27 il sonra işğaldan azad olunan Ağdam öz haqqına qovuşdu. Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 20-də xalqa etdiyi müraciətdə Ağdam rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu bildirmişdir. "Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız", - deyən Cənab Prezident bildirib ki, biz tarix yazırıq, yeni tarix: "Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir".
Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Zəngilan rayonu Ağalı kəndində canlı həyat yaşanılır, Tərtərin Talış kəndinə köç yola salındı. İnsanların doğma yerlərdən səsləri eşdilir. Həmin ərazilərin hər bir daşı, qayası, çayı bu səslər üçün qəribsəmişdi. Tezliklə Ağdam şəhəri də yenidən qurularaq, öz əzəli sakinlərini qoynuna alacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Səfərlər çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Ağdamın tezliklə qurulmasının göstəricisidir.
AĞDAMDA MÜASİR TİPLİ MƏRKƏZ - RƏQƏMSAL İDARƏETMƏ MƏRKƏZİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna növbəti səfəri bu ərazidə görülən işlərin daha sürətli reallaşmasının təzahürüdür. Səfər çərçivəsində dövlət başçısı "Azərişıq" ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlin qoyub. Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik enerjisi ilə təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Təlim-Tədris Kompleksində isə beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaq. Dövlətimizin başçısına işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC tərəfindən paylayıcı elektrik şəbəkəsinin qurulması istiqamətində görülmüş işlər barədə də məlumat verildi. Ağdam rayonu ərazisində yerləşən infrastruktur və strateji obyektlərin ilkin mərhələdə elektrik təchizatı üçün 28 kilometr məsafədə 10 kV-luq hava elektrik verilişi xətləri çəkilib, 7 ədəd müxtəlif gücdə komplekt transformator məntəqəsi quraşdırılıb. Hazırda isə 35 kV-luq "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarının tikintisi və bu yarımstansiyaların qidalandırılması üçün 35 kV-luq kabel xətlərinin çəkilməsi işləri görülür. Kəlbəcər rayonu üzrə dayanıqlı elektrik təchizatı üçün 31 kilometr uzunluğunda 110 kV-luq hava xətti çəkilib, 110/35/6 kV-luq Daşkəsən yarımstansiyası yenidən qurularaq, 33,7 kilometr uzunluğunda 110 kV-luq hava xətləri bərpa edilib. Hazırda 35/0,4 kV-luq "Kəlbəcər" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq "Çaykənd-Zod" kabel xəttinin çəkilməsi işləri aparılır. Laçın rayonunda da bir çox işlər görülüb, o cümlədən Azərbaycan-Ermənistan şərti dövlət sərhədi istiqamətində qurulan sərhəd-keçid məntəqəsini elektrik enerjisi ilə təmin etmək üçün 1,8 kilometr uzunluğunda 0,4 kV-luq kabel xətləri çəkilib və 160 kVA gücündə 2 transformator quraşdırılıb.
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ YAŞADAN MUĞAM MƏRKƏZİ
Dövlət başçısının və Birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin təməlini qoymaları görülən işlərin davamıdır. Mədəniyyətimizin vizit kartı muğam, eyni zamanda, xalqımızın malik olduğu milli mədəniyyətin koloriti, hər birimizin mənəvi və ruhi qidasıdır. Bütün azərbaycanlıların həyat hekayətinə çevrilən muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Artıq dünya ölkələrində Azərbaycan muğamı birmənalı olaraq qəbul edilmiş, dünyanın mədəni irs siyasında nadir əsər tək qorunur və təqdim olunur. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da layiqli töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına salınıb. Son illərdə muğam müsabiqələrinin keçirilməsi bu əvəzsiz sənət incisinin yaşadılması istiqamətində mühüm hadisə kimi tarixə düşüb. Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Regionlarda da Muğam Mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi inşa olunmuşdur. Daha sonra Fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyi açılmışdır. Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir.
AĞDAMDA BAŞ PLANA UYĞUN SALINAN YAŞAYIŞ MƏHƏLLƏLƏRİ
Bildiyimiz kimi, Ağdamda Xıdırlı kəndinin dövlət başçısı tərəfindən ötən il təməli qoyulmuşdur. Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.
Rayondan 6 kilometr məsafədə yerləşən Kəngərli kəndin də təməli qoyulmuşdu. Burada 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Artıq bir neçə gündən sonra - oktyabrın 10-da hər iki kəndin tikinti işlərinə başlanılacaq. Kəndlərdə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.
Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.
Mayın 2-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 2-ci yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Ümumi sahəsi 14 hektara yaxın olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumilikdə 1268 mənzil olacaq. Mənzillərdən 114-nün birotaqlı, 464-nün ikiotaqlı, 536-nın üçotaqlı, 154-nün isə dördotaqlı olması planlaşdırılır.
Məhəllədəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.
Elə həmin gün Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması da bu şəhərin parlaq və işıqlı gələcəyinindən xəbər verir. Dövlətimizin başçısına və xanımına Ağdam şəhər 1 saylı məktəbin yeni binasında tikinti işlərinin gedişi barədə məlumat verilib.burada 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq. Qeyd edək ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir. Bütün bunlala yanaşı, Prezident İlham Əliyevin Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olması, eləcə də Ağdam şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması, Ağdamın müasir infrastrukturla təmini və yenidən qurulması onun gələcək işıqlı gələcəyinə hesablanılıb. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI