PDF Oxu

Siyasət

  • 4 226

Dünyanın soyuqqanlıqla müşahidə etdiyi MİNA TERRORU - TƏHLİL

Dünyanın soyuqqanlıqla müşahidə etdiyi MİNA TERRORU - TƏHLİL

Bütün dünyanın gözü önündə Ermənistanın mina terroru davam edir və hələ də beynəlxalq təşkilatlar bu terrora qarşı ciddi tədbir görmək niyyətində görünmürlər. İnsan haqlarından, hüquq və azadlıqlardan dəm vuran təşkilatlar insanların bir-birinin ardınca mina qurbanına çevrilməsini soyuqqanlıqla müşahidə edir, amma mina terrorunun qarşısını alacaq addımlar atmaq haqqında düşünmürlər. Bunun əvəzinə Ermənistan tərəfinin guya blokada şəraitində yaşadıqları barədə qara-qışqırıq salmalarına dərhal reaksiya verənlər tapılır, halbuki, heç bir blokadadan söhbət gedə bilməz və Azərbaycan suveren hüquqları çərçivəsində öz ərazi bütövlüyünü qorumaq, ərazisinə kənar müdaxilələrin qarşısını almaq üçün lazımi, qanuni addımlar atır.

Ermənistanın törətməkdə olduğu mina terroru qurbanlarının sayı durmadan artır və dinc Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnən mina terroru hələ də davam edir. Azərbaycanın Tərtər rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlaması nəticəsində “RPS Energy Ltd” şirkətinin əməkdaşları Səxavət Gözəlov, Nadir Yusifov və Fərid Sədiyev həlak olublar. Üç Azərbaycan vətəndaşının mina qurbanına çevrildiyi bu hadisənin sonuncu olacağına kimsə zəmanət verə bilməz. Hətta bundan sonra daha neçə-neçə qurbanların olacağını təkzib etmək də mümkün deyil. Yaxşı, bəs belə olan halda, insanların guya halına acıyan dünyanın həmin o humanitar təşkilatları nə düşünürlər? Guya ekofəalların aksiyasına görə Xankəndində bir gün şəkər tozu tapmayan erməni əsillinin halına yanan humanitar təşkilatlar üç insanın həyatını itirdiyinə görə heçmi narahat deyillər? Azərbaycan ərazilərində məskunlaşan ermənilərin guya Laçın yolunda qurulan sərhəd-buraxılış məntəqəsinə görə ərzaq çatışmazlığı ilə qarşılaşacaqlarını həyəcan təbili kimi çalan qurumlar bir-birinin ardınca mina terrorunun qurbanı olan və hələ bundan sonra da davam edəcək bu terrora görə heçmi düşünmək istəmirlər? Budurmu onların insan azadlıqları və humanizm barədə göstərmək istədikləri?

Bilirik ki, hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin imzalanmasından elə bu günə qədər Ermənistan silahlı qüvvələrinin yerləşdirdiyi minaların partlaması nəticəsində həm hərbi qulluqçular, həm də mülki şəxslər olmaqla, nə qədər insan tələf olub və nə qədər də insan xəsarət alıb, şikəst olub. Ermənistanın mina terroru nəticəsində həlak olanlar arasında azərbaycanlı televiziya operatoru Sirac Abbasov və müxbir Məhərrəm İbrahimov da var və bu fakt hələ də müşahidəçi mövedə olan beynəlxalq təşkilatların susqunluğuna artəq son qoymalı idi. Amma hələ də özünü humanitar təşkilat kimi göstərənlər dillənmirlər və hələ də bu susqunluqlarından sui istifadə olunur. Bir-birinin ardınca basdırılan minalar can almaqda davam etsə də bunu nüfuzlu beynəlxalq təşkilatlar sadəcə, seyr edirlər. Müharibə bitdikdən, Üçtərəfli Bəyanat imzalandıqdan sonrakı dövrdə də Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymaması, mina terroru ilə insan tələfatına rəvac verməsi elə bil beynəlxalq təşkilatlar, humanitar qurumlar üçün adi hala çevrilib. Əks halda həmin təşkilatların bir sanksiyasına, bir bəyanatına, bir ciddi təpkisinə rast gələrdik.

Müharibənin məhz mina terroru ilə Ermənistan tərəfindən davam etdirildiyini heçmi anlamaq istəmir bu beynəlxalq təşkilatlar? Dərk etmək istəmirlərmi ki, ermənilər bu üsulla həm Azərbaycan vətəndaşlarının qətlinə, həlak olmasına şərait yaradırlar, həm də işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasına, məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədirlər? Bir sözlə, Ermənistan münaqişənin davam etməsi üçün əlindən gələni əsirgəmir və bunun üçün beynəlxalq normaları, beynəlxalq hüququn norma və prinsplərini çəkinmədən ayaqlar altına atır. Həmin o insan haqlarından, beynəlxalq hüquqdan dəm vuran təşkilatlar da buna səssiz-səmirsiz tamaşa edirlər, sanki ya bu belə də olmalı imiş, ya da ermənilər üçün bu adı hal imiş.

Vaxtaşırı olaraq Üçtərəfli Bəyanatın guya hansısa bəndini Azərbaycanın pozduğunu yalandan iddia edən ermənilərin ağzına baxan və onların yalanlarına uyan təşkilatlar, ayrı-ayrı siyasilər Ermənistanın bu terrorunu görmürlər, yoxsa görməməzliyə vururlar? Əlbəttə ki, görməməzliyə vururlar, çünki bu qədər müddət ərzində ermənilərin basdırdıqları minaların partlaması nəticəsində həlak olan insanlar barədə məlumatsız olmaq mümkün deyil. Yaxşı, bəs nəyi gözləyirlər? Ermənistan tərəfi nə mina xəritələrini vermədiyinə görə, nə də ərazilərimizə müharibə bitdikdən sonrakı müddət ərzində mina daşıyıb basdırdığına görə bircə dəfə “məzəmmət” edilmədisə, bu zaman hansısa humanizmdən söhbət gedə bilməz axı.

Üçtərəfli Bəyanat imzalandıqdan sonra işğaldan azad edilən ərazilərimizdə yerləşdirilən sülhməramlılar separatçı rejimin həmin ərazilərə silah-sursat, hərbi texnika, canlı qüvvə və mina daşımalarına ən azından göz yümdu, şərait yaratdı və zərərsizləşdirilən minaların bəzilərinin istehsal tarixinin 2021-ci il olması təsdiq edir ki, həmin minalar müharibə bitdikdən sonra gətirilib, basdırılıb. Deməli, buna onlar tərəfindən şərait yaradılıb. Mina xəritələrinin verilməsinə, onların zərərsizləşdirilməsinə kömək etmək əvəzinə, yenilərinin də gətirilməsinə, basdırılmasına onlar tərəfindən imkan verilib. Buna görə də Azərbaycan öz suveren hüquqları çərçivəsində Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bu qanunsuz əməllərə son qoyur və görünür, bu da kimlərisə narahat edir. Rəsmi Bakının nə etməyini gözləyirdilər, silah-sursatın, hərbi texnikanın və nəhayət minaların Azərbaycan ərazilərinə daşınmasına tamaşa etməsini və buna razılaşmasınımı məqbul hesab edirdilər? Əslində, bütün dünyanın humanitar təşkilatları, beynəlxalq qurumları mina xəritələrinin Azərbaycana verilməsini Ermənistandan tələb etməli idilər. Lakin biz bunu müşahidə etmədik, bunun şahidi olmadıq. Şahidi olduğumuz o oldu ki, həmin minaların basdırılması səbəbindən Azərbaycan vətəndaşları tələf olmaqda, həlak olmaqda, sağlamlığını itirməkdə davam edir və bütün dünya da bunu soyuqqanlıqla müşahidə edir.

İşğaldan azad etdiyimiz ərazilərdə minatəmizləmə işləri aparılır və bu işlərə külli miqdarda vəsait də xərclənir. Məsələn, 2021-ci ildə məhz minatəmizləmə işləri üçün 98 milyon manata yaxın vəsait sərf olunub. Bu barədə ölkə rəhbərimiz, cənab Prezident İlham Əliyev də vurğulayıb və Qarabağın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün dövlət büdcəsindən böyük maliyyə vəsaitlərinin ayrıldığını qeyd edib. Bu işlərin görülməsi də dünyanın diqqətindən yayınıb, yoxsa bunu da görməməzliyə vurmaq fikrindədirlər? Axı işğaldan azad edilən ərazilərimizdə davamlı olaraq minatəmizləmə işləri aparılır və bir-birinin ardınca mina terrorunun qurbanları da olur. Bunları görməmək, barəsində bilməmək mümkün deyil. Laçında sərhəd-buraxılış məntəqəsi qurulan kimi dərhal bu barədə xəbər tutan və buna etiraz etməyə üzündə üz tapanlar isə bu mina terrorundan xəbərsiz heç ola bilməzlər axı. O zaman bu susqunluğu necə başa düşək? Davam edən mina terroruna qarşı susqunluq çoxmu davam edəcək? Bəlkə mina xəritələrinin Azərbaycana verilməsi və mina terroruna son qoyulması barədə bir dəfə də olsa Ermənistana xəbərdarlıq edildiyini eşidan-bilən olub? Eyni şəkildə Azərbaycan tərəfi Xankəndi ərazisində hansısa yolla mina basdırsaydı buna dünyanın nüfuzlu beynəlxalq təşkilatları susmazdılar axı.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi 2021-ci ilin noyabr ayından 2022-ci ilin mart ayına kimi 10 600 piyada əleyhinə və 4 685 tank əleyhinə mina, 14 045 partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirib. Eyni zamanda, 2022-ci ildə Azərbaycan istehkamçıları 12 913 mina zərərsizləşdirib və nəticədə 41 915 hektar ərazi minalardan təmizlənib. Bu rəqəmlər heç də nəzərə çarpmayacaq, gözdən yayınacaq rəqəmlər deyil və buna göz yummaq sadəcə olaraq, mina terroruna soyuqqanlıqla tamaşa etmək deməkdir. Ərazilərin minalardan təmizlənməsi illərlə davam etdiyi halda, nə Ermənistan tərəfi basdırdığı həmin minaların xəritələrini vermir, nə də bu xəritələri beynəlxalq təşkilarlar ermənilərdən tələb etmir. Nəticədə də Azərbaycan vətəndaşları Ermənistanın mina terrorunun qurbanına çevrilirlər, amma yenə də susqunluq davam edir, yenə də soyuqqanlıqla yanaşılır. Sonra da humanitar təşkilatlar ağız dolusu danışmaqdan çəkinmirlər, beynəlxalq təşkilatlar da insan azadlıqları barədə səs salmaqdan utanmırlar.

Ötən ilin, 2022-ci ilin oktyabrında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin altıncı Zirvə Toplantısının plenar iclasında çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu da bəyan etmişdi. “İlkin hesablamalara görə, işğal zamanı Ermənistan Azərbaycan ərazisində bir milyondan çox mina quraşdırıb. Beynəlxalq ekspertlərin fikrincə, ərazilərin minalardan təmizlənməsi məsələsinin həlli üçün Azərbaycana təxminən 30 il və 25 milyard dollar lazımdır”, deyə bəyan edən ölkə rəhbəri bütün dünyanın diqqətinə çatdırmışdı ki, xüsusilə minalanmış sahələrin dəqiq xəritələrinin olmadığı şəraitdə işğaldan azad etdiyimiz ərazilərin təmizlənməsi mürəkkəb prosesdir. Bəs bu mürəkkəb prosesə bircə dənə beynəlxalq təşkilat yardımçı oldumu ki, həmin o mürəkkəblik aradan qaldırılsın? Minalardan ərazilərimizin təmizlənməsi üçün 30 il vaxt, eləcə də 25 milyard dollar lazım olduğunu eşidənlər, həmin müddətin mümkün qədər qısaldılması üçün, yaxud qeyd olunan vəsaitə kömək etmək məqsədi ilə bircə dənə addım atdımı? Atmadı. Deməli, belə çıxır ki, mina terrorunun qurbanlarını bütün dünya hələ düz 30 il müddətində soyuqqanlıqla seyr etmək fikrindədir və nə bu müddətin qısaldılması üçün səy göstərmək niyyəti yoxdur, nə də minalardan ərazilərin təmizlənməsi üçün vəsait ayırmaq. Bir sözlə, mina terroru davam edir, dünya da bunu soyuqqanlıqla müşahidə edir, buna isə nə humanizm adı vermək mümkün deyil, nə də insan haqlarının müdafiəsi.

Digər xəbərlər