Hitler Almaniyasına qarşı aparılan müharibədə Qələbənin əldə olunmasına ən əvəzsiz töhfəni Azərbaycan neftçiləri verdilər. Bütün mövcud çətinliklərə baxmayaraq neftçilərimiz 1941-1945-ci illərdə böyük fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yüksək keyfiyyətli yanacaqla fasiləsiz təmin etdilər. Neftçilərimizin fədakar əməyi sayəsində 1941-ci ildə Azərbaycan tarixində neft hasilatı üzrə rekord həddə-23,5 milyon ton neft istehsal olundu və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil etdi. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları verdilər. Azərbaycan xalqı məşəqqətli müharibə illərində cəbhəni təkcə yanacaqla təmin etməklə kifayətlənmir, eyni zamanda xalq təsərrüfatı sahələrində də var gücü ilə çalışaraq cəbhənin bütün ehtiyaclarını qarşılamaq üçün lazım olan hər şeyi edirdi.
İkinci Dünya müharibəsi illərində Azərbaycanın cəsur, mərd oğul və qızları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etdilər. Avropanın müxtəlif ölkələrində faşizmə qarşı formalaşmış partizan hərəkatlarının fəal iştirakçıları içərisində kifayət qədər soydaşımız var idi. Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi məhşur Azərbaycan partizanları faşizmə qarşı mübarizədə əfsanəyə çevrildilər.
Azərbaycan xalqı istər qanlı toqquşmaların davam etdiyi müharibə illərində, istərsə də İkinci Dünya müharibəsi bitdikdən sonra bərpa-quruculuq işlərində yaxından iştirak etdi. Xalqımız hər zaman müharibənin ağır, çətin sınaqlarından alnıaçıq, üzüağ çıxmış veteranlara qayğı və diqqətlə yanaşmışdır, onların faşizm üzərində qələbə naminə fədakarlığını yüksək qiymətləndirmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev də faşizm üzərində qələbəyə əvəzsiz töhvələr vermiş Azərbaycan neftçilərinin əməyini xüsusi vurğulayaraq demişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.
Cavid Məmiyev
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini