PDF Oxu

Siyasət

  • 2 470

Mübarizədə YENİ MƏRHƏLƏ – TƏHLİL

Mübarizədə YENİ MƏRHƏLƏ – TƏHLİL

Vaşinqtonda baş tutan danışıqlar sözsüz ki, gözlənilən sülh danışıqlarının reallaşması üçün hərəkətverici hesab olunur və sülhün bərqərar olması istiqamətində təsirsiz ötüşə bilməz. Doğrudur, sülh sazişinin bağlanması, daimi olaraq sülhün təmin olunması istiqamətində maneələr, sülh yolunda “tikanlar” hələ də var və kifayət qədərdir, amma bu maneələr heç də yolu kəsə, Azərbaycanın öz məqsədlərinə nail olmasının qarşısını ala bilməz.

Bu vaxta qədər Ermənistan tərəfinin status barədə arzularının puça çıxdığı hər addımda özünü göstərir. Danışıqların heç birində status söhbəti masada olmur. Bu dəfə də, yəni Vaşinqton danışıqlarında da Qarabağda məskunlaşan ermənilər üçün müstəsna hüquqları özündə ehtiva edən status məsələsi masada olmadı. Görünən odur ki, ermənilər özləri də artıq bu istəklərinin, arzularının puç və mənasız olduğunu dərk etməyə başlayıblar. Çünki təkcə ABŞ deyil, elə Rusiya da ermənilərin uydurma status məsələsini gündəlikdən çıxarıb və ruslar tərəfindən təşkil olunan danışıqlar masasında da həmin məsələnin olmadığını ermənilər hər dəfə görüblər, bundan sonra olacağına zərrə qədər ümidləri də qalmayıb.

Heç şübhəsiz ki, ermənilər gündəlikdən çıxan status məsələsini yeniləri ilə əvəz etmək arzusundadırlar və hər dəfə hansısa sayıqlamaları danışıqlar masasına daşımaq üçün cəhdlər edirlər. Buna baxmayaraq nə ABŞ, nə də Rusiyanın artıq İrəvanın nazı ilə oynamadığı və bundan sonra da oynamayacağı ən çox ermənilərin özlərinə daha yaxşı bəllidir və elə ən böyük naratlıqları da bu səbəbdəndir. Əlbəttə ki, Vaşinqton danışıqlarının ardınca Moskvada da danışıqların olacağı gözlənilir və Rusiyanın özünün də nələri isə planlaşdırdığı təkzib edilə bilməz. Bununla belə etiraf edilməlidir ki, Rusiyada baş tuta biləcək bundan sonrakı danışıqlara belə Vaşinqton danışıqlarının da təsiri var. Çünki ABŞ-da olan danışıqlara Rusiya müşahidəçi olaraq qalmayacaq və Vaşinqtonun səyləri, təklifləri fonunda Moskva da hansısa formada danışıqlarda iştirak etdiyini, özü də daha təsirli olduğunu göstərmək istəyəcək. Bəllidir ki, Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə rıçaqları ələ alıb, Cənubi Qafqazdakı, az qala yox dərəcəsində olan mövqeyini möhkəmləndirməyə çalışdığı halda, Rusiyanın regionda tarixi və siyasi baxımdan daha dərin izləri var və ABŞ-ın birbaşa müdaxilə imkanları Rusiya ilə müqaisədə olduqca azdır. Ağ Ev də bunun fərqindədir. Fərqindədir ki, Rusiya proseslərdə iştirak etmədən onların səyləri əbəsdir, yəni təkbaşına heç bir gündəlik formalaşdıra, nəyə isə nail ola bilməyəcək. Ruslar da bu məqamı çox yaxşı dəyərləndirirlər və hər dəfə Qərb hansısa təşəbbüslə çıxış etdikdən qısa müddət sonra Kreml öz rolunun daha üstün olduğunu ortaya qoyur. Amma istənilən halda, bütün bunların məhz Azərbaycanın xeyrinə olacağı artıq çoxdan bəllidir. Rusiya öz maraqlarını təmin etməyə çalışsa da, yenə də danışıqlarda Azərbaycanın qalib ölkə olduğu nəzərə alınacaq, necə ki, hər dəfə nəzərə alınıb. Rusiya hər bir halda rəsmi Bakının mövqeyini dəstəkləyə bilər, başqa yol yoxdur. Kremlin nə düşündüyünün, nələrə çalışdığının ölkəmizə heç bir mənfi təsiri ola bilməz və yenə də Ermənistanın dalana dirənəcəyi bəlli məsələdir. Təsadüfi deyil ki, təkcə Rusiyanın deyil, indi Qərbin özünün də Azərbaycanı seçdiyi barədə erməni cəmiyyətində fikir formalaşıb və bu, əslində, ölkəmizin bütün danışıqlarda üstün, qalib olması barədə bir etirafdır. Bir sözlə, diplomatik baxımdan da Azərbaycanın qalib olduğunu və bundan sonra da ölkəmizi danışıqlar zamanı da qələbələr gözlədiyini hər kəs, hətta Ermənistan tərəfi də qəbul edir.

Belə məlum olur ki, bundan sonra ermənilərin yuxularını ərşə çəkən “döyüş” ancaq danışıqlar masasında aparılacaq və artıq bu, yeni mərhələ deməkdir. Sözsüz ki, bu mübarizənin də, bu mərhələnin də qalibi elə indidən bəllidir və qalib yenə də Azərbaycandır. Kapitulyasiya sənədini imzalayan Nikol Paşinyan Ermənistanda formalaşan revanşizm mövqeyinin qarşısını ala bilmədiyi üçün aciz hesab olunur və bunu separatçılar da belə qəbul etdilər deyə, müharibə bitdikdən sonra da təxribatlar törətməkdən çəkinmədilər. Sözsüz ki, separatçıların təxribatlarına qarşı adekvat addımlar atan Azərbaycan Ordusu yenə də bir çox üstünlüklər əldə etdi və onlar özləri sıxıntılı bir vəziyyətdə qaldılar. Buna görə də haylar hay salıb dünyanı köməyə çağırırdılar, amma nəticəsinin olmadığını görüb çıxılmaz vəziyyətdə qaldıqlarını da etiraf etdilər. Etiraf etdilər ki, bu, artıq onların sonudur və heç bir yolları qalmır.

Əslində, Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə revanşistlərin də, separatçıların da “yolu” qalmadı və imkanları tamamilə yoxa çıxdı. Əlləri hər yerdən, ilk növbədə Ermənistandan və eləcə də başqa yerlərdən üzülən ermənilərin danışıqlardan başqa yolu qalmadı və indi separatçılar da, revanşistlər də, ən sıravi erməni də, elə başda baş nazir Paşinyanın özü də gözünü danışıqlara dikmək məcburiyyətində qaldı. Deməli, artıq yeni mərhələ başladı və bu mərhələ məsələnin hərbi müstəvidən danışıqlar masasına daşınması ilə start götürdü. Ermənistanın sülh danışıqlarına getməsinə, eləcə də sülhü qoruyub saxlamasına məcbur edilməsi üçün müharibəyə, döyüşlərə ehtiyac belə qalmır. “Döyüş” artıq masa arxasında gözlənilir. Masa arxasında qarşılaşacaqları “döyüş” zamanı isə ermənilərin nə qaçıb aradan çıxmağa yolları qalmır, nə də gizlənib sonradan baş qaldırmaq şansları yoxdur. Cəmi iki yolları qalır və onlara dəfələrlə çatdırılıb ki, ya Azərbaycana qarşı ərazi iddialarından imtina edərək, sülh sazişini imzalayaraq, regional layihələrə qoşulmaq, iqtisadi dividentlər əldə etmək şansı əldə edə bilərlər, ya da təklif olunanlardan imtina edərək, bundan sonra da layihələrdən təcrid olunmuş vəziyyətdə qala bilərlər, hansı ki, bu, onların elə öz gələcəklərindən imtina etmələri deməkdir. Bu reallıqları başa düşmək üçün böyük ağıl sahibi olmağa ehtiyac yoxdur və görünür elə Paşinyan özü də mövcud vəziyyəti və qarşılaşdıqları durumu anlamalı olub. Əks təqdirdə, Ermənistan parlamentində onun sonuncu çıxışı zamanı bu reallıqları anladığı təəssüratı hər kəsdə yaranmazdı. Ölkə rəhbəri, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin 3 may tarixində Şuşada etdiyi çıxışının ardınca, zənn edirik ki, Nikol Paşinyan reallıqları dərk edib və yeni mərhələdə də onları nələr gözlədiyinin fərqindədir.

“Biz diplomatik tədbirlərdən başqa hərhansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq”, deyə bəyan edən ölkə başçımızın sözləri, verdiyi mesajlar ünvanına çatıb. Artıq ermənilər yaxşı başa düşürlər ki, mübarizənin yeni mərhələsi başlayıb və bu mərhələdə onlar nəyə isə ümid edə bilməzlər. Nə təxribatlara, nə də ki, hansısa əməllərə bel bağlaya bilməyəcəkləri halda, yeni mərhələdə mövcud reallıqları qəbul etmək məcburiyyəti göz önündədir. İndi qalır Vovayeviçin bu reallıqları və yeni mərhələni bütövlükdə erməni cəmiyyətinə başa salması.

Digər xəbərlər