Dünyanın hər bir ölkəsində ictimai fikri formalaşdıran Kütləvi İnformasiya Vasitələri cəmiyyətdə böyük təsir gücünə malikdir. Söz azadlığının olmadığı, mətbuatın senzuraya məruz qaldığı cəmiyyətdə insan hüquqları da pozulmuş olur.
1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul edirlər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara almışdır. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyib və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. Beləliklə, 3 May - Ümumdünya Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur. Ümumdünya Mətbuat Azadlığı Günü demokratik proseslərin inkişaf etdiyi, fikir və söz azadlığına önəm verildiyi ölkələrdə, o cümlədən, Azərbaycanda da qeyd olunur. Təbii ki, söz və mətbuat azadlığı cəmiyyətdə demokratiyanın meyarı və ölçüsüdür. Bu baxımdan ölkəmizdə bu dəyərlərin mövcudluğu Azərbaycan mətbuatın inkişafında önəmli rol oynayır.
Uzun bir yol keçən milli mətbuatımıza müstəqillik dövründə daim diqqət və qayğı göstərilib və bu davamlıdır. Belə ki, dövlətimizin inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməmiş, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmaqla yanaşı, rəqabət qabiliyyətini daha da yüksəltmişdir. Müstəqillik dövründə milli mətbuatımızın inkişafı, ölkəmizdə söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Milli mətbuata olan münasibət və qayğısı nəticəsində azad və demokratik mətbuatımız cəmiyyətin operativ və obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Təbii ki, Ulu Öndər Heydər Əliyevin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın inkişafında mühüm faktlardır. Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da, əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Dahi Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.
Müasir dövrümüzdə zamanın tələbinə uyğun olaraq Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirərək belə deyir: "Bütövlükdə, söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".
MƏTBUATA GÖSTƏRİLƏN DAVAMLI DÖVLƏT QAYĞISI
Uğurlu bir inkişaf yolu keçən milli mətbuatımıza dövlətimizin diqqəti davamlıdır. Mətbuatımızın son illəri əhatə edən qısa bir tarixinə nəzər salsaq bunu görmüş olarıq. Belə ki, dövlət başçısı İlham Əliyevin səyi ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə, "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. 2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.
"Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında" 16 iyul 2018-ci il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının bir nümunəsi idi. Məlum Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılmışdı.
Milli mətbuatımıza göstərilən diqqətin bariz nümunəsidir ki, dövlət başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" 22 iyul 2019-cu il tarixli Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrıldı. Qeyd edək ki, dövlətimiz tərəfindən qəzetlərə ayrılan diqqət və qayğı sistemli və davalı xarakter daşıyır. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.
ƏSASLI İSLAHATLARIN APARILMASINA YARANMIŞ ZƏRURƏT
Müasir dövrümüzdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti milli mətbuatımıza daim diqqət göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.
ŞƏHİD JURNALİSTLƏRİMİZ
Müasir bir dünyada yaşadığımız dövrdə öz vəzifə borclarını şərəflə yerinə yetirən mətbuat işçilərinin şəhid olmalarının da şahidi oluruq. Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni diversantları tərəfindən basdırılan tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan yenidən erməni terrorunun acı nəticələrini yaşamış oldu. Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması, daha 4 nəfərin yaralanması erməni faşist ideolgiyanının daha bir göstəricisidir. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları buna lazımı reaksiyanı vermədilər. Öz vəzifə borcunu yerinə yetirən insanların şəhid olması əlbəttə ki, heç bir məntiqə sığmır. Xatırladaq ki, Birinci Qarabağ müharibəsi dövründə də bir neçə mətbuat işçiləri öz vəzifələrini yerinə yetirərkən həlak olmuşdur. Ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adını almış jurnalistlərimiz Çingiz Mustafayev, Salatın Əsgərova, Fəxrəddin Şahbazov və başqaları vəzifə borclarını yerinə yetirərkən həlak olublar.
DÜZGÜN VƏ QƏRƏZSİZ İNFORMASİYALARI DÜNYAYA ÇATIRAN MƏTBUATIMIZ
Bu gün dünyanın sürətlə inkişaf edən ölkələri sırasında yeri olan Azərbaycanın uğurlarının dünyaya çatdırılmasında milli mətbuatın rolu əvəzsizdir. Ölkəmizdə demokratik proseslərin inkişafı, milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Bu gün ölkəmizdə media azadlığı təmin olunub, internet media inkişaf edib, jurnalistlərin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan mediası hazırda bölgə üçün ən qabaqcıl nümunələrdən birinə çevrilib. Azərbaycan mətbuatı qloballaşan dünyada dəyərlərimizi, milli maraqlarımızın və mənafelərimizin qorunmasında daha məsuliyyətlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolunu önəmlidir. Ən qaynar nöqtələrdə biz mətbuat işçilərinin səsini eşitdik. Düzgün və qərəzsiz informasiyaları dünyaya yaymış oldular. Erməni terroru, təcavüzkar siyasəti qələmə alındı, reportajlar yayımlandı. Peşəkar mətbuat öz sözünü demiş oldu. Erməni lobbisinin Azərbaycana qarşı qərəzli fəaliyyətdə olduğu bir zamanda, Azərbaycan həqiqətləri olduğu kimi dünyaya çatdırıldı, erməni terrorizmi faktlar əsasında ifşa olundu. Anti-Azərbaycan kampaniyasına qarşı mübarizədə bütün güc və iradələr birləşdi, mətbuatımız öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi.
Bu gün də ölkəmizin ictimai-siyasi həyatında baş verən istənilən bir hadisənin işıqlandılırmasında mətbuat işçiləri açıq sayıqdır.
Zümrüd BAYRAMOVA