PDF Oxu

Siyasət

  • 2 991

İkinci Atatürk, birinci ata Azərbaycan TƏHLİL

İkinci Atatürk, birinci ata Azərbaycan TƏHLİL

“İnsanların ən yaxşısı xalqına daha çox fayda verən adamdır!”

Əbdürrəhman Cami

Dünyaşöhrətli siyasi – xadim, Azərbaycan xalqının böyük oğlu, bütün türk dünyasının önəçli fəxri, Ümummilli Liderimiz ölməz Heydər Əliyev haqqında yeni söz demək, fikir yürütmək bizim üçün müşkül məsələdir. Belə dahilər haqqında yalnız dahilər ona layiq yaza bilər. Ancaq biz də şəriksiz liderimizə öz dərin məhəbbətimizi ifadə etmək məqsədindəyik. Türk dünyasının, Azərbaycan xalqının qədim tarixində zamanın gərdişini, həyatın nəbzini özünə tabe edən vətəninin, xalqının taleyinə dəyişikliklər yarada bilən görkəmli şəxsiyyətlər çox olub. Və belə görkəmli şəxsiyyərlərin də görkəmləri var. Daha doğrusu, alternativ olmayan şəxsiyyətlər var. Bütün türk dünyasının, Türkiyənin Mustafa Kamal Atatürkü kimi. BütünTürk dünyasının (burada ancaq fərqi var), Azərbaycanın Heydər Əlirza oğlu Əliyevi, Böyük Azərbaycanlısı, Ata Azərbaycanlısı kimi. Tarixi vərəqləsək, bu iki şəxsiyyətin dünyaya göz açmalarında, həyat və fəaliyyətində bir oxşarlıq, qanunauyğunluq var. Bu şəxsiyyətlərin eynilikləri sanki bir-birini tamamlayıb. Baxın:

Mustafa Kamal Atatürk 1881-ci ildə Türkiyənin mərkəzindən xeyli uzaqda liman şəhəri Salonkidə anadan olub, erkən yaşlarında atasını itirib. Çətin, böyük zəhmət hesabına təhsil alıb. Əsasən, hərbi məktəblərdə. Mustafa Kamal Atatürk banisi olduğu Türkiyə Respublikasının varlığı elan olunan ili Azərbaycanın mərkəzindən uzaqda-qədim Naxçıvan torpağında Azərbaycan xalqının, dövlətçiliyinin tarixində misilsiz rol oynayacaq Heydər Əliyev dünyaya göz açıb. Heydər Əliyev də erkən yaşlarında anasının himayəsində qalmalı olub. Zəhmətlə, ancaq əla qiymətlə oxuyub, ad-san qazanıb. İlk azərbaycanlı olub ki, SSRİ Dövlət Təhlükəsizlik orqanlarında yüksək rütbə, vəzifə qazanıb və nəhayət, dünya xəritəsindən silinmək ərəfəsində olan Azərbaycanı, böyük fəlakətlərə düçar olmuş Azərbaycan xalqını xilas edib. Dəmir iradəsi, iti zəkası, mahir siyasəti, mükəmməl liderliyi ilə yeni, müstəqil Azərbaycan yaradıb. Onun uzunmüddətli hərtərəfli inkişaf proqramını, yolunu mülayimləşdirib.

Böyük şairimiz Hüseyn Cavidin dediyi kimi:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

Heydər Əliyev fenomeninin ömrü xalqımızın tarixindən şərəfli yer tutur. Ömrünün gəncliklə müdrikliyinin qovuşduğu bir dövründə - 46 yaşında Azərbaycan, azərbaycanlılar üçün son dərəcə əhəmiyyətli bir yüksək dövlət vəzifəsinə təyin olunan Heydər Əliyev uzun illər Sovet imperiyasının daxilində itib-batmış bir respublikanı sürətlə inkişaf etdirərək dünyaya tanıtdı.

Sovet Azərbaycanın paytaxtı Bakıda dünya standartlarına uyğun zavodlar, fabriklər, saraylar tikdirdi. Tezliklə Bakı, Azərbaycan Sovet İttifaqında, eləcə də dünyanın hər yerində tanınmağa başladı. Azərbaycan kəndinin, rayon mərkəzlərinin siması kökündən dəyişdi, respublikamız həqiqətən geniş tikinti meydanına çevrildi. Azərbaycan əldə etdiyi nailiyyətlərə görə on beş respublikanın öndərindən biri oldu.

Dahi Nizami demişkən:

Ariflər olarsa ölkəyə rəhbər,

Tikan xurma olar, çaxmaq daşı zər.

Böyük istedada, nadir rəhbərlik qabiliyyətinə malik Heydər Əliyev Sovet İttifaqının ən mühüm liderlərindən biri kimi sovet respublikalarında təhsilin, mədəniyyətin inkişafına, tikintinin sürətinə böyük töhfələr verdi, BAM tikintisinə rəhbərlik etdi.Heydər Əliyevin böyük rəhbərlik tarixinin ən mühüm dövrləri isə şübhəsiz ki, doğma Azərbaycanla bağlıdır. Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə hər il SSRİ-in ali məktəblərinə 800-1000 azərbaycanlı dövlət hesabına oxutmağa göndərilirdi. 1981-ci ildə artıq Moskvanın, Leninqradın, Kiyevin qabaqcıl ali məktəblərində 44 ixtisas üzrə 3600-dən çox azərbaycanlı təhsil alırdı. 1983-1984-cü illərdə SSRİ-də aparılan məktəb islahatına Heydər Əliyev başçılıq etmişdir. Bu, Azərbaycan xalqı üçün böyük ittifaqdır. Təhsilə 6 yaşdan başlamaq, orta təhsil müddətinin 11 il müəyyən edilməsi, ümumi orta təhsilin icbari olması və buna dövlət təminatı və s. Heydər Əliyevin təşəbbüsünün bəhrəsidir.Əlçatmaz siyasi büronun, sovet rəhbərliyinin tərkibindən istefa verməyə məcbur olmuş Heydər Əliyev vətəninin ən çətin vaxtında Azərbaycanın parçalanması, dünya xəritəsindən silinməsi ərəfəsində özünü xalqının köməyinə çatdırdı. Azərbaycanı uçurumun dibinə yuvarlanmaqdan fövqəltəbii qüvvəsi ilə xilas etdi. Azərbaycan yenidən doğuldu. 1993-cü ilin 15 iyunu – Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın Qurtuluş günü oldu. Heydər Əliyevin təcrübəsi, iradəsi, siyasəti Azərbaycanda sabitliyi bərpa etdi.Müstəqil, suveren respublikanın Konstitusiyası qəbul olundu. Azərbaycan dili dövlət dili elan edildi. İqtisadi inkişaf yoluna qədəm qoyuldu. Azərbaycan təhsili dünya ölkələri ilə inteqrasiya mərhələsinə doğru addım atdı. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə hərtərəfli əlaqələr saxlayır. Gənclərimiz dünyanın ən inkişaf etmiş ölkələrində təhsil alırlar. Artıq Azərbaycan nefti dünya bazarına çıxmışdır. Bu, respublikamızın iqtisadi cəhətdən möhkəmlənməsinə təminatdır. Bununla da Azərbaycan inkişaf etmiş dünya ölkələrinin maraq dairəsinə çevrilmişdir və bu gün də dünyanın diqqət mərkəzindədir. Böyük ipək yolunun bərpası da Heydər Əliyevin fəaliyyəti ilə bilavasitə bağlıdır. Bakı Böyük İpək Yolunun mərkəzidir. Bu tarixi yolun baş qərərgahı isə Bakıdadır.Heydər Əliyev şəxsiyyəti dünyanın diqqət mərkəzində idi. Qardaş Türkiyədə həmişə böyük hərarətlə qarşılanan öndərimiz bütün ölkələr, xüsusilə, nəhəng Amerikada da eyni hərarətlə qarşılanırdı.

Dünya əhalisinin sayına görə 114-cü dövlət olan Azərbaycan lideri dəfələrlə “İlin Adamı” adına layiq görülmüşdür. Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi yönündə gördüyü işlər də xüsusi qeyd edilməyə layiqdir. Ancaq onun təşəbbüsü, fədakarlığı sayəsində dünyada Azərbaycan diasporu yaranmışdır. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 31 martın Azərbaycanlıların Soyqırımı günü elan edilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev tribunaya qalxanda bütün millətin qəlbi riqqətə gəlirdi. Xalq həmişə ondan yeni Ata sözü eşidirdi. Ümummilli Liderimizin sinədən etdiyi məruzələr, çıxışlar bir yerə toplanarsa, onlarca qalın cild kitablar yaranar, bu çıxışlarda redaktəyə heç bir ehtiyac yoxdur. Onların birini də dəyişmək, bir söz artırmaq və ya qısaltmaq mümkün deyil. Bu isə dərin təfəkkürün, böyük, nadir natiqlik isdedadının məhsuludur. Dünya Heydər Əliyev səxsiyyətinin daha bir uğurunun şahidi oldu. Azərbaycan xalqının, bütün türk dilli xalqlarının qədim və zəngin abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi Bakıda beynəlxalq səviyyədə böyük təntənə ilə qeyd olundu. Türkdilli dövlətlərin dövlət başçılarının Bakı zirvə toplantısı keçirildi. Bakı bəyannaməsi qəbul edildi. Ümumilli Liderimiz Heydər Əliyevin Azərbaycan Təhsilinin inkişafı üçün gördüyü tədbirlərin miqyası ölçüyə gəlməzdir. Öndərimiz özü dediyi kimi: “Bizim Təhsil sistemimizin məqsədi Azərbaycanın gələcək inkişafını təmin etməkdir”. Bu məqsədi həyata keçirmək üçün ölkəyə güclü təhsil sistemi lazım idi. Heydər Əliyev doğma dilimiz haqqında deyirdi: “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”.

Böyük lider Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, coğrafiyasının dərindən öyrənilməsini, öyrədilməsini tələb edir, tövsiyələr verirdi. Doğma dilimizə dərin məhəbbət və hörmət bəsləyən Heydər Əliyevin hələ totalitar sovet rejimində rəsmi dövlət tədbirlərində Azərbaycan dilində nitq söyləməsi böyük cəsarət idi. Azərbaycan dövlətinin müstəqilliyini təmin edən Ümummilli Liderimiz təhsilimizin inkişafı üçün mühüm tapşırıqlar, sərəncamlar verdi. Ən öncə 1995-ci ildə memarı olduğu konstitusiyamızda təhsilin inkişafını qanunla təmin edən maddələr öz əksini tapdı. 1999-cu ildə Təhsil Sahəsində İslahat Proqramının həyata keçirilməsi üçün sərəncam imzaladı və bu islahatın əsas məqsədini açıqladı:

-Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın. On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda Təhsil Sistemini dünya standartlarına çatdıra bilərik.

Heydər Əliyev Müəllim Peşəsinə yüksək qiymət verirdi:

Ömrünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır.

-müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir.

Böyük öndərimizin 13 iyun 2000-ci il tarixli “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında”, 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında” fərmanları, təhsil sisteminin (xüsusilə, təhsil müəssisələrinin) maddi bazasının möhkəmləndirilməsi, məktəb tikintisinə diqqətin artırılması haqqında tapşırıqları da təhsilimizin inkişafını təmin edən böyük tədbirlər idi.

Xalqa həsr olunmuş ömrün sahibi xalqa sevgisini belə ifadə edirdi:

“Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm. Bundan sonra da bu yolla gedəcəyəm. Başda yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, Müstəqil Azərbaycan Respublikasına hədsiz məhəbbətim mənim həyatımın mənasıdır, məzmunudur”. Xalqa həsr olunmuş ömür, xalqa həsr olunmuş ürək-Böyük Azərbaycanlı Heydər Əliyevin Böyük ürəyi son anına qədər xalq üçün döyündü. Yox, bu ürək dayana bilməz. Elə indi də xalqı üçün “döyünür”. Xalq belə düşünür. Əliyevsevərlər belə bilir. Çünki, neçə ki, Azərbaycan var, Heydər Əliyev yaşayır. Azərbaycan var həmişə də olacaq. Daha qüdrətli, daha firəvan! Azərbaycan da həmişə olacaq, Hedər Əliyev də!Heydər Əliyev Hər bir Azərbaycanlı üçün əzizdir və hər kəs onun amallarını yaşatmaq üçün əlindən gələni etməlidir. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədr müavini Qulamrza Səbri Təbrizi demişkən:

  • Bütün türk dünyası böyük oğlunun xatirəsini həmişə əziz tutacaq, onun amallarını yaşadacaq. Biz Azərbaycanlılar Azərbaycanın çiçəklənməsi naminə Onun gördüyü işləri davam etdirəcəyik.

Musa Əziz

YAP Kəlbəcər rayon təşkilatının Veteranlar Şurasının üzvü

Digər xəbərlər