PDF Oxu

Siyasət

  • 3 064

Ümummilli lider Heydər Əliyevin milli təəssübkeşliyi ŞƏRH

Ümummilli lider Heydər Əliyevin milli təəssübkeşliyi ŞƏRH

1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial sahələrində olduğu kimi, elm və təhsildə də azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə məqamları hədəf alaraq gələcəyə köklənmiş strateji məqsədləri əhatə edirdi. Elm və təhsil strategiyasını milli maraqlara bağlayan Heydər Əliyev Azərbaycanın elmi potensialını tez bir zamanda artırmağı hədəf alaraq respublikanı SSRİ-də ön sıralara çıxarmağı bacardı. Onun respublikaya rəhbərlik etdiyi birinci dövr elmi potensialın yüksəldilməsi, xaricdə təhsil alan tələbələrin sayının artırılması, yüksək ixtisaslı kadrların hazırlanması işinin intensivləşməsi, yeni təhsil və elm sahələrinin açılması, ilk hərbi məktəbin təşkili və digər milli-strateji əhəmiyyətli fəaliyyətlə xarakterizə olunur.

Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməl prinsipi olan vətənpərvərlik tərbiyəsi hər bir sahədə olduğu kimi, Azərbaycan tarixi məsələlərində də ön planda idi. Respublikamızda tarix elminin tədqiqi və təhsili işinin yüksəlişi də Heydər Əliyevin hakimiyyətinin birinci dövründən başlamışdır.

Heydər Əliyevin sovet rejimi dövründə tarix - arxeologiya sahələrinin dirçəldilməsinə və inkişafına xüsusi diqqət yetirməsi təsadüfi deyildi. Belə ki, XX əsrin 70-ci illərində ermənilərin ərazi iddiaları bir daha baş qaldırmışdı. Ulu öndər bu iddiaların qarşısını almaq məqsədi ilə ölkənin qabaqcıl tarixçilərinə müraciət etmiş, erməni siyasətçilərinin və onların havadarlarının hücumlarına elmi əsaslarla cavab verilməsinə nail olmuşdu.

Respublikada ictimai elmlərin tədrisi sahəsində işlər daim diqqət mərkəzində idi. Azərbaycan Dövlət Universitetində Tarix fakültəsinin yuxarıda göstərilən kafedraları ilə yanaşı, 1980-ci ildə "mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrası yaradıldı. 1981-ci ildən etibarən isə "Qədim dünya və orta əsrlər tarixi” kafedrası fəaliyyətə başladı. Bu kafedraların açılması tarix elminin tədrisində səmərəli şaxələnmə kimi qiymətləndirilə bilər. Dövrün ideoloji təsirlərinə baxmayaraq tarix fakültəsində belə kafedraların, fakültələrin açılmasının tarix elminin tədrisinin keyfiyyət artımına təsiri danılmazdır.

Hələ kommunist rejimi dövründə Heydər Əliyevin uzaq gələcəyə yönəlmiş tədbirləri sırasında Naxçıvan tarixinin tədqiqi və təbliğinin ön plana çəkilməsi də əsas məsələ kimi qarşıda dururdu. Məhz həmin illərdə XII əsrin mədəniyyət abidəsi olan Möminə Xatun məqbərəsi yanında memarlıq və incəsənət muzeyi təşkil olundu. Naxçıvan MR-də 1970-ci ildə cəmi iki muzey var idisə, 1980-ci ildə onların sayı dörd, 1985-ci ildə isə on birə çatdırıldı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 70-ci illərdə və 80-ci illərin əvvəllərində Naxçıvan şəhərində və Şahtaxtı kəndində görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin, Naxçıvan şəhərində görkəmli sərkərdə C.Naxçıvanskinin, Ordubad şəhərində yazıçı-dramaturq M.S.Ordubadinin, akademik Y.Məmmədəliyevin ev muzeyləri yaradılmışdı.

Sovet illərində milli-mənəvi dəyərlərin qorunması məsələsi də ulu öndərin möhkəm iradəsi ilə mümkün olmuşdur. Milli-mənəvi dəyərlərin Azərbaycan tarixi məsələləri ilə birgə ideologiyanın qurbanına çevrilməsi Heydər Əliyevin bilavasitə xüsusi incə yanaşması ilə qorunmuşdur. Bu, azərbaycançılıq ideologiyasının təməl prinsipi idi. Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən uğurlu xidmətlərindən biri xalqımızın görkəmli simalarının, elm və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi sahəsində həyata keçirdiyi qətiyyətli tədbirlərdir. Onun Azərbaycan SSR-ə rəhbərliyi dövründə Bakıda, digər şəhərlərdə çoxlu görkəmli xadimlərimizin ev muzeyləri fəaliyyətə başlamışdı.

Ulu öndər xüsusilə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti ortaya çıxaran əsərlərin yaradılmasını daha çox diqqət mərkəzində saxlayırdı. Bəxtiyar Vahabzadənin "Latın dili” şerinin və "Gülüstan” poemasının, İsmayıl Şıxlının "Dəli Kür” romanının və filminin, "Dədə Qorqud”, "Babək”, "Bir cənub şəhərində”, "İstintaq” filmlərinin, "Şəhərin yay günləri” tamaşasının məhz 70-ci illərin məhsulu olması, "Qobustan” ədəbi-publisistik jurnalının nəşri bu baxımdan təsadüf sayıla bilməz. Bütün bunlar ümummilli lider Heydər Əliyevin vətənpərvərliyinin, xalq təəssübkeşliyinin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Ulu öndərin hakimiyyətinin birinci dövründə humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi. "Azərbaycan tarixi” yeddicildliyində ictimai elmlərin nümayəndələrinin formalaşaraq inkişaf etmələri böyük rəhbərin bilavasitə qayğısı nəticəsində baş verdiyi qeyd olunmuşdur. Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov, Tofiq Köçərli, Qaraş Mədətov, Mahmud İsmayılov və b. Azərbaycan tarixinə aid, Məmmədağa Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov, Əlövsət Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə aid, Əziz Şərif, Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Azadə Rüstəmova və başqaları Azərbaycan ədəbiyyatına aid, Aslan Aslanov, Firudin Köçərli, Fuad Qasımzadənin fəlsəfəyə aid, Əhməd Mahmudov, Asəf Nadirov, Ziyad Səmədzadə, Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və digərlərinin başqa elmlərə aid tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə böyük rol oynamışdı. O, UNESCO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı planının hazırlanmasında fəal iştirak etmişdi.

XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.

Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsət alması, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin ("Vətən” Cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı. Məhz elə bu diqqətin sayəsində onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək biliyə yiyələnmişdir. Bu kadrların çoxu yenidən Azərbaycana qayıtmış və respublikanın ümumi inkişafına öz töhfələrini vermişdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdı. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər isə bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərmişlər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər Əliyevin Moskvada sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu olmuşdur. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.

XX əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanmasına elmi əsaslarla zəmin yaratdı. Azərbaycan gənclərinin milli ruhda formalaşması, vətənpərvərlik tərbiyəsi özsəmərəli nəticəsini verdi. 70 il sovet rejiminin ağır ideoloji təsirləri altında vətəndə və SSRİ-nin müxtəlif şəhərlərində təhsil alıb formalaşan gənclər məhz 1980-ci illərin sonunda başlamış milli hərəkatda hərəkətverici qüvvə oldular. Milli özünüdərk, milli şüur öz bəhrəsini verdi. Azərbaycan öz müstəqilliyini bərpa etdi.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər