“Xalqımız Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edir və nə qədər Azərbaycan var Heydər Əliyev də olacaqdır. Xalqımız bugünkü müstəqil, güclü, qalib Azərbaycana görə Ümummilli Lider Heydər Əliyevə borcludur. Prezident İlham Əliyevin Ulu Öndərin 100 illiyi ilə əlaqədar 2023-cü ilin “Heydər Əliyev ili” adlandırılması vətəni və dövləti sevən hər kəsin ürəyindən olmuşdur”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev ili çərçivəsində ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Ümummilli Liderə həsr olunmuş elmi-praktik konfranslar, müsabiqələr, müxtəlif formatlı tədbirlər keçirilir, arxiv araşdırmaları aparılıb yeni materiallar dərc edilir: “ Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi irsi çox şaxəli və zəngindir. İctimai-siyasi, sosial-iqtisadi həyatımızın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndərin imzası olmasın. Ulu Öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etmişdir. Hər dəfə rəhbərliyə gələndə respublika ağır günlərini yaşayırdı. Ulu Öndərə həmişə çətin vəziyyətdə olan ölkəni xilas etmək missiyası qismət olmuşdur. Sovet Azərbaycanı da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 12 ildə böyük inkişaf yolu qət etmişdir. Belə ki, aqrar respublika sənaye respublikasına çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi 1970- 1982-cı illərdə Azərbaycanda milli gəlir 2,3 dəfə, sənaye məhsulu 2,2 dəfə, kənd təsərrüfatı 2,25 dəfə artmışdır. 220-dən çox sənaye müəssisəsi istifadəyə verildi. 64 iri dövlət sənaye müəssisəsi tikildi. Azərbaycan ittifaq büdcəsindən dostasiya alan respublikası səviyyəsindən gəlirlə işləyən ikinci respublikaya çevrildi. İnsanların sosial vəziyyəti kifayət qədər yaxşılaşdı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini müstəqillikdə görürdü. Ona görə də, sovetin çətin illərində Azərbaycan dilini dövlət dili kimi konstitusiyaya daxil edildi, milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət yetirir, gəncləri ittifaqın aparıcı ali məktəblərinə göndərir və Bakıda Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olur.
Azərbaycan 90-cı illəri ağır nəticələrilə qarşılayır. 1993-cü ildə 1991-ci illə müqayisədə büdcə kəsiri 23,8 milyon manat olmuşdu. İxracın həcmi 50% azalmışdı. ÜDM 90-cı illə müqayisədə iki dəfə azalmış, sənaye istehsalı 63%, kənd təsərrüfatı istehsalı 47%, əhalinin həyat səviyyəsi 3,6 dəfə aşağı düşmüşdü. Hakimiyyətdə olanların təcrübəsizliyi ölkəni xaosa sürükləmiş, torpaqlar sürətlə işğal olunur, qaçqınların sayı hər gün artır, vətəndaş müharibəsi başlamış və separatçı meyillər dərinləşirdi. Ölkənin bu ağır günündə Ulu Öndər hakimiyyətə qayıdır və dövlət müstəqilliyini və xalqıın taleyini böyük faciələrdən xilas edir. Məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın əsl müstəqillik dövrü başlayır. Dövlətin bütün strukturları formalaşdırılır, nizami ordu yaradılır, iqtisadi islahatlara başlanılır və neft strategiyası qəbul olunur. 1996-cı ildən başlayaraq Azərbaycan inkişafa qədəm qoyur və xalqın sosial rifahı yaxşılamağa başlayır. Dünya siyasətçiləri Ümummilli Lider Heydər Əliyevə təcrübəsinə, bacarığına, natiqliyinə və məsələlərə zamanında münasibət bildirilməsi istedadına görə çox yüksək dəyər verirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcəyini dünya siyasi sisteminə inteqrasiya olunmasında görürdü. Beynəlxalq tribunalardan etdiyi çıxışlarda Ulu Öndər ərazicə kiçik olmasına baxmayaraq böyük bir Azərbaycan haqqında fikirləri formalaşdırırdı”.
A.Badamov onu da bildirdi ki, Ulu Öndərin yaratdığı dövlətçiliyin möhkəm təməlləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünyanın siyasi sisteminə inteqrasiya olunur, torpaqlarını işğaldan azad edərək qalib ölkəyə çevrilmişdir: “Bu gün Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu olan üçrəngli bayrağımız Şuşada dalğalanır. 2023-cü ili Ümummilli Liderin 100 illiyinə həsr etməklə Heydər Əliyev məktəbinin gənc nəsillərə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxlu işlər görülür”.
GÜLYANƏ