Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də, müasir, müstəqil tariximiz 1993-cü ildən başlayır. Qarşıdakı on ildə - 1993-cü ildən 2003-cü ilə qədərki çətin və ağır, eyni zamanda məsuliyyətli dövrdə dövlətçiliyimizin əsasları qoyuldu. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev rasional təfəkkürü və praqmatik fəaliyyət mexanizminin fonunda tətbiq etdiyi strategiya ilə Azərbaycanı dərin xaos və kəskin kataklizm meyillərindən xilas edərək yeni inkişaf yolunu açmış oldu.
Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz və dövlətçiliyimiz üçün gördüyü işləri sadalayarkən 1993-2003-cü illərə xüsusi diqqət yetirmək lazımdır. Müxtəlif farmasiya və münasibətlər sistemində fəaliyyət göstərməsindən asılı olmayaraq Heydər Əliyevin amalında, gördüyü işlərin məğzində yalnız bir istək dayanıb – Azərbaycan milli dövlətçiliyini yaşatmaq və xalqa xidmət etmək. Moskvadan Azərbaycana, oradan isə Naxçıvana qayıtmağında Ulu Öndərin əsas məqsədi xalqı düşdüyü ağır durumdan, ölkəni isə üzləşdiyi çətin vəziyyətdən qurtarmaq idi. Təsadüfi deyil ki, Heydər Əliyevin adı Azərbaycan tarixinə həm də böyük xilaskar kimi düşüb.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Heydər Əliyev isə hələ Naxçıvanda olarkən dövlətçiliyin əsaslarının qurulmasında, möhkəm təməl üzərində dayanmasında lazımi addımları atırdı.
Ulu Öndərin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycanın dahi rəhbəri dövlətimizi olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb və dünyada layiqli yer qazandıra bildi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini bütün mənalarda ikiyə böldü. Arxada total psixoz, dərəbəylik "hakimiyyəti" və siyasi hikkələrin girovuna çevrilmiş Azərbaycan dövlətçiliyinin qaranlıq perspektivi, irəlidə isə sabitlik, inam, arxayınçılıq və Azərbaycan dövlətçiliyinin qurtuluşu vardı. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi.
"Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm" - Heydər Əliyev hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi bu illəri təftiş etməyə çalışanlar çox olub, yəqin ki, belələri bundan sonra da tapılacaq. Bu təftişçilərin böyük əksəriyyəti 1993-cü ildə Azərbaycan dövlətçiliyini uçurumun kənarına gətirib, sonra kömək üçün Heydər Əliyevə müraciət edənlərdir. Amma tarix tarixdir və o kimlərinsə iddia və istəyinə görə yazılmır.
10 ilin qısa xronologiyası
1993-cü ildən sonrakı 10 ilə qısaca nəzər salsaq, bu illərin Azərbaycan xalqı və dövləti üçün həqiqətən böyük imtahan, sınaq epoxası olduğunu, ən əsası isə xalqımızın və dövlətimizin bu sınaqdan uğurla çıxdığını yəqin edə bilərik. Bu gün cəsarətlə demək olar ki, Ulu Öndər Heydər Əliyev 1993-2003-cü illərdə - prezident olduğu on il ərzində Azərbayvan dövlətinin mövcudluğunu təmin edən, onu inkişaf etdirən strategiyanı müəyyən etdi və gərgin əməyi sahəsində həyata keçirdi.
- 1994-cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs rejiminə nail olmaqla iqtisadi inkişafın əsas prioritetlərinin formalaşdırılması;
- ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi;
- dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması;
- cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması;
- müstəqil dövlətin neft strategiyasının yaradılması, bu strategiyanın əsası olan “Əsrin müqaviləsi” sazişinin imzalanması, ölkənin əsas regional energetik aktora transformasiyasının başlanması;
- “Böyük İpək Yolu” layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolunun dəyişməsi;
- həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin formalaşdırılması;
- müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s.
1994 - Mayın 12-də Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırıldı. Azərbaycan dövləti zəruri nəfəs dərmək, qüvvəsini toparlamaq və dövlətin sütunlarını möhkəmləndirmək imkanı qazandı. Atəşkəsin ilk müsbət nəticəsi özünü gözlətmədi.
Yeni neft strategiyası
Sentyabrın 20-də Azərbaycanda təkcə neft sahəsinin deyil, bütövlükdə iqtisadi dirçəlişin təməlini qoyan ilk meqalayihə - "Əsrin müqaviləsi" imzalandı. Heydər Əliyevin tarixi uzaqgörənliyinin və cəsarətinin nəticəsi olan saziş Azərbaycanın milli neft strategiyasının başlanğıcı olmaqla yanaşı, Xəzərin milli sektorlara bölgüsü ilə bağlı ölkəmizin prinsipial mövqeyini nümayiş etdirdi. Bu isə çoxlarının ürəyincə deyildi.
Təsadüfi deyil ki, məhz "Əsrin müqaviləsi"ndən dərhal sonra Azərbaycanda növbəti dövlət çevrilişinə (3-4 oktyabr) cəhd edildi. Lakin qiyamın başında duran Surət Hüseynov və havadarları bu dəfə yanılmışdılar. Çünki artıq Azərbaycan dövlətinin sükanı arxasında mahir rəhbər - prezident Heydər Əliyev dayanmışdı.
Ulu öndər Azərbaycanın milli inkişaf doktrinasını hazırlamaqla respublikamızın uzunömürlü tərəqqisinə dərin əsaslar yaradıb. Müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi.
1995 - Bu ili müstəqil Azərbaycan dövlətinin tarixinə sözün həqiqi mənasında dövlət quruculuğu və fundamental islahatların başlanğıcı kimi səciyyələndirmək olar. Amma bu proses heç də rəvan olmadı. Həmin ilin martında Azərbaycan dövlətçiliyi yenidən sınağa çəkildi - "OMOH" qiyamı baş verdi. Heydər Əliyev 1995-ci il mart qiyamının qarşısını almaqla bütövlükdə Azərbaycanda hərbi çevriliş, zor gücünə hakimiyyətə gəlmək xülyasına birdəfəlik son qoydu.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasıüçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmaqla, dövlət müstəqilliyi qorunub saxlanıldı. Məhz bundan sonra ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası
1995-ci ildə qəbul olunmuş ilk Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşüb. 1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmiş, SSRİ dağıldıqdan sonra müstəqilliyinin ilk dönəmində hakimiyyətdə təmsil olunan qüvvələr dövlətçiliyin əsasını təşkil edən bu sənədin hazırlanması və qəbul olunması istiqamətində heç bir əməli iş görməmişdir. Yalnız Heydər Əliyevin təşəbbüsü nəticəsində 1995-ci ilin may ayında müstəqil Azərbaycanın ilk Konstitusiyasını hazırlamaq üçün müvafiq komissiya təşkil edilmiş və dövlətçiliyin əsas atributlarından biri sayılan bu mühüm sənəd həmin ilin noyabr ayının 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. İnsan hüquqlarına xüsusi önəm verilən, hakimiyyətin ayrı-ayrı qanadları arasında qarşılıqlı əlaqənin səlis mexanizmi təsvir olunmuş Konstitusiya haqlı olaraq dünya müstəvisində nəzəri baxımdan ən mükəmməl hüquqi sənədlərindən biri hesab olunur.
1995-ci ildə müstəqil Azerbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Və bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirməyə və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində fəaliyyətin əsası qoyuldu.
Azərbaycançılıq
Heydər Əliyev milli varlığımızın ideya təməli olan azərbaycançılıq haqqında belə demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə, mentalitetinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı -Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adətlərini yaşatmalıyıq”.
1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulu ərəfəsində Heydər Əliyev azərbaycançılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya tamamilə yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı.Azərbaycanın ən yeni tarixini yaradan Ulu Öndər doğma xalqı ilə sıx vəhdət təşkil edən, azərbaycanlı olmasından daim qürur duyan nadir şəxsiyyətlərdən biridir. Müstəqil dövlətimizin qurucusu və memarı olan bu əfsanəvi şəxsiyyət hər zaman böyük qürur hissi ilə “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam!”– deyirdi. O, Azərbaycan xalqının yetirdiyi elə bir düha, öz əqli potensialı ilə dünyanı idarə etməyə qadir böyük şəxsiyyət idi.
****
1996 - Azərbaycanda dövlət quruculuğu və iqtisadi islahatlar prosesi dönməz xarakter aldı. İyunda Azərbaycanın əhəmiyyətinə görə ikinci böyük enerji layihəsi - "Şahdəniz" müqaviləsi imzalandı. 90-cı illərin əvvəlindən başlanan iqtisadi geriləmə və təsərüfat sahələrindəki tənəzzülün qarşısı alındı, ilk müsbət iqtisadi göstəricilər qeydə alınmağa başlandı.
Dekabrda ATƏT-in Lissabon (Portuqaliya) sammitində Qarabağ münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini zəruri sayan qərarın qəbul edilməsi ümumilikdə Qarabağ nizamlanmasının beynəlxalq-hüquqi prinsiplərini müəyyənləşdirmiş oldu. Ötən illər ərzində Azərbaycan tərəfi tənzimləmə prosesinin bu prinsiplərdən kənara çıxmasına imkan verməyib.
1997 - Azərbaycanda genişmiqyaslı iqtisadi inkişaf başlandı - özəlləşdirmə və aqrar islahatlara start verildi. Kəndli torpağın sahibinə çevrildi, illərlə qapısı bağlı olan sənaye müəssisələrinə sərmayə işığı yandırıldı. Ölkənin dünya iqtisadi sisteminə inteqrasiyası başlandı.
Oktyabr ayında "Əcrin müqaviləsi" çərçivəsində ilk neft çıxarıldı, bir ay sonra isə Azərbaycan neftini dünya bazarına daşıyan "Şimal kəməri" (Bakı-Hovorossiysk) işə düşdü. Prezident Heydər Əliyev Azərbaycanın neft strategiyasının başlıca konturunu - Bakı-Tbilisi-Ceyhan kəmərinin tikiləcəyini rəsmən bəyan etdi.
1998 - Aprel ayında "Qərb kəməri" (Bakı-Supsa) işə düşdü. Azərbaycanın xarici şirkətlərlə imzaladığı neft müqavilələrinin sayı 20-yə çatdı. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması, dövlətin siyasi-hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması yönündə mühüm addımlar atıldı.
***
Mətbuatın dostu
Dahi liderin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli fərmanı KİV-in sərbəst inkişafı,cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Başİdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımıüzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və “dördüncü hakimiyyət” funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı.
***
1999 - Heydər Əliyevin uzaq perspektivə hesablanmış uğurlu xarici siyasəti sayəsində ölkəmiz Şərq-Qərb münasibətlərinin təmas nöqtəsinə, "Böyük İpək Yolu"nun dirçəliş mərkəzinə çevrildi.
Hoyabrda Xəzər-Cənubi Qafqaz-Aralıq dənizi məkanında ən iri geoiqtisadi layihənin - Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi barədə böyük saziş imzalandı. Dekabrda Azərbaycanda tarixində ilk bələdiyyə seçkiləri keçirildi, ölkədə dünya təcrübəsinəəsaslanan yerli özünüidarə sisteminin təməli qoyuldu.
2000 - Azərbaycan Prezidentinin apardığı məqsədyönlü xarici siyasət bəhrəsini verdi. İyun ayında Azərbaycan Avropa Şurasına rəsmi dəvət aldı. Ölkədə həm siyasi-hüquqi, həm də sosial-iqtisadi sahədə islahatların yeni mərhələsi başlandı. Demokratik, dünya standartlarına uyğun yeni məhkəmə sistemi yaradıldı, ölkənin qeyri-neft sektorunda böyük canlanma yarandı, xarici sərmayələrin iştirakı ilə böyük müəssisələr işə düşdü. Hoyabrda ikinci çağırış Milli Məclisə seçkilər keçirildi.
2001 - Yanvarın 25-də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Avropa Şurasında təmsilçilik Azərbaycanın beynəlxalq-diplomatik fəaliyyət imkanlarını genişləndirdi, ölkəmiz beynəlxalq miqyasda Qarabağ münaqişəsinə obyektiv münasibəti təmin etmək, Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün yeni müstəvi əldə etdi.
Sosial-iqtisadi sahədə inkişaf göstəriciləri daha da artdı, bu inkişafın gələcək təminatı olacaq Dövlət Heft Fondu fəaliyyətə başladı. Heft Fondunun ilk vəsaitləri hesabına məcburi köçkünlərin həyat şəraiti qismən yaxşılaşdırıldı, əməkhaqqı, təqaüd və müavinətlər artırıldı.
2002 - Azərbaycan ABŞ və Rusiya kimi iki dünya nəhənginin tammənalı strateji tərəfdaşına çevrildi. Prezident Heydər Əliyevin Rusiyaya səfərləri zamanı (yanvar, iyun, sentyabr) iki ölkə arasında mühüm razılaşmalar - Qəbələ RLS-in statusu, Xəzərin dibinin bölünməsinə dair sazişlər imzalandı.
Dövlət başçısının may ayında İrana əhəmiyyətli səfəri cənub qonşumuzla münasibətləri daha da rəvanlaşdırdı. Heydər Əliyevin neft strategiyasın növbəti uğurunu yaşadıq - sentyabrın 18-də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli təməlatma mərasimi keçirildi. Azərbaycan Prezidenti xəyalları gerçək etməyi bacaran lider olduğunu nümayiş etdirdi.
2003 - Heydər Əliyev prezidentliyinin 10-cu ilində Azərbaycan dövlətçiliyini rəvan və perspektivi aydın görünən inkişaf magistralına çıxardı. Ölkənin gələcək idarəçiliyini siyasi varisinə - özü qədər inandığı gənc liderə təhvil verdi. Azərbaycan xalqı böyük öndərin tarixi seçiminə dəstək verdi: 2003-cü ilin 15 oktyabr seçkiləri nəticə etibarilə Heydər Əliyev siyasətini Azərbaycanın dövlətçilik fəlsəfəsi kimi birmənalı şəkildə təsdiqlədi.
Dünya Azərbaycanlılarının Lideri
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
2003-cü ilin 12 dekabrında Azərbaycan xalqı Heydər Əliyevi itirdi. Amma Heydər Əliyev yolu, Heydər Əliyevin ideyaları, onun təməlini qoyduğu dövlətçilik xətti və inkişaf strategiyası davam edir və yaşayır. Azərbaycan dövləti və xalqı bu yolun davamında ötən hər ili yeni uğurlarla başa vuracaq. 1993-cü ildə Azərbaycan xalqını rəzalətdən və qardaş qırğınından, Azərbaycan dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev 10 il sonra bizə möhkəm özüllü, istiqrarlı, sabit inkişafı təmin edilmiş bir dövlət qoyub getdi.
V.VƏLİYEV