Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bu, Ümummilli Liderimizin zəngin həyat yolunun və müstəsna fəaliyyətinin hərtərəfli tədqiq olunaraq geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Sərəncam əsasında respublikamızın bütün guşələrində müxtəlif tədbirlər keçirilir ki, bu da Heydər Əliyev şəxsiyyətinin müasir dövlətçilik tariximizdə əvəzsiz yerinin və rolunun tədqiqinə mühüm töhfə olacaq.
Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti tarixi, coğrafi, siyasi və mənəvi nöqteyi-nəzərdən ölçüyəgəlməzdir. Çünki Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın tərəqqisinə, xalqın ali mənafeyinin, dövlət maraqlarının qorunmasına, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görmüş, Azərbaycan naminə taleyüklü uğurlara imza atmış, Azərbaycanı zirvələrə yüksəldən tərəqqi və Zəfər yolunun möhkəm təməllərini yaratmışdır.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Türk dünyasının böyük oğlu, müdrik dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin müstəsna xidmətlərindən və zəngin dövlətçilik irsinin çox mühüm istiqamətlərindən biri xalqın maraqlarına, tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövrün çağırışlarına cavab verən modern dövlət quruculuğudur. Bu kontekstdə plüralizm və bərabərlik prinsiplərinə, sivil və demokratik dəyərlərə əsaslanan müasir siyasi sistemin yaradılması və ardıcıl, məqsədyönlü ictimai-siyasi, hüquqi islahatlar vasitəsilə təkmilləşdirilməsi xüsusi əhəmiyyətə malikdir.
Ümummilli liderimiz Heydər Əliyev hələ sovetlər dönəmində - hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş ittifaq miqyasında ən geridə qalan respulikalar sırasından ən inkişaf edən respublika sırasına çıxarmışdır. 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlüksəzindən xilas etdi, müstəqilliyimizin dönməzliyi təmin olundu. Həmin dövrdə qısa müddət ərzində daxili böhran aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa edildi və Azərbaycan inkişaf və tərəqqi yoluna qədəm qoydu. Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və ictimai-siyasi reallıqlara uyğun həyata keçirdiyi strateji kursun çox mühüm istiqamətlərindən biri müasir, hüquqi dövlət quruculuğunun reallaşdırılması və siyasi sistemin təkmilləşdirilməsi oldu. İctimai-siyasi sabitliyin, vahid milli ideya – azərbaycançılıq ideologiyası əsasında vətəndaş həmrəyliyinin, milli birliyin təmin edilməsi, siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi, müstəqillik dönəminin ilk Konstitusiyasının hazırlanaraq ümumxalq səsverməsi - referendum əsasında qəbul edilməsi, kütləvi informasiya vasitələri üzərində senzuranın aradan qaldırılması kimi addımlar siyasi plüralizmin təmin olunmasına, ictimai-siyasi və hüquqi şüurun yenilənməsinə, siyasi sistemin təkmilləşməsinə və Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət edən mühüm tədbirlər oldu. Eyni zamanda, Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasəti də plüralizm və bərabərliyin təmin olunmasına, ictimai-siyasi münasibətlərin və siyasi sistemin inkişafına əhəmiyyətli töhfə olmuşdur.
Əminliklə söyləmək olar ki, müasir müstəqil Azərbaycanın inkişaf siyasətinin müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Cənab Prezident İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunda dövlətçiliyin gücləndirilməsi mühüm prioritetlərdəndir. Prezident İlham Əliyevin milli maraqlara, modern çağırışlara və qlobal tendensiyalara adekvat islahatlar proqramı ölkəmizin davamlı inkişafının əsas şərtlərindən biridir.
Cənab İlham Əliyev ATA vəsiyyətini yerinə yetirdi, dövlət başçımızın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı qədim, tarixi şəhirimiz Şuşanı işğaldan azad etdi! Bu şanlı Zəfər xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Ona görə də, bu gün Ulu Öndərimizin ruhu şaddır. Özünün ərazi bütövlüyünü bərpa edən Azərbaycan dövləti bu gün cənab Prezidentin liderliyi ilə daha da güclənir və qüdrətlənir. Heydər Əliyev siyasəti isə bundan sonra da müstəqil Azərbaycanın inkişaf yoluna daim işıq saçacaq!
Anar Abbasov
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini