PDF Oxu

Siyasət

  • 3 424

İranın Yaxın Şərqdə “AT OYNATMAQ PLANI” – TƏHLİL

İranın Yaxın Şərqdə “AT OYNATMAQ PLANI” – TƏHLİL

Silah-sursat axınına İranın son zamanlar maraqlı olması bir sıra məqamlara aydınlıq gətirən sullar doğurur. Rusiyaya silah axınını artıqmaqla İran nəyi planlaşdırır və bu ölkə hansı məqsədlər üçün plan qurur? Məsələ burasındadır ki, İranın belə silah-sursat axınına meyilli olması uzunmüddətli perspektiv baxımından regionda gərginliyin artmasına gətirib çıxara bilər. Amma görünür rəsmi Tehranı bu məsələ, yəni gərginliyin artacağı heç düşündürmür də. Elə isə molla rejimini düşündürən, maraqlandıran nədir və hansı plan qurula bilər?

İranın Rusiyanı silah-sursatla, kamikadze dronlarla təchiz etdiyini göstərən bəzi rəqəmləri dünyaca məşhur olan, çox nüfuzlu “Wall Street Journal” nəşri açıqlayıb. Nəşrin açıqlamalarına görə, son altı ay ərzində İran yük gəmiləri ilə Rusiyaya 300 mindən çox artilleriya mərmisi daşıyıb. Eləcə də bir milyondan artıq patron daşındığı da qeyd olunur. Bir sözlə, İranın silah-sursat axınında maraqlı olduğu, Rusiyaya silah daşıdığı barədə qeyd olunanlar heç də şayə deyil, artıq bütün dünyanın belə diqqətindən yayınmayan dəqiq məlumatlardır. Özü də bu məlumatların çox həssas bir məqamda, regionda təhlükəsizliyin, sülhün təminatına çalışıldığı bir zamanda açıq-aşkar şəkildə ortaya çıxması da təsadüfi deyil və təsdiq edir ki, İran bundan heç narahat da deyil, bunu gizlətmək də niyyətində olmayıb. Amma məsələ burasındadır ki, İran narahat olmasa da belə, bu rəqəmlər heç də nəzərdən qacaçaq statistik rəqəmlər deyil və narahatlıq üçün kifayət qədər əsas yaradır.

Çox maraqlıdır ki, Ukrayna ilə müharibə fonunda İran Rusiyaya silah axınını niyə həyata keçirur, müharibəni daha da qızışdırmaq üçünmü? Bəlkə rəsmi Tehran Ukraynada insan tələfatında maraqlıdır? Yaxud, Ukraynanın şəhərlərinin, yaşayış məntəqələrinin dağıdılması İrana hansısa mənada lazımdır? Hər halda bu sadalananların heç biri inandırıcı görnmür. Ona görə yox ki, İran insan tələfatına, dağıntılara qarşıdır. Xeyr, bu belə deyil və biz bunun əksini torpaqlarımız ötən əsrin sonlarında işğal olunanda da, ərazilərimiz 30 il işğal altında saxlanılanda da, 44 günlük müharibə dövründə də, eləcə də müharibədən sonrakı dövrdə də müşahidə etdik. Müşahidə etdik ki, İran tərəfi işğalçı ölkəni silah-sursatla təmin etməklə, separatçıları ruhlandırmaqla, işğala, təcavüzə, insan tələfatına rəvac verdiyinə görə heç peşiman da olmadı. Amma Rusiyaya silah axını məsələsində İranın heç də belə qeyri-humanist addımı deyil, tamamilə başqa niyyətlərinin olduğu ortaya çıxır. Hər bir halda, İranın öz yaxın ətrafında baş verənlərə həssas yanaşdığı inandırıcı görünür və bəlli olur ki, bu ölkənin məhz Yaxın Şərqdə hansısa planları var.

Doğrudur, İran indi Rusiyaya silah axınını həyata keçirməklə ruslara dəstək olmuş olur və bunu rəsmi Moskva da belə qəbul edir. Amma onu da qəbul edir ki, İran bunu səbəbsiz yerə, əvəzsiz etmir və Rusiyadan qarşılığını gözləyir. Məsələn, İranın Rusiyadan “Su-35” qırıcı təyyarələrini almaq niyyəti artıq bəllidir. Deməli, İran Rusiyanın Ukrayna ilə müharibəsi fonunda ruslara etdiyi yardım müqabilində Moskvadan adekvat addımların atılmasını gözləyir. Bir sözlə, İranın da öz növbəsində Rusiyadan alacaqları silahlarla bağlı planları var. Bu planlar isə sözsüz ki, Yaxın Şərqlə, regionla bağlıdır və görünür İran da bölgədə özünə yer tutmaq üçün rusların köməyini gözləyir, amma bütün bunlar olduqca təhlükəlidir və sabitliyə, sülhə böyük təhdid hesab olunur. Daha dəqiq desək, İran həmişə olduğu kimi, yenə də təhlükəli oyunlar oynayır və bunun üçün Moskvanın köməyinə də bu məqamda ehtiyac duyur.

Rəsmi Tehran çoxdandır ki, Cənubi Qafqazda Azərbaycanın və Türkiyənin ziddinə olan platformalarda çıxış etmək, hətta həlledici paya sahib olmaq niyyətindədir və bunun üçün də hər şeyə hazırdır. Hətta, bunun üçün Rusiyanın yardımına ehtiyac duyduğunu da gizlətmir. Əgər İran Rusiyaya silah axınını açıq-aşkar şəkildə həyata keçirirsə, deməli, bunu bilərəkdən nümayişkəranə şəkildə edir. Görünür, rusların da nümayişkəranə şəkildə adekvat addımlar atacağını gözləyir. Amma bərk yanılır, çünki bölgədə mövqeyini möhkəmləndirmək, “at oynatmaq” istəyən İrana Kreml qətiyyən kömək etmək niyyətində ola bilməz. Elə məhz Yaxın Şərqdə, Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək uğrunda güclü rəqabət hələ də davam edir və Rusiya bu fonda İrana heç bir halda dəstək verməz. Çox güman ki, rəsmi Tehran bunu da yaxşı başa düşür və nəzərə alır, lakin yenə də rusların ətəyindən bərk yapışıb. Sözsüz ki, bu da səbəbsiz deyil və İranın yenə də hansısa başqa planları olmaya bilməz.

Sirr deyil ki, Yaxın Şərq regionunda, xüsusilə də Suriyada Türkiyəni, İsraili sıxışdırmaqdan ötrü İran əldən-ayaqdan gedir. Bu niyyətinə Rusiyanı qatmaq istəməsi də təkzib edilə bilməz. Bir sözlə, rəsmi Tehran Moskva ilə ikibaşlı oyun oynayır. Hətta, bu, nəinki ikibaşlı oyun kimi görünür, eyni zamanda goesiyasi baxımdan belə müxtəlif istiqamətdə çirkin niyyətlərin olduğu ortaya çıxır. İran bu məqamda ABŞ-ın da mövqeyini nəzərə alır və Rusiya ilə bu ölkənin rəbabətindən istidadə edərək həmin o hegemon ölkəni də Yaxın Şərqdə sıxışdırmağa çalışır. Regionda belə maraqları toqquşan iki ölkənin, ABŞ və Rusiyanın qarşı-qarşıya gəlməsi Tehran üçün ən arzuolunandır və bir tərəfdən də buna çalışıldığı dərhal hiss olunur. Məqsəd isə bəllidir və İranın Yaxın Şərqdə “at oynatmaq planı” bu ölkənin elə başlıca məqsədi olduğu şübhə doğurmur.

ABŞ heç də İranın siyasəti ilə razılaşa bilmir və Vaşinqton bu vaxta qədər olduğu kimi, bundan sonra da Tehranla münasibətləri yaxşılaşdırmaq niyyətində deyil. Bunun bir çox səbəbləri var və əsas səbəblərdən biri, hətta birincisi İranın nüvə silahına sahib olmaq istəyi və niyyətidir. Sözsüz ki, bu niyyət belə amerikalılar üçün qəbuledilməzdir və İran tərəfi də bunu bilir. Bilir ki, ABŞ İranı nüvə silahına sahib ölkə kimi görmək, onun nazı ilə oynamaq fikrində deyil. Əksinə, buna hər vəchlə mane olduğu və olacağı gün kimi aydındır. Bütün bunların fonunda İran indi Rusiyaya yaxınlaşmaqla, əməkdaşlığa guya can atan kimi özünü göstərməklə, Kremlin dəstəyindən, köməyindən istifadə edərək nüvə silahına sahib olmaq niyyətindədir. Sözsüz ki, Tehranın bu istəyinin, arzusunun reallaşacağı ağlabatan deyil, çünki Rusiya özü də İranın nüvə silahına sahib olmasında maraqlı tərəf deyil. Hələ ki, İranın yaxınlaşmaq niyyətindən Moskva bu məqamda istifadə etmək, yararlanmaq üçün susur və silah axınına görə qarşı tərəfi narazı salmaq istəmir. Bununla belə, Rusiya heç bir halda, nəinki nüvə silahı əldə etməsi üçün İrana kömək etməyəcək, hətta buna bütün gücü ilə mane olacaq, çünki bu ölkələr tarix boyu bir-biri ilə barışmayan, müharibələr aparan, qarşı-qarşıya gələn, mövqeləri toqquşan imperiyaların varisləri hesab olunurlar və Möskva bu fonda Tehrana ancaq mane ola bilər, kömək edə bilməz.

Göründüyü kimi, İran son vaxtlar çox təhlükəli oyunlar oynamaqdan çəkinmir. İslam ölkəsi kimi tanınan İran öz niyyətini reallaşdırmaq üçün, nəinki rəqibi hesab olunan Rusiya ilə, hətta şeytanla da razılığa gəlməyə hazır olduğunu nümayişkəranə şəkildə göstərir. Tarixən düşmən olan ölkə ilə də əməkdaşlığa, iş birliyinə girmək üçün əldən-ayaqdan gedən İranın heç şübhəsiz ki, bir planı var. Heç şübhəsiz ki, bu plan, elə Yaxın Şərqdə “at oynatmaq” planıdır, amma görünən odur ki, İranın özü oynadılır və hələ daha təhlükəli oyunlara da sürüklənə bilər.

Digər xəbərlər