PDF Oxu

Siyasət

  • 3 961

Faşizm üzərində Qələbənin qazanılmasında Bakı neftinin rolu ŞƏRH

Faşizm üzərində Qələbənin qazanılmasında Bakı neftinin rolu ŞƏRH

Bu il 9 May Faşizm üzərində qələbənin 78 ili tamam olur. 1939-cu ilin sentyabr ayında Almanların Polşaya hücumu ilə başlayan İkinci Dünya Müharibəsinin gedişində qərbdə öz məqsədlərinə çatdığını düşünən Almaniya Avropada tam hakim olmaq üçün öz qüvvələrini SSRİ-yə qarşı yönəltdi və 1941-ci il iyunun 22-də Sovet İttifaqına hücum etdi. Bununla da Sovet İttifaqının xalqları, o cümlədən Azərbaycan İkinci Dünya Müharibəsinə qatıldı. 1941-ci ildə Azərbaycanda elan olunan hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi.

Heç də asan başa gəlməyən qələbə naminə yüzlərlə, minlərlə həmvətənlərimiz doğma Azərbaycanın hüdudlarından uzaqlarda mərdliklə vuruşaraq canlarından keçiblər. Bu qələbə xalqımızın şanlı tarixinin bir parçasıdır, xalqımız faşizm üzərində qələbə üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola saldı. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.

Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Sovet İttifaqı marşalı Georgi Jukov: “Bakı neftçiləri Vətənimizin müdafiəsinə,onun düşmən üzərində qələbəsinə nə qədər lazımdırsa o qədər də yanacaq verirdi” sözləri ilə Azərbaycan neftçilərinin əməyinə yüksək qiymət verilmişdi. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi …».

Bu səbəbdən də müharibə Azərbaycandan uzaqda başlamasına baxmayaraq dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Alman komandanlığının Qafqaz uğrunda döyüşlərinin əsas məqsədi Bakı üzərində nəzarəti ələ keçirmək idi. 1942-ci ilin avqust ayının sonunda artıq düşmən hərbi hissələri Şimali Qafqaza çatmış və Qroznı neft rayonu faşist ordusu tərəfindən zəbt edilmişdir. Bu bir daha Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı.

Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən də Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşlar. “Armed Mişel” (Xarqo) adı ilə tanınan unudulmaz partizan Əhmədiyyə Cəbrayılov müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeninə və şəxsi igidliyinə görə paradda generaldan qabaqda getmək hüququ verən hərbi medalla təltif olunmuşdu. Azərbaycanın digər igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. O, 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuş, 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Müharibə dövründə göstərdiyi şücaətlərə görə general mayor Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Qırmızı Ulduz ordeni, ikinci dərəcəli Suvorov ordeni almışdır. Bu siyahını genişlədirməklə İkinci Dünya Müharibəsində qəhrəmanlıq göstərmiş digər həmvətənlərimizin adlarını sadalamaq olar. Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımızın faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib, misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. 1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41609 litr qan göndərildi, 7229 litr qanı əvəz edən preparatlar hazırlandı, respublikanın 149170 vətəndaşı donorçu oldu. 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədriyi ilə “Yaralı döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı.

Müharibənin ilk dövrlərində hərbi qüvvələrin nisbəti düşmənin xeyrinə olmasına baxmayaraq “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında bütün Sovet xalqlarının birləşməsi ilə düşmənin hücumları nəinki dəf edildi, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradıldı, 1945-ci ildə isə tamamilə məğlub edildi.

İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. Ona görə də hər il 9 may – Faşizm üzərində Qələbə günü dövlətimiz tərəfindən təntənəli surətdə qeyd olunur. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsi haqqında sitatı: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatarı bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinəhörmətimizi bildiririk”. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən alqışlanır.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər