Yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı ictimaiyyət arasında böyük rəğbət və sevinclə qarşılanıb
Dağıdıcı xislətli müxalif ünsürlər düşdükləri böhranlı durumdan çıxa bilmədiklərini dərk etdiklərindən, çıxış yolunu milli və dövlətçilik maraqlarına zərbə vurmaqda görürlər.Yəni əsas hədəf ondan ibarətdir ki, müxtəlif məzhəkələr hesabına ən azı mətbuatın diqqət mərkəzinə çevrilsinlər. Ancaq görünən ondan ibarətdir ki, müxtəlif funksionerlərinin iflası qaçılmazdır. Azərbaycanı istəməyən bəzi məkirli təşkilatların ayırdığı qrant Ə.Kərimli, A.Hacılı və digərləri üçün milli maraqlardan daha önəmli hesab olunur. Xaricdəki "söyüş qrupu"nu, eləcə də, adlarını "hüquq müdafiəçi"ləri qoyan özləri kimi ünsürlərin himayədarları rolunda çıxış etməklə, bir daha xalqdan ayrı düşən qüvvələr olduqlarını nümayiş etdirdilər. Baxmayaraq ki, AXCP ilə Müsavat heç zaman bir araya gələ bilmir. Bir-birini sıradan çıxarmaq, sanki onların əsas fəaliyyət istiqamətləri olub. Ancaq bu məsələdə bir yerdədirlər. Çünki xarici qrant verən ağaları belə istəyir. ADP sədri Sərdar Calaloğlu da mətbuata verdiyi açıqlamasında Ə.Kərimli və A.Hacılını tənqid edib, onları ucuz şoular hesabına siyasi dividend qazanmağa cəhddə ittiham edib. ADP sədri S.Calaloğlu Ə.Kərimlinin xaricdən maliyyə dəstəyi almaq üçün hər cür çirkin addım ata biləcəyini də istisna etmir: "Digər tərəfdən, beynəlxalq təşkilatlardan özlərinin təşkilatlanması adı ilə maliyyə dəstəyi almaq üçün dəridən-qabıqdan çıxırlar. Bununla da, müxalifət adını monopoliyalaşdırırlar".
S.Cəlaloğlu onu da bildirib ki, Ə.Kərimlinin özünü "radikal" adlandırmasının arxasında nə dövlətə, nə millətə, nə xalqa xeyir vermək məqsədi güdülür. Çünki Ə.Kərimli istər ölkədə, istərsə də ölkədən kənarda yaşanan geopolitik durumları, ölkədə baş verən müsbət prosesləri nəzərə almır və bir qayda olaraq, süni gərginlik yaratmaqla məşğuldur. Burada da yalnız bir niyyət var: mümkün qədər dünyanın demokratiyaya verdiyi dəstəyi özünə və partiyasına aid etmək: "Ancaq çox təəssüf ki, bu adamın özü demokratiya üçün, demokratiyanın inkişafı üçün heç bir iş görməyib. Bundan sonra da görəcəyini düşünmək sadəlövhlük olardı. Belə ki, onun özünün demokratiya haqqında anlayışı yoxdur. Bax, faciə də budur. Digər tərəfdən, ölkəmizdə milli maraqların təminatı ilə bağlı hər hansı məsələ müzakirə olunanda, biz bunları və Əli Kərimlini ortada görmürük". ADP sədri AXCP sədri Ə.Kərimlinin "Milli Şura"da oturaraq, milli-dövlətçilik maraqlarını satmaqla məşğul olduğunu da bildirib: “Ə.Kərimli bu gün də Rusiya layihəsinin əsas icraçılarından biridir. İ.Qəmbər vaxtında bunu anlayaraq, "Milli Şura"nı tərk etdi. Ə.Kərimli düşünür ki, Rusiya yenidən Azərbaycanı öz təsiri altına salmaq üçün hərəkətə keçər. Ona görə də o və ətrafı bir alət kimi ortalığa düşəcəklər".
AXCP üzvü: “Dövlətçilik mənafeyinə zidd fəaliyyət yolu tutmaq satqınlığa, xəyanətə bərabər fəaliyyətdir”
AXCP sədri Ə.Kərimlinin müxalifəti gözdən salan fəaliyyəti artıq Müsavatla yanaşı, KAXCP, ADP, "REAL" və digər təşkilatlar tərəfindən kəskin şəkildə pislənilir. Bu səbəbdən də, müxalifətin bəzi partiya yetkililərilə AXCP arasında ciddi konfliktlər yaranıb. Daha doğrusu, onsuz da sərin olan münasibətlər Ə.Kərimlinin düşük hərəkətlərindən sonra daha da gərginləşib. Xüsusilə də, bu üzdəniraq məxluq hər fürsətdə dövlətçilik maraqlarına qarşı cəfəng fikirlər yayması, açıqlamalar verməsi sağlam siyasətin aparılmasının tərəfdarı olan sıravı üzvləri ciddi narahat edir. AXCP üzvü Cavid Axundov özünün facebook-dakı səhifəsində qeyd edib ki, dövlətçilik mənafeyinə zidd fəaliyyət yolu tutmaq satqınlığa, xəyanətə bərabər fəaliyyətdir: “Etiraf olunmalıdır ki, Azərbaycanda demokratik dövlət quruculuğu istiqamətində geniş islahatlar həyata keçirilir. İnsanlar fundamental azadlıqlarla təmin olunur. Söz və mətbuat azadlığı istiqamətində geniş işlər həyata keçirilir. Azərbaycanda 55 siyasi partiyanın, 3 mindən çox qeyri-hökumət təşkilatının, 10 minə yaxın saytın, çap mediasının qeydiyyata alınması və normal şəkildə fəaliyyət göstərməsi demokratik prinsiplərin uğurlu nəticəsidir”.
AXCP üzvü onu da qeyd edib ki, bu gün sosial şəbəkələrdə 4 milyona yaxın insan müxtəlif formada öz fikir və mülahizələrini, videolarını azad şəkildə yayırlar: “Heç bir sosial şəbəkə istifadəçisinə qarşı dediyi ifadələrə görə irad və tənqid qeyd olunmur. Kimsə, o cümlədən təmsil olunduğum partiyanın sədri Ə.Kərimli yanlış və qeyri-etik fikirlər səsləndirirsə, bu, onun səhv siyasət apardığını göstərir. Cəbhəçilərdən xahiş edirəm ki, Ə.Kərimlinin məsuliyyətsiz fikirlərinə etiraz etsinlər”.
Faktlar təsdiq edir ki, müxalifətin səhv siyasət yürütməsi ilə partiyadaşlarının irad və tənqidləri ilə üzləşən partiya sədri yalnız Ə.Kərimli deyil, eyni zamanda, Müsavat başqanı A.Hacılı, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və digərləri də ittiham hədəfinə tuş gəlməkdədirlər. Bütün bunlar onu deməyə əsas verir ki, müxalifət partiya sədrləri ilə sıravi üzvlər arasında dərin uçurum mövcuddur. Sıravi müxalifət təmsilçilərinin dövlətçilik mövqeyini müdafiə etmələri və “lider”cikləri söylədikləri əsassız fikirlərə görə peşman etmələri onu göstərir ki, sıravilər dövlətin siyasi kursunu müdafiə edirlər.
Hümanizmə əsaslanan əfv Sərəncamı cəmiyyətdə milli birliyin daha da möhkəmlənməsinə xidmət edir
Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması müxalifətin sıravi kəsimini məmnun edən addımlardandır. Mayın 8-də Yenilməz Sərkərdə, ölkə Prezidenti İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı ictimaiyyət arasında böyük rəğbət və sevinclə qarşılanıb. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Ombudsman Səbinə Əliyeva bildirib ki, indiyə qədər 69 əfv sərəncamı imzalanıb, 12 Amnistiya aktı qəbul edilib: “Bu gün imzalanan sənəd əhatəsinə görə ən geniş əfv sərəncamıdır. Bu gün çox sevincli gündür. Əfv sərəncamı birbaşa Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasətinin layiqli davamçısı İlham Əliyev də Ulu öndərin 100 illiyi ilə bağlı əfv sərəncamı imzaladı. Ombudsman olaraq sərəncama görə təşəkkürümü bildirirəm. Ombudsmanın vəsatəti ilə indiyə qədər 864 nəfər əfvə düşüb: "Bu sərəncamda isə 59 nəfər məhkum Ombusmanın vəsatəti ilə azadlığa buraxılır".
Cəmiyyətdə böyük rəğbətlə qarşılanan əfv sərəncamı siyasi və ictimai mövqeyindən asılı olmayaraq yüzlərlə şəxsə şamil olunub. Bu isə onlarla ailəyə sevincin bəxş edilməsi, üzlərin gülməsi, qəlblərin xoşbəxt olaraq döyünməsi, Prezidentimizə təşəkkürlərin, Ulu Öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmətin oxunması deməkdir. Lakin yenə də müxalifətin dağıdıcı qanadı sərsəm mövqeyini gizlətmir. Onların dayaz və düşük təfəkkürünə görə, türmələrdəki bütün cinayətkarlar azad edilməlidirlər. Bəlkə dağıdıcı müxalifət azadlığa çıxan insanların əfvə düşməsini istəmirdilər? İstəmirdilərsə, deməli, məkrli planları olub. Hansı ki, bu planların tərkibində xaricdən qrantlar almaq arzusu da dayanır. Lakin dağıdıcı müxalifətin nə deməsindən asılı olmayaraq Azərbaycan xalqı dünyda yaşayan azərbaycanlılar əfv Sərəncamını sevinclə qarşlayıb, Prezidentimizə yüz dəfə, min dəfə təşəkkürlər deyirlər. Biz də əfv Sərəncamı ilə ailələrə sevinc bəxş edən Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə minnətdarlıq edir, təşəkkürümüzü bildirir, Ümummilli Liderimiz Heydər Əliyevə Allahdan rəhmət, yerinin cənnətlik, ruhunun şad olmasını diləyirik.
İ.ƏLİYEV