“Əslində, rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməkdə məqsədi bəllidir”. Bu sözləri "Səs" qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
E.Manafov qeyd edib ki, bu görüşdən əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi olmuşdu və Birləşmiş Ştatlar münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanması üçün Vaşinqton layihəsini irəli sürmüşdü: “Layihənin və təkliflərin irəli sürülməsində məqsəd bölgədə ABŞ-ın təsir imkanlarını gücləndirmək və Rusiyasız problemi həll etməklə Moskvanın münaqişə tərəflərinə olan təsir imkanlarının azalması ilə bağlı illüziyaları yaratmaqdan ibarətdir”.
Politoloq onu da qeyd etdi ki, Rusiya sülhməramlı qüvvələr adı altında regiona özünün hərbi kontingentini yeridib: “Bu hərbi kontingent isə çox ciddi faktordur. Rusiya faktorunu nəzərə almadan tərəflərin Vaşinqtonun təklif etdiyi müstəvi üzərində ortaq məxrəcə gəlməsi bir qədər ciddi təsir bağışlamır. Üstəlik, bölgədə Rusiya və İranın da üst-üstə düşən maraqları nəzərə alınarsa, bu, onu göstərir ki, Vaşinqtonun bu sahədəki təklifləri, əslində, daha çox Türkiyədəki seçkilərin doğura biləcəyi reallıqlardan kənarda problemi həll etmək istəyindən irəli gəlir. Vaşinqton çox çalışacaq ki, Türkiyədəki seçkiləri Kemal Kılıçdaroğlu qazansın:“Bu halda Türkiyənin Ermənistanla münasibətlərində ciddi dəyişikliklərin ola biləcəyi istisna deyil. Hətta Türkiyənin Ermənistanla sərhədləri aça biləcəyi ilə bağlı da mülahizələr var. Nə qədər ki Ərdoğan iqtidardadır, aydın məsələdir ki, bu layihə gerçəkləşməyəcək”.
E.Manafov onu da bildirdi ki, Türkiyə Birləşmiş Ştatların NATO üzrə müttəfiqi olsa da, Ərdoğanın iqtidarı dövründə Qərb və Türkiyə arasındakı münasibətlərdə kifayət qədər problemlər yaranıb: “Ona görə də Vaşinqton bu seytnota düşməmək üçün hazırda problemi həll etmək barəsində səylərini gücləndirib. Lakin Rusiyanın bölgədəki hərbi mövcudluğu münaqişə tərəflərinin Kremli nəzərə almaq məcburiyyətində qoyur. Yəni Rusiyasız Birləşmiş Ştatların problemi həll etmək üçün göstərdiyi cəhdlərin ciddi səmərə verəcəyini hələ ki, proqnozlaşdırmıram”.
GÜLYANƏ