PDF Oxu

Siyasət

  • 2 298

"Tarix yazan Böyük Şəxsiyyət" - DƏYİRMİ MASA

"Tarix yazan Böyük Şəxsiyyət" - DƏYİRMİ MASA

Bu mövzuda "Səs" qəzetində dəyirmi masa keçirildi

"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Tarix yazan Böyük Şəxsiyyət" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılov, YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov, YAP Pirallahı rayon təşkilatının sədr müavini Məcid Əhmədov, tarixçi alim İlyas Hüseynov və Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Vəli Vəliyev ənənəvi olaraq "Səs" qəzetinin ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrlə bağlı dəyirmi masalar keçirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "2023-cü ilin Heydər Əliyev ili" elan olunması və Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə redaksiyamızda silsilə olaraq dəyirmi masalar keçirilir. "Səs" qəzeti olaraq cəmiyyətdə nüfuz sahibi olan bir neçə ziyalının iştirakı ilə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və formalaşdırılması istiqamətində gördüyü mühüm işlərə bir daha nəzər salmağa qərar verdik, - deyən qəzetinin əməkdaşı Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi.

O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxararaq uzaqgörənliyi, fədakarlığı, müdrikliyi ilə müstəqil dövlətimizin təməlini möhkəmlətdiyini diqqətə çəkdi: "Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Ulu Öndər Heydər Əliyev fenomeni, cəsarəti və müdrikliyi qoruyub-saxlayıb. Ulu Öndərin hakimiyyətə gəldiyi çətin ictimai-siyasi hadisələrlə müşahidə olunduğu o illərin canlı şahidi olmuş dəyirmi masa iştirakçılarının fikirlərini bölüşməsi yaxşı olardı".

"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:

- Elman müəllim, məlumdur ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz Müdrik Liderinə güvənməsi Azərbaycan dövlətçiliyini məhvolma təhlükəsindən xilas etdi. Çətin, ziddiyyətlərlə dolu bir dövdə Ulu Öndər hakimiyyətə gələrək, mövcud vəziyyətdən çıxış yollarını taparaq müstəqilliyimizin təməlini möhkəmləndirdi. O illərdə, Azərbaycanda baş verən hadisələri, qarşıdurmaları necə xarakterizə edərdiniz?

ÜMUMMİLLİ LİDER AZƏRBAYCANDA DEMOKRATİK İNKİŞAF PROSESİNİN ƏSASINI QOYDU

ELMAN NƏSİROV:

- Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə ölkəmizdə "2023-cü il Heydər Əliyev ili" elan olunub. Ölkəmizdə, eləcə də ondan kənarda çoxsaylı tədbirlər keçirilir. Bir ifadəni vurğulamaq yerinə düşər. Deyirlər ki, elə şəxslər var ki, onların ömrü xalqın ömrü qədərdir. Bu. həqiqətən də belədir. Heydər Əliyev, məhz belə şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu, məhz Ulu Öndərin adı ilə bağlıdır.
Qeyd edim ki, Fransa müqavimət hərəkatının lideri Şarl de Qoll faşistlərin viran qoyduğu və xarabazara çevirdiyi Paris şəhərinə 1944-cü ildə qədəm qoyarkən ürək ağrısı ilə bu sözləri söyləmişdi: "Fransada dövlətçilik yoxdur, deməli, heç nə yoxdur". O, fransızların itirilmiş dövlətçiliyini bərpa etdi. Fransızlar dövlətçilik qarşısında bu misilsiz xidmətinə görə, Şarl de Qolla minnətdardırlar.
Ümummilli Lider Heydər Əliyev də. ilk növbədə. Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni düçar olduğu xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı da dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə zəmanəmizin dühası Heydər Əliyevə əbədi olaraq minnətdardır. Bütün mənalı ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün əməli fəaliyyəti ilə doğma xalqının əbədi məhəbbətini qazanaraq, əsl Ümummilli Liderə çevrilmişdir. Ulu Öndər həmişə xalqla birgə olduğunu, onun taleyi ilə yaşadığını tarixi xidmətləri ilə sübut etmişdir. 1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra mövcud vəziyyət öz həllini tapmağa başladı.
Dahi Şəxsiyyət Heydər Əliyev 1993-cü il prezident seçkilərində xalqın səsini qazandı. Bundan sonra Azərbaycan xalqı, artıq tam əmin oldu ki, hakimiyyət sükanı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində, çox keçmədi ki, ölkə böhran vəziyyətindən çıxarıldı. Bütün sahələrin inkişafına xüsusi diqqət yetirildi. Xalqın sabahına hesablanmış mütərəqqi siyasət həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, "Əsrin müqaviləsi"nin imzalanmasına, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən Qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına öz töhfələrini verdi. Dahi Liderin düşünülmüş və müdrik siyasəti nəticəsində, qısa zamanda, Azərbaycan iqtisadiyyatı inkişaf etdi. Bununla da, Azərbaycanın iqtisadi tərəqqisi başlanmış oldu. Ümummilli Lider Azərbaycanda demokratik inkişaf proseslərinin əsasını qoydu.

AZƏRBAYCANIN BUGÜNKÜ UĞURLARININ MÜKƏMMƏL TƏMƏLİ

AMİN İSMAYILOV:


- Bu gün ölkəmizin hər bir yerində Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyası da Prezident İlham Əliyev tərəfindən "2023-cü ilin Heydər Əliyev ili" elan olunması ilə bağlı Fəaliyyət Proqramını təsdiq edib. Həmin Proqrama uyğun olaraq respublikanın bütün guşələrində, təşkilatlarda partiyanın digər təşkilatlarla müştərək olaraq tədbirlər təşkil olunur və bu davam etdirilir. Belə tədbirlərin tarixi əhəmiyyəti var. Biz o illəri yaşamış insanlarıq və həmin hadisələri gənclərə aşılamaq çox böyük əhəmiyyətə malikdir. Heydər Əliyev irsinin öyrənilməsi təkcə bir il "Heydər Əliyev ili" çərçivəsində keçirilən tədbirlərlə tamamlanmır. Bütün zamanlarda bu irs öyrənilməlidir.
Müstəqil dövlətimizin uğurlarından qürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanı qeyd etməliyik. Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdı. Müstəqilliyimizin ilk illərində siyasi hakimiyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Onun bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı. Sonrakı hadisələr daha müsbət məcralara yönəldi, ölkədə sabitlik yarandı və 1993-cü ilin oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmlətdi və əbədi etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.

(Ardı var)

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər