Tarixdə elə insanlar var ki, onların həyatı və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyən edir. Azərbaycan Raspublikasının Ulu öndər Heydər Əliyev belə bir şəxsiyyət idi. Azərbaycanın inkişafında əvəzsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev, XX əsrin ən böyük şəxsiyyəti hesab olunur. Onun ömür yolu vətənə, xalqa, millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir. Azərbaycanın fəxri, qüdrətli dövlət xadimi və əyilməz siyasətçi Heydər Əliyev öz parlaq fəaliyyəti ilə, dünya azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə yüksəlmiş, Azərbaycan xalqının yaddaşında və qəlbində izzətin və səlahiyyətin həddi-hüdudu olmayan polad iradəli bir lider kimi qalmışdır.
Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ümumxalq bayramı kimi qeyd olunmaqda davam edir. Hazırda ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin parlaq, silinməz izi hiss olunmasın. Ulu Öndər Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti müasir Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyinin inkişafı və möhkəmlənməsi tarixidir. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi yüksəlişi və tərəqqisi ilə əlamətdar olmuşdur.
Heydər Əliyev Azərbaycan tarixində keçmiş SSRİ kimi bir dövlətin siyasi rəhbərliyinin zirvəsinə yüksəlmiş, dünya şöhrətli, görkəmli və nüfuzlu dövlət və siyasət xadimlərindən biri olduğunu əməli fəaliyyəti ilə sübut edən yeganə liderdir, xüsusən Azərbaycan SSR KQB-nin sədri, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışıb.
1969-1982-ci illərdə hakimiyyətdə olduğu dövrdə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın yaradıcılıq salnaməsinə ən mənalı səhifələr yazmışdır. Bu illər, respublikanın tarixinə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil oldu. Heydər Əliyevin respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə, Azərbaycan keçmiş SSRİ-nin inkişaf etmiş respublikalarından birinə çevrildi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və başqa şəhər və rayonlarda yeni sənaye müəssisələri, ali təhsil müəssisələri, muzeylər, teatrlar, kitabxanalar açıldı. Mövcud neft maşınqayırma və neft emalı zavodlarının, eləcə də kimya müəssisələrinin yenidən qurulması prosesinə başlanılmışdır. Heydər Əliyevin səyləri ilə Azərbaycan SSR pambıqçılıq və üzümçülükdə qabaqcıl rayon kimi tanındı. Ulu Öndərin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Azərbaycan ədəbiyyatının, incəsənətinin və mədəniyyətinin dünya miqyasında tanınması idi. O dövrün əlamətdar hadisələri Azərbaycan ədəbiyyatının və incəsənətinin görkəmli nümayəndələrinin respublikadan kənarda keçirilən yubileyləri, Nizami Gəncəvi, Nəsimi kimi dahi Azərbaycan şair və mütəfəkkirlərinin yubileyləri olmuşdur. Uzaqgörən lider Heydər Əliyev, Azərbaycan gənclərinin SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsil almasına şərait yaratdı. Yüksək ixtisaslı mütəxəssisə çevrilmiş o dövrün gəncləri, sonralar müstəqil Azərbaycanın möhkəmlənməsinə xidmət etmişlər. O dövrün mühüm hadisələrindən biri də Bakıda C.Naxçıvanski adına milli hərbi kadrlar hazırlayan məktəbin açılması oldu.
1982-1985-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışaraq, Heydər Əliyev dünyada ən böyük nüvə silahı ehtiyatına malik nəhəng ölkənin liderlərindən biri olub. Lakin 1987-ci ildə Qorbaçovun siyasəti ilə razılaşmadığı üçün, Heydər Əliyev bütün vəzifələrindən istefa verdi. Beləliklə, Heydər Əliyev Sovet İttifaqının əsas siyasi xadimlərindən biri və belə yüksək vəzifəyə çatan yeganə azərbaycanlı oldu.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında nadir şəxsiyyət, geniş siyasi təfəkkürə və müdrikliyə malik yüksək peşəkar və mahir lider kimi qalmışdır. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan müstəqil dövlət oldu. Heç bir xalq üçün bundan böyük hadisə yoxdur. Ulu Öndər müstəqil Azərbaycanı sürətlə inkişaf və tərəqqi yoluna çıxardı. 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq münasibətlərdə dönüş yarandı. Ümummilli Lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində, Azərbaycanda dövlətçilik ənənələrini dirçəltmək, müstəqilliyi möhkəmləndirmək, inamla irəliləmək, ölkənin beynəlxalq nüfuzunu sürətlə artırmaq mümkün olmuşdur. O, dövlət müstəqilliyinin ilk illərində həyati əhəmiyyət kəsb edən sahələrin inkişafı istiqamətində mühüm addımlar atdı, Azərbaycanı beynəlxalq arenaya çıxardı. Azərbaycan dövləti bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığa başladı. Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində, qısa müddətdə ölkə iqtisadiyyatı inkişaf etməyə başladı. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın zəngin təbii sərvətlərini dünya bazarlarına çıxardı. Neft gəlirlərinin ölkənin hərtərəfli inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına yönəldilməsi, Heydər Əliyevin gələcək fəaliyyətində əsas yer tuturdu. Düzgün qurulmuş xarici və daxili siyasət nəticəsində, Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirib. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafında, dünyaya inteqrasiyasında mühüm rol oynadı.
Heydər Əliyevin şəxsiyyəti, görkəmli dövlət və siyasi xadim kimi həyat və fəaliyyəti müasir Azərbaycan tarixinin parlaq səhifəsidir. Ulu öndər böyük azərbaycanlı idi. Daim Vətənin, xalqın taleyini düşünən Heydər Əliyev müasir Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı və yaradıcısı kimi daxil olmuşdur. Ümummilli Liderin həyatı xalqımızın bu günü və gələcəyi ilə bağlıdır. 1995-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə, müstəqil Azərbaycanın Konstitusiyası hazırlanaraq ümumxalq referendumunda qəbul edildi. Bu konstitusiya qanunu dövlətçilik yolunda atılan ən böyük addım idi. İnsan hüquq və azadlıqları prinsiplərinin bərqərar olması üçün möhkəm zəmin yaratdı.Heydər Əliyevin istedadı, vicdanlılığı, cəsarəti və böyük vətənpərvərliyi Azərbaycan Respublikasının suverenliyini və müstəqilliyini möhkəmləndirmək naminə, Azərbaycan xalqını ruhlandırmışdır və bu gün də ruhlandırır. Heydər Əliyev ideyaları öz davamını və həyata keçirilməsini cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətində tapmışdır. Xalqımız isə müstəqil və demokratik Azərbaycanın rəhbəri kimi cənab İlham Əliyevə tam dəstəyini və ən böyük etimadını ifadə etdi və bu gələcək qələbələrimizin təminatına çevrildi.
Bu gün Azərbaycan xalqı çox fəxr edir. Çünki onun 30 ildir can atdığı Qarabağ, 44 günlük Vətən müharibəsində, Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun şücaəti ilə erməni işğalçılarından azad edilib. Azərbaycanın əldə etdiyi uğurların əsasında cənab Prezident İlham Əliyevin iradə və qətiyyəti, Ümummilli Liderin siyasi-mənəvi irsinin layiqincə davam etdirilməsi dayanır. Əbədiliyin zirvəsinə ucalan Ümummilli Lider Heydər Əliyev nəsillərə örnək olmuş şəxsiyyətdir. Onun mübarizə və qələbələrlə zəngin fəaliyyəti bu günün və gələcəyin insanları, xüsusən də gənclər üçün əsl tərbiyə məktəbidir.Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün Azərbaycanı zirvədən zirvəyə, qələbədən qələbəyə aparır və bu ideyalar Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Onun yaratdığı müstəqil Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəmlənir, inkişaf edir və dünyanın sivil dövləti kimi tərənnüm olunur. Bu, Ulu Öndərimizin, Ümummilli Lider Heydər Əliyev şanlı yolunun, strategiyasının qələbəsidir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü