Heydər Əliyev Azərbaycan üçün dahi bir insan ömrünə sığmayan işlər görmüşdü: mikrorayonlar salmış, saraylar tikdirmiş, yüzlərlə yeni zavod və sənaye müəssisələri tikdirmiş, gəncləri qabaqcıl universitetlərə göndərmiş və bunun kimi. Bu işlərin əksəriyyəti maddi və mənəvi dəyərlərimizi zənginləşdirmişdir. Ulu öndər bu işlərin bir neçəsini qürurla özünün şah əsəri saymışdır. Mlli əhəmiyyətinə görə bu işləri sıraya düzsək, əlbəttə, müstəqil dövlət quruculuğu birinci yerdə durar.
DÖVLƏT QURUCULUĞU
İnsanlar düzgün qərarlar qəbul etməklə şəxsiyyətə, dövlətlər düzgün qərarlar qəbul etməklə qüdrətli dövlətə çevrilir.
Heydər Əliyev 2-ci dəfə hakimiyyətə gələndə jurnalistlərin sual selinə cavab verməli olurdu. Jurnalistləri isə böhranlar içərisində boğulan Azərbaycanı bu vəziyyətdən necə xilas edəcəyini Heydər Əliyevdən soruşurdular. Heydər Əliyev hər suala cavab verməklə bərabər, ümumiləşmiş və müdrik cavabları da var idi:
a) "Biz nazik sap üstündə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun".
b) “Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq. Bunu elə yaratmalıyıq ki, bu, daim yaşasın. Bunu heç bir qüvvə heç vaxt, heç bir yana əyə bilməsin. Bunun üçün də hər kəs, bu müstəqilliyi qorumaq üçün sadiq olmalıdır. Və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.
Tarixi postulatların birində deyilir ki, tarixi unudanlar onu təkrar yaşayırlar. İkinci demokratik Azərbaycan dövləti təzədən yıxılmaması üçün bir neçə şərt ödənilməlidir:
• müstəqilliyə sadiq olmaq;
• ağılla və məharətlə hərəkət etmək;
• milli və dövlət mənafeyini şəxsi mənafedən üstün tutmaq;
Bu fikirlər ziyalılar tərəfindən bəyənilirdi və üzlərini Heydər Əliyev partiyasına tərəf çevirirdilər. Ulu öndər ziyalılardan mövqelərini bildirməyi istəyirdi. BDU professoru Şamil Qurbanov: “Bilməm mövlam nə edəcək, bilirəm ki, nə etsə gözəl edəcək” məqalə ilə mövqeyini tez bildirdi. Sonra da Heydər Əliyev siyasətinə parlamentdə xidmət etdi.
Müstəqilliyimizin 10 illiyini “Gülüstan” sarayında bayram edəndə ulu öndər cavan dövlətimizin on illik tarixinə belə nəzər saldı.
“Azərbaycanda müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi 1995-ci ildən böyük vüsət aldı. Bunun əsasını da Azərbaycanın qəbul etdiyi Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olubdur;
Ulu öndər 6 ilə müasir Azərbaycan dövlətini qurdu. Bu səbəbdən də deyirik: Heydər Əliyev “Müasir Azərbaycan dövlətinin banisi və qurucusudur”. Bayram tədbirində Azərbaycan Prezidenti Heydər Əliyev bəyan etdi:
“Mən tam əminəm ki, biz on il böyük yol keçərək, ağır yol keçərək müstəqilliyimizi qoruyub saxlaya bildiksə, onu möhkəmləndirə bildiksə, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət yarada bildiksə, bu dövlətin bütün təsisatlarını yarada bildiksə, demək, Azərbaycanın gələcəyi üçün çox əsaslı, çox möhkəm bir təməl qoymuşuq. Biz öz üzərimizə düşən missiyanın birinci, ən çətin hissəsini yerinə yetirmişik".
Prezident öz missiyasının birinci hissəsi yerinə yetirdiyini dedi. Qaldı ikinci hissə, hələ Qarabağ erməni işğalı altındadır. Allahın hökmü ilə Qarabağı işğaldan oğul Əliyev azad edəcəkdir və etdi də. Müzəffər Ali Baş komandan dünya eşitsin deyə gur səslə bəyan etdi: Qarabağ Azərbaycandır! Dünya onu Qarabağın fatehi kimi qəbul edir.
Prezident Heydər Əliyev çıxışlarınında deyərdi ki, müstəqilliyi qazanmaq asandır, ancaq onu qorumaq çətindir. Bu cətin işin öhdəsindən gəlmək üçün hər kəsdən qeyrət tələb olunur. Bu niyyətlə dövlətimizin banisi deyirdi:
“Əgər kimsə Azərbaycan dövlətinə xəyanət edəcəksə, mən son damla qanıma qədər mübarizə aparacam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir prezident kimi də durmuşam, duracam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”.
YAP İH iclaslarının birində Sirus Təbrizli dedi ki, sovetlərdə ağıl olsaydı, Andropovdan sonra gərək sizi rəhbər seçəydilər. Bu fikrə Heydər Əliyevin reaksiyası cəld oldu:
“... yenə də Sirus Təbrizliyə müraciət edirəm. Mən o vaxt bunu, yəni o hökumətin başında olmağımı arzu etmirdim. Arzu edənlər çox idi. Mənim arzum ancaq və ancaq öz xalqıma xidmət etməkdən ibarət olmuşdur və qəlbim həmişə bununla yaşamışdır. Ona görə də əgər indi Sirus Təbrizli hirslənirsə ki, bu olsaydı yaxşı olardı, ya bu yaxşıdır, - mən deyirəm ki, mən müstəqil Azərbaycana rəhbərlik etməyi, prezident olmağı dünyada heç bir şeylə dəyişə bilmərəm”.
YAP-ın YARADILMASI
YAP-ın yaradılması prosesi əsasən 1992-ci ildə “Əlincə” cəmiyyətində və BDU-da prof. Murtuz Ələsgərovun kabinetində gedirdi. Yüzlərlə BDU müəllimlərindən cəmi 20 -30 nəfəri bu prosesi dəstəklədilər. Onları minnətdarlıqla xatırlayaq: Murtuz Ələsgərov, Səfiyar Musayev, Sabir Hacıyev, Əli Əhmədov, Şahlar Əsgərov, Tofiq Hüseynov, Əli Nağıyev, Məzdək Hüseynov, İsgəndər Quliyev və digərləri. Rəhmətə gedənlərə Allah rəhmət eləsin, qalanlarına cansağlığı arzulayaq. Bununla bərabər BDU-da əks proseslər də gedirdi. Sonradan bu prosesin tərəfdarlarının çoxu YAP-a üzv oldular.
YAP Naxçıvan təsis konfransından I qurultayına qədər 7 il yol gəldi. Partiyanın birinci qurultayında Azərbaycan Prezidenti və YAP sədri Heydər Əliyev geniş məruzə ilə çıxış etdi. Gedilən yolu, görülmüş işləri təhlil etdi və partiyanın durumunu belə qiymətləndirdi:
“Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə malik, ən böyük hörmətə malik olan siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”.
Partiyaya şəxsi mənafe baxımdan gələnlər də var idi. Zaman onları saf- çürük etdi. Bu məqamla bağlı partiyamızın sədri belə dedi:
“... kim Yeni Azərbaycan Partiyasına hansısa şəxsi məqsəd, təmənna, hansısa konyuktur məqsədlər üçün gəlmişdisə, onlar partiyadan kənarlaşdılar. Əgər bu gün belələri varsa, mən güman edirəm, dərk etməlidirlər ki, onların yolu partiyanın yolu ilə düz gəlmir”.
Partiya Sədri YAP-ın yaranması yolunda cəfakeşlik edənləri də yaddan çıxarmadı: “Yeni Azərbaycan Partiyasının veteranları, bizim alimlərimiz, çox yüksək səviyyəli ziyalılarımız Yeni Azərbaycan Partiyasının qızıl fondudur”. Heydər Əliyev özünün partiyaya mənsubiyyətini bu cümlələrlə ifadə etdi: “Məni sevindirən budur ki, dediyim o ağır şəraitdə Naxçıvanda bizim keçirdiyimiz konfrans partiyanın bu qədər böyük inkişaf yolunu təmin etdi və partiya bu gün belə gözəl, möhtəşəm sarayda iki gündür öz qurultayını keçirir. Mən sizinlə bərabər fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm və Yeni Azərbaycan Partiyasının sədriyəm. Heydər Əliyev YAP-ın yaradılmasını özünü ikinci şah əsəri hesab etmişdir.
TƏHSİL
Heydər Əliyev təhsil sahəsinə xüsusi diqqət yetirirdi. Təhsilin başqa sahələrdən fərqləndirilməsini istəyirdi. Təhsil sistemi, təhsil ocaqları, müəllim, tərbiyə, alim, universitetlər haqda 150-dən çox dəyərli kəlamları vardır. Misal üçün bir kəlamında uşaqların, gənclərin təhsili haqda deyir: “Dünyaya gələn körpələr, birinci sinfə qədəm qoyan uşaqlar, ali məktəblərə daxil olan gənclər, müstəqil Azərbaycan Respublikasının bu gününü, gələcəyini təmin etmək üçün təhsil, bilik almalıdırlar”. Heydər Əliyev irsin nə qədər zəngin və dərin olduğunu başa düşmək niyyəti ilə bir misal çəkmək istəyirəm. Sovetlər zamanı ali məktəblərə sərt qəbul imtahanı iki səbəbdən aparılırdı: a) birinci səbəb iqtisadi idi. Dövlətin bütün gənclərə təhsil verməyə gücü çatmırdı. Ali məktəblərdə hər 100 gəncdən cəmi 33 nəfəri təhsil alırdı; b) ikinci səbəb siyasi idi. Moskva istəmirdi ki, milli respublikalarda kütlə lazım olandan çox savadlı olsun. Çünki ona orta savadlı gənclər daha çox lazım idi ki, zavodlarda işlətsin və ya tarlalarda pambıq yığdırsın. Ulu öndər bu antimilli sui-qəsd nəzəriyyəsinin çəpərlərini aşmaq üçün hər il 1000-lərlə gənci SSRİ -nin qabaqcıl universitetlərinə göndərilməsini siyasi yolla həll etdi. Milli mənafe baxımından bu, çox böyük uğur idi. Və bu işi özünün növbəti şah əsəri sayırdı. Ulu öndər Bakı metrosunu da özünün şah əsəri hesab edirdi: “Mən 1969-cu ildə rəhbərliyə gələndə Bakı metrosunun uzunluğu 9,6 km idi. Mən Moskvaya gedəndə metronun uzunluğu 31,6 km oldu”. “Heydər Əliyev İli”ndə dahi şəxsiyyət Heydər Əliyevin şah əsərlərindən söhbət açdıq. Qismət olarsa, başqa bir zamanda, başqa bir məkanda Onun irsindən, fəlsəfəsindən və aforizmlərindən daha geniş söz açarıq. Səmimiyyətlə, minnətdarlıq hissi ilə dahi şəxsiyyət Heydər Əliyevi minnətdarlıqla yad edirik. Mənim gənclərə tövsiyəm: ulu öndərin aforizmlərini öyrənsəniz, tez kamilləşərsiniz. Heydər Əliyevin daxili aləmi, fəlsəfəsi onun kəlamlarında toplanıbdır. Dahilər ölmürlər, dünyalarını dəyişirlər.
Prof. Şahlar Əsgərov,
YAP Veteranlar Şurasının üzvü, əməkdar elm xadimi