Ali Baş Komandanın Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında “mən ata vəsiyyətini yerinə yetirdim” deməsi, ruhumuzun paytaxtı olan Şuşanın Ümummilli Lider tərəfindən dövlət və millət üçün hədəf göstərildiyini təsdiqləyir. Ümummilli lidermizin bütün çıxışlarında Şuşanı Qarabağın, Azərbaycanın bütövlüyünün simvolu kimi göstərməsi də bunun bariz ifadəsidir. Dahi şəxsiyyətin anadan olmasının 100 illiyində azad Şuşa bir ayrı özəlliyə malikdir .
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Cənab Prezident İlham Əliyevin çıxışında Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan bir sıra məsələlərə, o cümlədən TAP genişləndirilməsi, “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil edilməsi, Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərin olması kimi aktual mövzulara da münasibət bildirdi. Çıxışında TAP-ın səhmlərinin 20 faizinin Azərbaycana məxsus olduğunu, bir şirkətdən başqa digərlərinin də payının 20 faiz təşkil etdiyini diqqətə çatdıran Cənab prezident vurğulayıb: “TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir.
TAP genişləndirilməsə, qaz olmayacaq. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik”.
Dövlətimizin başçısı Azərbaycanda getdikcə yaxşılaşan biznes mühitinin olması, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə, respublikamızın bütün maliyyə sisteminin şəffaflığı istiqamətində həyata keçirilən islahatların böyük potensial yaratması ilə bağlı fikirlərinə də toxunaraq, bu məsələdə coğrafi yerləşmənin də xüsusi önəm daşıdığını, bütün bunların isə ölkəmizin gələcək uğurlarını şərtləndirdiyini söylədi.
Abbas Əliyev onuda qeyd etdi ki, bölgədə bu gün şərtləri Dövlətimiz diktə edir və bütün proseslər ancaq dövlətimizin maraqları çərçivəsində aparıla bilər. Ermənistan bu reallığı anlamalıdır. İşğalçı dövlət 44 günlük savaşdan dərs götürməyibsə və sülhdən yayınırsa, “dəmir yumruq” yerindedir və başlarının üzərinə qalxacaq.
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri