PDF Oxu

Siyasət

  • 2 565

Alman faşist qüvvələri üzərindəki qələbədə Azərbaycanın mühüm rolu olub ŞƏRH

Alman faşist qüvvələri üzərindəki qələbədə Azərbaycanın mühüm rolu olub ŞƏRH

Artıq 78 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur.Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Bu qələbə heç də asan başa gəlməyib, yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Bu qəhrəmanlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 170 mindən çox azərbaycanlının orden və medallarla, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb. Həmin çətin vaxtlarda Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi. 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə Ulu öndər Heydər Əliyev deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…».

Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdildi. Qeyd edək ki akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradıldı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. İkinci dünya müharibəsi illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. Ümumiyyətlə İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.

Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər