PDF Oxu

Siyasət

  • 3 152

Ulu öndər Heydər Əliyev-Əbədiyaşar müasir Azərbaycan dövlətçiliyinin memarıdır! ŞƏRH

Ulu öndər Heydər Əliyev-Əbədiyaşar müasir Azərbaycan dövlətçiliyinin memarıdır! ŞƏRH

"Ulu öndər", Azərbaycan xalqının “ümummilli lideri", Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993–2003), Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Təəssüflər olsun ki, başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

Gənc yaşlarında Heydər Əliyev 1941–1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Daha sonra 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Heydər Əliyev Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1944-cü ildən 1969-cu ilədək, yəni iyirmi beş il Dövlət təhlükəsizliyi orqanlarında çalışan Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. 1967-ci ildə Heydər Əliyevə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.

1969-cu il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Ümummilli lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına, xalqımızın xoşbəxt gələcəyinə bütün həyatını həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini saymaqla bitməz. Bunlardan Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli və s. misal göstərmək olar. Ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Təsadüfi deyil ki, dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Azərbaycan xalqının yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanan Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Ümummilli lider 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Ulu öndər Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Azərbaycanın çətin anında Ümummilli liderimizin ətrafında sıx birləşməyə, onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün qruplarını əhatə edirdi. Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin, bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan Ümummilli liderimiz Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ulu öndərimiz ziyalıların müraciətinə cavabında isə vurğulayırdı: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Artıq 29 ildir ki, Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Azərbaycanın siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Bu gün Ali Baş Komandanımız, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının diplomatik siyasəti ilə həm siyasi meydanda, həm də döyüş meydanında qalibdir. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə YAP-ın qurucusu Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, 9 noyabr tarixində Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. 1994-cü il oktyabr və 1995-ci il mart aylarında Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz resurslarından səmərəli şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qura bilmişdi və ölkədəki digər siyasi güclər onunla rəqabət apara bilmirdi. Onun prezidentliyi zamanında milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Belə ki, təcavüzkar silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu.Ulu öndər Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ümummilli lider Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Heydər Əliyevin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Ulu öndərimiz hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Onu da qeyd edək ki, 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Azərbaycanın əsas sənaye mənbəyi neft idi. Məhz ulu öndər Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Ulu öndər sayəsində yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.

Ümummilli lider Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Məhz bu hadisə xalqımızın döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Qeyd edək ki, ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir. Bütün sahələrə dərindən bələd olan ulu öndər Heydər Əliyev təbiətcə musiqinin vurğunu idi. İncə və həssas musiqi duyumuna, zövqünə malik olan, Azərbaycan və dünya mədəniyyətinin bədii nümunələrini həvəslə dinləyən, dövlət rəhbərliyində də, şəxsi həyatında da, ailəsində də musiqidən ayrılmayan, musiqi və musiqiçilər haqqında peşəkar musiqi tənqidçisi kimi çox dəyərli rəy və fikirlər söyləyən, musiqişünaslığın elmi fikir və ideyalar dairəsini zənginləşdirən, daim musiqiçilərlə dostluq edən Heydər Əliyevin həyat və fəaliyyətini musiqi mədəniyyətindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Qeyd edək ki, Heydər Əliyev hətta Zərifə xanımın müşayiəti ilə mahnılar ifa edərək bundan çox böyük zövq alırdı. Ulu öndərimiz musiqiyə dərindən bağlı bir şəxsiyyət kimi bu sənətə, onun yaradıcılarına, problemlərinə daim böyük diqqət yetirmiş, sənət adamlarına hörmət və ehtiramla yanaşmışdır. Musiqimizə, mədəniyyətimizə verdiyi yüksək qiymət və qayğı özünü, o cümlədən Heydər Əliyevin mədəniyyət işçilərinə münasibətində də göstərirdi. Ümummilli lider teatr tamaşasının premyerasında iştirakı və yaxud da teatrın truppasını qəbul etməsi, onlara yaradıcılıq uğurları arzulaması, neçə-neçə bəstəkarın, rəssamın, respublikada görkəmli muğam ustalarının yaradıcılıq gecələrinin, yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları mədəniyyətimizin həyatında önəmli rol oynamışdır. Ulu öndər Heydər Əliyev sevməklə yanaşı, həm də musiqini insanlara sevdirirdi. Bu ümummilli liderin böyük maarifləndirmə missiyasından irəli gəlirdi. O, yaşlı nəslin yaradıcılığına da çox böyük qayğı göstərmiş, gənc nəslin yaradıcılıq imkanlarının genişlənməsinə hərtərəfli yardım etmişdir. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü Azərbaycan tarixinə siyasi, sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun, müstəqillik ideallarının oyanışına güclü təkan vermişdir. Ümummilli lider Heydər Əliyev 15 may 2001-ci il tarixli fərmanı ilə EA-ya Azərbaycan Milli Elmlər Akademiyası statusu vermiş, beləliklə bu nəhəng elm təşkilatının Azərbaycan xalqı qarşısındakı xidmətlərini və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu faktını bir daha yüksək səviyyədə təsdiqləmişdir. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. O, yaxşı bilirdi ki, cəmiyyətin tərəqqisinə, elmin, mədəniyyətin inkişafına təsir göstərən ən qüdrətli vasitələrdən biri də təhsildir. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür. Ulu öndərin ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Dünya Azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir. 2003-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmiş və öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdü. 20 ildir xatirəsini hörmətlə andığımız Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur. Dərin hörmət və böyük ehtiramla ulu öndəri anırıq!

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər