı bərpa olundu. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün ərazilərdə olan bir çox tarixi-dini abidələrimiz bərpa olunur. Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində də infrastruktur layihələr icra olunur.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər