Fərqli platforma, fərqli yanaşma, fərqli maraq
Bu gün bütün diqqət Vaşinqtona yönəlib və oradan gələcək xəbərlərə tamarzıdır. Ermənistan və Azərbaycanın XİN başçıları 30 illik münaqişəni sonlandırmaq, sülh müqaviləsi imzalamaq üçün ABŞ-da müzakirələr aparırlar. Keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıya Qarabağla bağlı vəd verdiyi barədə xəbərlər gəlməkdədir. Bəzi məlumatlara inansaq, üçtərəfli görüşün ilk günü Ararat Mirzoyan Ermənistan hakimiyyətinin Baş nazir Nikol Paşinyanın simasında Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımaqda qətiyyətli olduğunu və konfliktin nizamlanmasına qərar verdiyini deyib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ceyhun Bayramov isə Bakının Ermənistanın regiondakı iqtisadi və nəqliyyat-logistika layihələrində iştirakına maneə yaratmayacağını açıqlayıb. Vaşinqtondakı erməni nümayəndə heyəti bu xəbəri nə qədər ki, təkzib etməyib onun doğruluğuna şübhə yeri qalmır.
Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yardım alqışlana bilər. Əlavə edib ki, Bakı ilə İrəvan arasında vəziyyətin nizamlanmasına yardım yalnız Rusiya Federasiyası ilə birlikdə imzalanmış üçtərəfli sazişlər əsasında olduqda alqışlana bilər, çünki onlara alternativ yoxdur. “İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur. Müvafiq olaraq, hələlik bu üçtərəfli sənədlər alternativsizdir. Təbii ki, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən yardımı alqışlamaq olar. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandırmağa müxtəlif cəhdlər olur, hansı ki, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir”, – deyə Kremlin sözçüsü ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü şərh edərkən qeyd edib.

Ermənistan-Azərbaycan danışıqları ətrafında baş verən hadisələrin bəziləri sülh müqaviləsinin imzalanmasından yana olsa da bəzi yanaşmalarda prosesi ləngitmək niyyəti açıq-aydın ortadadır. Məsələ burasındadır ki, həm beynəlxalq sənədlər, həm də bugünkü reallıq iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında Azərbaycan variantını tam olaraq dəstəkləyir. Azərbaycan xeyli müddətdir ki, Ermənistana 5 baza prinsiplərindən ibarət sülh müqaviləsinin mətnini, yəni imzalanacaq sənədin ilkin şərtlərini göndərib. İrəvan isə bu şərtlərə qarşılıq qoya bilmədiyi üçün yalnız prosesi ləngitmək siyasəti aparır. Bu da məğlub Ermənistanı daha çətin duruma salır.
Vaşinqtonda Ermənistan və Azərbaycanın XİN başçıları sülh müqaviləsi ətrafında müzakirələri davam etdirirlər. Verilən ilkin məlumatlar belədir ki, tərəflər məsələnin həll olunmasına çalışırlar. Vətən Müharibəsindən əvvəlki hərbi-siyasi ab-havaya nisbətən bu gün müzakirələrin aparıldığı platformaların moderatorları tərəflər arasında fikir ayrılıqlarını çözməyə çalışırlar. Düzdür, hər platformanı təşkil edən ölkələrin maraqları fərqlidir, buna baxmayaraq beynəlxalq münasibətlər sistemi və qəbul olunmuş qayda və prinsiplər var. Öncə, ölkələrin ərazi bütövlüyünə xələl gəlməməlidir. Bundan sonrakı məssələlərin həlli isə asandır. Nəzərə alsaq ki, Ermənistan üzdə sülhdən danışsa da, hələ də Azərbaycana qarşı ərazi iddiasından tam olaraq əl çəkməyib. Danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv yolun səbəbi də budur. Ona yardım edən ölkələr də var. Həm çalışırlar ki, təşəbbüskar olaraq münaqişəni sona çatdırsınlar, digər tərəfdən də ikili standartlardan əl çəkə bilmirlər.
Xüsusi olaraq qeyd olunmalıdır ki, Cənubi Qafqazda köhnə düşmənlərin – ABŞ və Rusiyanın maraqları da toqquşur. Bir ölkənin təşəbbüsü, sülhə yönəlik addımı, digər tərəfdə qıcıq yaradır və yaxud əksinə. Bu gün Vaşinqtonda müzakirələr aparılır, Rusiyadan isə başqa mesajlar gəlməkdədir. Moskva Üçtərəfli Bəyannamədən danışır və bütün məsələlərin bu çərçivədə həllini istəyir. Halbuki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sənədində əsasən Qarabağla bağlı məqamlar yer alıb. Vaşinqtonda isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması müzakirə olunur. Bunlar fərqli-fərqli məsələlərdir. Paradoksal olsa da, Cənubi Qafqazda sülh uğrunda “müharibə” gedir.
Hər kəsi bir sual düşündürür, Qərbin Qafqazdakı planları nədir? Avropa Birliyi birmənalı olaraq Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllində maraqlı deyil. Onlar sərhəd gərginliklərindən Cənubi Qafqaza yerləşmək üçün istifadə edirlər. Məhz bu gərginliklərdən faydalanaraq məqsədlərinə çatmağa çalışırlar. 2022-ci ilin sentyabrındakı hadisələrdən sonra bölgəyə mülkü missiya göndərmək istəklərinin ardında dab u dayanır. Məsələ ondadır ki, Cənubi Qafqaz Asiya və Avropanın keçid qapısıdır. Yəni Avrasiyada balansı tutmaq istəyən hər kəs Cənubi Qafqazda möhkəmlənməlidir. Azərbaycan burada vacib ölkə olduğu üçün bu balansın öz üzərində qurulmasına təşəbbüs göstərir ki, doğrusu elə budur. Nəticə olaraq isə regionda dayaq nöqtəsi Azərbaycandır.
Bu arada Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib. Mesajda deyilir: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür”.
Kremlin Vaşinqton görüşü ilə bağlı mövqeyi demək istəyir ki, Bakı və İrəvan Vaşinqtonun, eləcə də Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır. Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır. Ancaq Kreml məsələləri qarışdırır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırki vasitəçiliyi isə Qarabağla deyil, Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlıdır. Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb. Blinken əvvəlcə Ararat Mirzoyan, sonra Ceyhun Bayramovla görüşüb, ardınca üçtərəfli görüş keçirilib. Görüşlər zamanı regionda təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində məlumat verib ki, Azərbaycan-Ermənistan danışıqları Rusiyanın deyil, başqa ölkənin iştirakı ilə keçirilir. Buna görə həmin danışıqlarda baş verən proseslər barədə birbaşa iştirakçılardan maraqlanmaq lazımdır. Qeyd edib ki, rəsmi Moskva danışıqların başa çatmasından sonra proses barədə öz şərhini verəcək: "Azərbaycan və Ermənistan XİN başçılarının Rusiyada görüşünün keçirilməsi məsələsinə gəlincə, biz bu barədə artıq danışmışıq. İrəvan və Bakı görüşün Moskvada keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüşün vaxtı barədə daha sonra məlumat veriləcək.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel isə bildirib ki, ABŞ Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir. "Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır", ABŞ rəsmisi deyib. Patel əlavə edib ki, hadisələri qabaqlamağa hazırlaşmır.
Göründüyü kimi, Ermənistanla Azərbaycan arasında sülhdən hamı danışır. Amma, məsələnin həllində fərqli yollar, uzlaşmayan məqamlar və fərqli maraqlar var. Rusiya təşəbbüsü əldən verməməyə çalışır, əslində isə Moskva təsirini azaltsa bölgəni tamamən itirəcəyini düşünür. İmkanları da yetərli deyil, Qərbin daimi basqısı altındadır. Qərb də məsələdə həlledici rola malik deyil, çünki Rusiya zəif olsa da hələ də Cənubi Qafqazdadır. Və buralardan sakincə getməyi də düşünmür. Hər üç Cənubi Qafqaz ölkəsi isə tərəflərdən heç birinin tam olaraq yanında olmağı qətiləşdirə bilmir. Ən azından ərazisinin növbəti döyüş meydanına çevrilməməsi üçün.
V.VƏLİYEV