PDF Oxu

Siyasət

  • 2 490

Yeni əsrin yeni LİDERİ TƏHLİL

Yeni əsrin yeni LİDERİ TƏHLİL

Son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib

Zəngin tarixə malik olan Azərbaycan xalqı müxtəlif zamanlarda çətin sınaqlara məruz qalmış və bu ağır, üzücü problemləri uzaqgörən, müdrik lideri vasitəsi ilə həll edib, aradan qaldıra bilmişdi. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etsə də, səristəsiz, idarəetmədə bacarıqsız dövlət rəhbərlərinin səhv siyasət aparmaları səbəbindən dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Məhz belə ağır dövrdə xalqın çağırışına səs verən Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götüməklə dövləti və xalqı bəlalardan xilas edə bildi. Bu baxımdan xilaskar lider Heydər Əliyevin adı xalqın simvoluna, xeyirli, gərəkli fəaliyyəti isə hünər rəmzinə çevrilib. Millət Ona olan ehtiramını, sonsuz sevgisini, ona Ümummilli Lider adını verməklə nümayiş etdirib. Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi respublikamızın dirçəliş dövrü kimi qeyd olunursa, xalqın səsinə səs verərək hakimiyyətə ikinci gəlişi Milli Qurtuluş günü olmuşdur. Əminliklə demək olar ki, bugünkü güclü, qüdrətli Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Qurulan bu dövlətin sükanı arxasında Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin olması Azərbaycana yeni-yeni uğurlar gətirməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2003-cü il prezident seçkiləri ərəfəsində söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri son 20 ildə öz uğurlu nəticəsini bütün sahələrdə təsdiq etməkdədir.

Azərbaycanı dünyanın iqtisadi mərkəzinə çevirən lider

Ölkəmizin sosial, iqtisadi sferada, elm, mədəniyyət, hərbi və siyasi sahələrdə mütərəqqi nailiyyətlər əldə etməsi onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin zəfər yolunu ləyaqətlə davam etdirir. 2003-cü il oktyabrın 1-də Dahi Öndər Heydər Əliyev xalqa müraciət edərkən demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə makro-iqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuşdur. Təkcə bir faktı qeyd etmək lazımdır ki, ötən 20 il ərzində Azərbaycanın valyuta ehtiyatları 40 dəfə artmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir. Hazırda qəbul edilən dövlət proqramlarının bir qismi başa çatdırılmış, digərləri isə uğurla icra olunmaqdadır. Ölkə iqtisadiyyatına qoyulan investisiyanın həcmi də hər il artmaqdadır. Ötən 20 il ərzində Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa, Bakı - Novorossiysk neft və Bakı - Tbilisi - Ərzurum neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Xarici investisiyanın ölkə iqtisadiyyatına cəlb edilməsi nəticəsində Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artmışdır. Təbii ki, maliyyə daxil olunmaları müxtəlif sosialyönümlü layihələrin icrasına, əhalinin sosial vəziyyətlərinin yaxşılaşmasına, yeni iş yerlərinin artmasına xidmət edir. Beynəlxalq maliyyə fondlarının gəldikləri qəaətə və açıqladıqları illik hesabatlara görə, Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən dövlətdir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılıb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb. Davos İqtisadi Forumunun açıqladığı hesabata görə, “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib. Əldə olunan maliyyə imkanları qeyd edildiyi kimi, əhalinin sosial iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına cəlb edilib. Bu baxımdan, 2003-cü ildən keşmiş qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülmüş və qısa müddətdə ölkədəki bütün çadır düşərgələri, fin tipli qəsəbələr ləğv edildi, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırılmışdır. Son 20 ildə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib.Ölkədə səhiyyə islahatları da uğurla reallaşır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikildi, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən quruldu, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazandı.Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. Şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara dövlət tərəfindən 11 min manat vəsait verilməsi həyata keçirilib. Prezident İlham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təstiq etdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Prezident İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdəndir. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tuturdu. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuşdur. “The Business Year” jurnalı Prezident İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uğurla icra olunmuş və əminliklə demək olar ki, artıq qarşıya qoyulan bütün məqsədlər həll edilmişdir. Beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə geniş və əhatəli əlaqələr quran Azərbaycan bununla dünyada ən etibarlı tərəfdaş ölkə olaraq tanınır və qəbul edilir. Məhz bu etibarın və inamın nəticəsi olaraq Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi dövlətimizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycanın Sədrliyi dövründə Qoşulmama Hərəkatı ən dinamik inkişaf dövrünü yaşamışdır. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının təsis olunması Azərbaycanın prinsipial fəaliyyətinin nəticəsidir. Ötən il iyunun 30-da keçirilən Bakı konfransında Prezident İlham Əliyev Parlament Şəbəkənin əhəmiyyətindən danışarkən demişdır: “Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”. Ötən ilin iyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradıldı. Təşkilatın dünya gənclərinə müraciəti beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanmışdır.

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

Azərbaycanın və dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev tarixi çıxışlarının birində demişdir: “Heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz”. Bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirmişdir. Bütün şəhər və qəsəbələrdə, kənd və rayonlarda yeni idman qurğuları qurulur, yaxud yeniləri inşa edilir, idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə, Azərbaycan tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olunması ölkəmizə olan inam və etimadın bariz nümunəsidir. Azərbaycan 42-ci Dünya Şahmat Olimpiadasına, qadınlar arasında voleybol üzrə Avropa çempionatına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bakıda artıq 7-ci ildir ki, dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula-1 Avropa Qran-Prisi keçirilir. Azərbaycan Rio Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atdı. Tarixdə ilk dəfə hesabına 18 medal yazan milli komandamız medal sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu. 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ötən ilin də hər il olduğu kimi, Azərbaycan idmanı üçün uğurlu il olduğunu demişdir: “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir” - “Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər”

Ata vəsiyyətini yerinə yetirən Lider

2018-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi bir daha xalqımızın Ona inandığını, etimad və etibar etdiyini, daxili və xarici siyasətini dəstəklədiyini göstərir. Xalqın dəstəyi, ordunun qüdrəti, Müzəffər Ali Baş Komandanın Sərkərdəlik məharəti işğal altında qalan torpaqlarımızın azad edilməsini hədəflədi. Bir zaman ən adi silahları xaricdən alan Azərbaycan 2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin hesabına özü müasir silah və texnika istehsal etməyə başladı. Nazirliyin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur.Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü. 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətənin müdafiəsi, düşmənin yerində oturdularaq işğal altında olan torpaqların azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Müzəffər Ordumuzun 44 günlük savaşda 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyifsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”.

İşğaldan azad edilmiş ərazilərə yeni həyat qayıdır

Bu gün işğaldan azad edilmiş torpaqlarımız rahat nəfəs alır. Keçmiş qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Hər yerdə quruculuq, abadlıq işləri həyata keçirilir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin başlayan Böyük Qayıdış davam edir. Zəngilan rayonunun Ağalı kəndinin sakinləri öz yurd-yuvalarına dönür. Ağalı kəndi ölkəmizdə ilk dəfə olaraq “Ağıllı kənd” konsepsiyasına uyğun olaraq tikilib və yüksək innovasiyalarla təchiz edilib. "Böyük Qayıdış" layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb. “Ağalıya köçürülən sakinlərin hər biri işlə təmin olunur. Onlar dövlət qurumları və ayrı-ayrı təşkilatlarda çalışırlar."Böyük Qayıdış" layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər hər il artmaqdadır. 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir. Eyni zamanda işağdan azad edilmiş ucqar kənd və qəsəbələrə belə yeni magistral avtomobil yolları salınır. Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilan Beynəlxalq Hava Limanının açılışının olması, 2024-cü ildə Laçın Hava Limanının açılışının nəzərdə tutulması Qrabağda yeni həyatın qaynar və axarlı olacağını göstərir. Cari ilin oktyabrın 20-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan Hava Limanının açılışının ölkəmizin həyatında çox əlamətdar hadisə olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir.Bütün bunlara görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə və bu siyasəti uğurla davam etdirərək ölkəmizə yeni-yeni qələbələr bəxş edən Prezident İlham Əliyevə minnətdarıq, təşəkkürlər edirik. İnanırıq ki, çox yaxın vaxtlarda Xankəndi-Laçın yolunun başlanğıcında qurulan sərhəd-keçid məntəqəsi düşərli olacaq və Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə və digər ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq.

İ. ƏLİYEV

Digər xəbərlər