Bu gün 78-ci ildönümünü qeyd etdiyimiz faşizm üzərində Qələbəyə də azərbaycanlılar mühüm töhfələr verib. Bu şanlı qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 700 minə yaxın oğul və qızını yola salıb. Onların demək olar yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Müharibənin ilk günlərindən SSRİ-nin tərkibindəki bütün Respublikalar kimi Azərbaycanda da ümumi səfərbərlik elan edilməsi ilə Azərbaycanın da qeyrətli övladları canla-başla, tərəddüd etmədən cəbhəyə yollandı. Müharibənin birinci üç günündə Azərbaycandan ordu sıralarına 40 mindən çox oğlan və qız yola düşmüşdür. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmiş, 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradılmışdır. 1941-42-ci illərdə respublikada 1 milyon nəfər hərbi təlim proqramını öyrənmişdi. Şanlı qələbənin səbəbkarlarından olan azərbaycanlı çağırışçılardan və könülllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərmişdilər.
Adlarını tarixə yazmış azərbaycanlılar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür.
Adıçəkilən müharibə haqqında hazırlanmış ensiklopediya materiallarında göstərilir ki, Azərbaycan xalqı faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl şücaət və əzmkarlıq göstərmişdir. Belə ki, Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanda istehsal olunmuşdu.Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsi haqqında danışarkən bildirmişdir ki, “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”
2003-cü ilin fevralında 25-dəVaşinqtonda “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda beynəlxalq konfransda çıxış edən Ümumilli Lidet nitqində demişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir və bugünkü gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. İkinci Qarabağ müharibəsində iştirak edən hər bir azərbaycanlı gənc ata-baba əmanəti sayılan torpaqlarımızın erməni faşistlərinin əsarətindən azad olunmasında qəhrəmanlıq göstərdi, şəhadətə yüksəldi, qazi, qalib ordunun qalib əsgəri kimi evinə qayıtdı. Başqa sözlə, xalqımızın nümayəndələrinin 1941-1945-ci illər müharibəsində göstərdiyi qəhrəmanlığı mətin və əzmli gənclərdən ibarət müzəffər Azərbaycan Ordusu Vətən müharibəsində bir daha təkrar etdi. Bu, həm də nəsillər arasında varislik ənənələrinin davamı, milli ruhun, həmrəyliyin təntənəsi idi.
Tural Hüseynzadə,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının əməkdaşı