Bu mövzuda "Səs" qəzetində dəyirmi masa keçirildi
(əvvəli ötən sayımızda)
"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Tarix yazan Böyük Şəxsiyyət" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, AMEA-nın müxbir üzvü, professor Amin İsmayılov, YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov, YAP Pirallahı rayon təşkilatının sədr müavini Məcid Əhmədov, tarixçi alim İlyas Hüseynov və Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Vəli Vəliyev ənənəvi olaraq "Səs" qəzetinin ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən hadisələrlə bağlı dəyirmi masalar keçirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "2023-cü ilin Heydər Əliyev ili" elan olunması və Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə redaksiyamızda silsilə olaraq dəyirmi masalar keçirilir. "Səs" qəzeti olaraq cəmiyyətdə nüfuz sahibi olan bir neçə ziyalının iştirakı ilə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və formalaşdırılması istiqamətində gördüyü mühüm işlərə bir daha nəzər salmağa qərar verdik, - deyən qəzetin əməkdaşı Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxararaq uzaqgörənliyi, fədakarlığı, müdrikliyi ilə müstəqil dövlətimizin təməlini möhkəmlətdiyini diqqətə çəkdi: "Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən Ulu Öndər Heydər Əliyev fenomeni, cəsarəti və müdrikliyi qoruyub-saxlayıb. Ulu Öndərin hakimiyyətə gəldiyi çətin ictimai-siyasi hadisələrlə müşahidə olunduğu o illərin canlı şahidi olmuş dəyirmi masa iştirakçılarının fikirlərini bölüşməsi yaxşı olardı".
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ZƏNGİN İRSİ BÜTÜN ZAMANLARDA ÖYRƏNİLMƏLİDİR
TƏHMASİB NOVRUZOV:
- Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin - tarixi Şəxsiyyətin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı məlum Sərəncama əsasən, Azərbaycan Respublikasında "2023-cü il Heydər Əliyev İli" elan edildi. Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş Ulu Öndər Heydər Əliyevin zəngin irsi, nəinki 2023-cü ildə, bütün zamanlarda öyrənilməli və təbliğ olunmalıdır. Aristotelin məşhur bir ifadəsi var: nə qədər ki, heç nə bilmirdim, elə bilirdim hər şeyi bilirəm. Hər şeyi öyrəndim, onda anladım ki, mən heç nəyi bilmirəm. Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyəti tanımaq üçün bizə onilliklər yox, yüz illər lazımdır ki, Onu dərindən dərk edək. Hələ sovet məkanında yaşadığımız illərdə SSRİ-nin ən nəhəng layihəsi olan Baykal-Amur Magistralının tikintisinin 1982-ci ildən dayandırılması məsələsi gündəmə gələndə də Sovet rəhbərliyində, məhz Heydər Əliyev buna qarşı çıxaraq, BAM-ın tikintisinə rəhbərliyin məsuliyyətini üzərinə götürür və uğurla bu makistralın tikintisini başa çatdırır. Bu barədə soruşanda Heydər Əliyev gülümsəyərək deyərdi: "Gedin, xəritəyə diqqətlə baxın, BAM bütövlükdə türk xalqalarının yaşadığı əraziləri əhatə edir və bu magistral burda yaşayan türk xalqları üçün həyati əhəmiyyətə malik qan damarı rolunu oynayır." Heydər Əliyev trk dünyası içində bir damar çəkdi və bilirdi ki, türk dünyası azad olacaq və azad yaşayacaqdır. Bu gün Baykal-Amur Magistralı türk dünyasını birləşdirir. Heydər Əliyev böyüklüyünü ifadə edən saysız faktlar var. Ötən əsrin 50-ci illərində Azərbaycan naminə gördüyü işlərə nəzər salsaq, Onun necə böyük Şəxsiyyət olduğunu bir daha görmüş olarıq.
Hələ SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi illərdə Sovet İttifaqı rəhbərliyi tərəfindən üç mindən artıq azərbaycanlının "vətən xaini"nin siyahısının Heydər Əliyevə verilməsi, onların axtarılıb tapılması və cəzalandırılması haqqında tapşırıq alması arxiv sənədlərində də əksini tapır. Lakin millətini canından da çox sevən və xalqının adına ləkə gətirə biləcək bu sənədlərdən onu xilas etməyi qarşısına məqsəd qoyan gənc xüsusi xidmət orqanı işçisi, Mehdi Hüseynzadə başda olmaqla həmin siyahıda olan neçə-neçə qəhrəman haqqında faktlar toplayıb, siyahının doğru tərtib edilmədiyinə sovet rəhbərliyini inandırır. Nəticədə "vətən xaini" adı ilə damğalanan həmin üç min nəfərə yaxın şəxsi və mənsub olduğu xalqı bu addan xilas edir. Sonradan, məhz Mehdi Hüseynzadə haqqında məşhur "Uzaq sahillərdə" romanının yazılması, eyniadlı filmin çəkilməsi, Bakının mərkəzində qəhrəmanın əzəmətli heykəlinin ucaldılması da birbaşa gənc DTK əməkdaşı Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə reallaşmışdır. Heydər Əliyev kimi Böyük Şəxsiyyət daim tədqiq olunmalıdır. 1969-cu ilin iyul ayında hakimiyyətə gələn Heydər Əliyev həmin dövrdən Azərbaycan xalqının tanınmış simalarını müdafiə etmişdir. Milli azadlıq hərəkatının əsasını hələ o illərdə qoymuşdur.
İLYAS HÜSEYNOV:
- Ölkəmizin hər bir guşəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Heydər Əliyevin keçdiyi həyat yoluna, onun fəaliyyətnə nəzər salsaq görərik ki, böyük bir yol keçmişdir. Bu yol Azərbaycan dövlətçiliyinin əsaslarını yaratdı. Hələ Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə yüksəltdi. Doğma xalqının böyük təəssübkeşi olan Ulu Öndər Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Həmin illər sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi Onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir.
Azərbaycan xalqının Xilaskar Oğlu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. XX əsrin 80-ci illərin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə malik olmaq arzusu, özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başladı. Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi böhranı aradan qaldırdı. Ölkədə qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu. Azərbaycan xalqının Ulu Öndərin azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi daha da möhkəmləndi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna olan hörmətdən, Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan yaranmışdı. Həqiqətən də, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. 1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiya çağdaş dünyanın ən mütərəqqi konstitusiyalarından biri olmaqla, suveren dövlətçilik tariximizdə yeni mərhələ açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdi. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi. Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub - saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir.
"AZƏRBAYCANIN GƏLƏCƏYİ SİZ GƏNCLƏRSİNİZ"
MƏCİD ƏHMƏDOV:
- Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Ölkəmizdə gənclərin potensialının düzgün istiqamətlənməsinə yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Bu sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Ulu Öndər gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşmış, Onun bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclərdə bir canlanma baş verdi. Heydər Əliyevin "Azərbaycanın gələcəyi siz gənclərsiniz", - deməsi gənclərə ruh verdi. Ötən əsrin 90-cı illərinin əvvələrində gənclərdə bir ruh düşkünlüyü var idi. Bunu Heydər Əliyev aradan qaldırdı. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu ictimai-siyasi institut gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynadı və gənclərin fəaliyyətində böyük dönüş yaratdı. Ümummilli Liderin Gənclər Forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq, Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Ulu öndər Azərbaycan gəncliyinə hələ sovet dövründə də diqqət yetirmiş və onların təhsilinə xüsusi diqqət ayırmışdır.
Bu gün dövlət gənclər siyasəti ölkə başçısı Cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, onların potensialından düzgün istifadə məqsədilə davamlı olaraq tədbirlər keçirilir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.
Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bugünkü gənclik mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir. Hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Yüksək milli ruhlu gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan gənclər siyasətinin nəticəsidir ki, gənclər mütəşəkkil, vətənpərvər, geniş dünyagörüşlü və mübariz gənclərdir.
Nəzakət ƏLƏDDİNQIZI