PDF Oxu

Siyasət

  • 2 294

Böyük Qayıdış: yeni həyat və hədəflər TƏHLİL

Böyük Qayıdış: yeni həyat və hədəflər TƏHLİL

Azərbaycanın dilbər guşəsi Qarabağımız müasir dünyamızda yeni dövrünü yaşayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb. Bu gün Şuşamızda, Zəngilanda, Laçında və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Tezliklə işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevriləcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə səfərləri zamanı burada görülən işlərlə tanışlıq və təməlqoyma mərasimlərinin keçirilməsi böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur. Bəli, bu gün Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyub. Biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərimiz dağıdılmış, tarixi dini mədəniyyət ocaqlarımız xarabazarlığa çevrilmişdir. İşğal altında yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalareyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

TORPAQLARIMIZDA ABADLIQ-QURUCULUQ İŞLƏRİ

Bu gün 30 ilə yaxın işğal altında olan torpaqlarımızda abadlıq-quruculuq işləri vüsət alıb. Hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri də işğaldan azad olunan ərazilərdə təhsil ocaqlarının tikintisidir. İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
Bildiyimiz kimi, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "Ağalı kənd" layihəsi çərçivəsində 288 şagird yerlik tam orta məktəb inşa olunub. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa edilən akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olub. 960 yerlik yeni məktəb binasının inşasına 2021-ci ilin oktyabrında başlanılıb. Burada şagirdlərin təhsili, təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq. Məktəbin həyətində geniş idman meydançası yaradılacaq ki, bu da sağlam gənc nəslin yetişməsi üçün vacib amillərdəndir.
Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər 145 yaşlı orta ümumtəhsil müəssisəsinin ən müasir tələblərə cavab verən yeni binasında təhsil alacaqlar.
Əlbəttə ki, dövlət başçısının işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələrlə yadda qalır və hər ötən gün bizim Qayıdışımızı sürətləndirir. Belə ki, dövlət başçısının Cəbrayıl rayonuna səfəri çərçivəsində bu ərazidə Horovlu kəndinin təməlini qoyması fikrimizi əsaslandırır. Layihələndirilən ümumi ərazi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub. Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılıb. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.
Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.

ŞÜKÜRBƏYLİ KƏNDİNDƏ 1042 AİLƏ MƏSKUNLAŞACAQ

Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməlinin qoyulması bu ərazilərdə tezliklə yeni həyatın başlanacağından xəbər verir. Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb. Burada da sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlinin qoyulması tədbirində iştirakı o deməkdir ki, işğaldan azad olunan hər bir ərazimizdə əzəli sakinlər tezliklə azad və rahat bir şəraitdə yaşamağa başlayacaqlar. Qəsəbə Azərbaycan xalqı üçün tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsünün yaxınlığında, yeni dəmir yolu xəttindən və avtomobil yolundan 7 kilometr məsafədə salınır. Qəsəbənin layihələndirilən ümumi ərazisi 25 hektardır. Baş plana əsasən, gələcəkdə burada 149 ev tikiləcək. Qəsəbədə birinci mərhələdə 20 evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Hər evin həyətyanı sahəsi 600 kvadratmetr təşkil edəcək. Qəsəbəyə birinci növbədə 77 sakin köçürüləcək. Xudafərin qəsəbəsində məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, çoxfunksiyalı bina (ticarət müəssisələri, tikinti materiallarının satış zonası, ictimai qida müəssisələri və s.), mədəniyyət evi, "Karvansaray" hotel və icma evi də yaradılacaq. Bundan başqa, Araz çayının sahilində və Xudafərin körpüsünün yaxınlığında parkın salınması da nəzərdə tutulub.

DƏDƏLİ KƏNDİNDƏ TİKİNTİ İŞLƏRİ 2025-Cİ İLİN NOYABRINDA BAŞA ÇATDIRILACAQ

Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimini də qeyd etməliyik. Kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək.Kənddə çoxfunksiyalı inzibati bina, məscid və mərasim evi, yanacaqdoldurma məntəqəsi, aptek, idman klubu, tibb mərkəzi, 840 yerlik orta məktəb, 100 yerlik iki uşaq bağçası, istirahət və yaşıllıq zonaları, klub-icma mərkəzi və kitabxana, ticarət obyektləri, bazar fəaliyyət göstərəcək. Dədəli kəndi də tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət məqsədilə bu kənddə də alternativ enerjidən istifadə, istilik tutumlu evlərin layihələndirilməsi nəzərdə tutulub. Bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kənddə tikinti işlərinin 2025-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır.

BÖYÜK QAYIDIŞ ƏZƏLİ SAKİNLƏRİN DOĞMA TORPAQLARINA GERİ QAYIDIŞINI SÜRƏTLƏNDİRİR

Dövlət başçısının "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışında iştirakı, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlini qoyması və s. Böyük Qaydışımızı sürətləndirir.Bu gün Azərbaycan keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qarabağın abadlaşması və yenidən qurulması istiqamətində irimiqyaslı layihələr reallaşdırılır, islahatlar həyata keçirilir. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər prioritet olaraq əksini tapıb. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması kimi həyata keçiriləcək tədbirlər əksini tapıb. Bildiyimiz kimi, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər Böyük Qayıdış çərçivəsində reallaşdırılacaqdır.
Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapacaqdır. Məlumdur ki, birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi. 2022-ci ildə Ağalıya köç başladı. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən birinə çevrilib. Əlbəttə ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.
İşğaldan azad olunmuş ərazilərimizin hər biri, məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ağalı kimi müasir məkana çevriləcək və buranın əzəli sakinləri rahat, təhlükəsiz bir şəraitdə bu yerlərdə əbədi olaraq yaşayacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər