Bildiyimiz kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur və bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Respublika səviyyəsində bütün sahələri əhatə edən istər dövlət orqanlarında, istərsə də özəl sektorlarda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfranslar, seminarlar, dəyirmi masalar, müxtəlif tədbirlər keçirilir, Ulu Öndərin abidəsi ziyarət olunaraq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Yüksək milli əxlaq nümunəsi olan ümummilli liderimiz Heydər Əliyevin fenomenal irsi və mənalı həyat yolunun fəal təbliği bu günlərdə xüsusi əhəmiyyət kəsb edir, gənc nəslin milli-mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə edilməsi üçün ulu öndər Heydər Əliyev şəxsiyyətinə müraciət olunur, ulu öndərimizin şanlı həyat yoluna ekskursiya etməklə bu dahi insanın həyatı milli örnək kimi yeniyetmələr arasında geniş təbliğ edilir. Heydər Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran zəngin irsinin öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir.
Ulu öndər Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri azərbaycanşünaslığa böyük hədiyyədir. Zamanın sifarişinin bəhrəsi olan bu əsərlər xalqın tarixi salnaməsidir. Böyük natiqlik qabiliyyətinə, dərin zəkaya, məntiqi ardıcıllığa, iti zehnə malik olan bu böyük insan öz əsərlərini xalq qarşısındakı çıxışlarında, dinləyicilərinin qarşısında yaratmışdır. Ulu öndər Heydər Əliyevin xalqla təmasda, ictimai-siyasi yığıncaqlarda, əsgər səngərlərində, qaçqın düşərgələrində, rəsmi dövlət tədbirlərində, beynəlxalq məclislərdəki hər bir nitqi Azərbaycanda dövlət quruculuğu proqramının, milli dövlətçilik ideologiyasının əsasını təşkil etmişdir.
Zəmanəmizin böyük filosofu olan ümummilli lider Heydər Əliyev qiymətli ideyaları, sağlam azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə idi. Dünya azərbaycanlılarının birliyini təmin edə biləcək ən təsirli vasitənin vahid ideologiyanın olduğunu qətiyyətlə bilən ulu öndər Heydər Əliyev xalqı bir ideya, bir məqsəd ətrafında birləşdirmək üçün məhz “Azərbaycançılıq” ideologiyasını seçmişdi. Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan, ideyaları, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, əsrlər keçəcək, nəsillər dəyişəcək və bu siyasi irs yaşayaraq Azərbaycan xalqının gələcəyinə işıq saçacaqdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanan ulu öndər haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından məharətlə çıxarmış və ayrı-ayrı zamanlarda mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, ulu öndər Heydər Əliyev haqqında danışmağa zaman, yazmağa isə sətirlər yetməzHər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev məhz belə bənzərsiz, dahi, tarixi şəxsiyyətdir. Ümummillil lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan, türk dünyasının qüdrətli şəxsiyyətlərindən biridir. Geniş bilik və dərin təfəkkür sahibi olan ulu öndər Heydər Əliyev öz siyasi dühası, düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider. Bu üç fenomenal keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı rol misilsizdir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil və müasir Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran ümummilli lider Heydər Əliyevin xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir. Ulu öndər hər zaman bu fikri səsəndirirdi: “Azərbaycan dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının vətənidir”. Bu sözlər ulu öndər Heydər Əliyevin nə qədər tolerant bir şəxsiyyət olmasından xəbər verirdi. Əbədi müstəqillik tarixi yazan Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ulu öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri