PDF Oxu

Siyasət

  • 2 234

Qarabağın incisi Şuşadan edilən müraciət TƏHLİL

Qarabağın incisi Şuşadan edilən müraciət TƏHLİL

Prezident İlham Əliyev: "Bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır"

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycan müstəqilliyini itirmək, ölkənin parçalanması təhlükəsi ilə üz-üzə qaldığı ən çətin dövrdə xalqın tələbi ilə yenidən hakimiyyətə gələrək ilk günlərdən şəxsiyyətinin böyüklüyünü, əsl dövlət xadimi kimi müdrikliyini ortaya qoydu. Təcrübəli siyasi xadim daxili vəziyyəti sabitləşdirməyə və gənc respublikanı böhrandan çıxarmağa nail oldu. Bu il bildiyimiz kimi, ölkəmizin hr bir yerində, eləcə də onun hüdudlarından kənarda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan olunub.
"Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik", - deyə bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib. Bu təbrik müracətinin Qarabağın incisi Şuşadan edilməsi təsadüfi deyil. "Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi" – qeyd edən dövlət başçısı ondan bir gün sonra Ermənistanın kapitulyasiya aktına imza atdığını bildirib. Artıq bir neçə gün idi ki, Qarabağ və Şərqi Zəngəzurda olan Cənab Prezidentin iştirakı ilə bir çox tədbirlər keçirilib, təməlqoyma mərasimləri baş tutub. Belə ki, dövlət başçısını bu səfəri çərçivəsində 10 kəndin təməli qoyulub, bir çox açılışlar edilib. "On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir", – deyə vurğulayan Prezident bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqlarının dayandığını bildirib. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərlik etdiyi tarixi dövrlərə nəzər salsaq, bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etdiyini, istər sovet məkanında yaşadığımız illərdə, istərsə də ondan sonrakı dövrdə, müstəqillik dövründə ölkəmizin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib. Hələ sovet dövründə yaşadığımız illərdə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə yüksəltmişdir: "Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Heydər Əliyev 1982-87-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Sovet Hökuməti sədrinin birinci müavini kimi daim Azərbaycana öz diqqətini, qayğısını göstərirdi. Məhz bu qayğı və diqqət nəticəsində Azərbaycan o illərdə də uğurla inkişaf edirdi. Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır". Dövlət başçısı həmin dövrə nəzər salarkən, Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər, - deyə bildirərək həm erməni millətçiləri, həm də ovaxtkı Azərbaycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək, Heydər Əliyevə qarşı çirkin şər, böhtan kampaniyası aparmışdıqlarını diqqətə çatdırıb. Bütün bunlara baxmayaraq, Heydər Əliyev siyasi fəaliyyətini davam etdirərək Azərbaycanın ən çətin zamanında xalqı ilə birlikdə olmuş, ürəyi Azərbaycanla bir döyünmüşdü.

HEYDƏR ƏLİYEV AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN GƏLƏCƏK İNKİŞAF STRATEGİYASINI ELAN ETDİ

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş gündə Ulu Öndər Heydər Əliyev xalqının səsinə hər kəsdən əvvəl səs verdi. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən, M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. 1990-cı ilin iyul ayında Moskvadan Bakıya gələn Heydər Əliyev ona edilən təzyiqlər nəticəsində doğulduğu şəhərə - Naxçıvana getmiş və orada yaşamağa başlamışdır. Müraciətində Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti olduğunu bildirən Cənab Prezident müstəqilliyə gedən yolun, məhz Naxçıvandan başlandığını bildirib. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi. Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin Sessiyasında tarixi sənəd qəbul edildi. Amma Azərbaycan müstəqillik əldə etmiş olsa da, ölkədə hökm sürən ictimai-siysi proseslər ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. O dövrdə siyasi hakimiyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda, xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünki əmin-amanlıqdan və inkişafdan danışmaq olmazdı. "Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Çünki bizim torpaqlarımız işğal altında idi, ancaq ovaxtkı hakimiyyətin yarıtmaz fəaliyyəti nəticəsində dünyada elə bir təsəvvür var idi ki, sanki Azərbaycan təcavüzkardır. Yəni, böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etmişlər" - deyə müraciətdə qeyd olunub.

"AZƏRBAYCAN O ÖLKƏLƏRDƏNDİR Kİ, HEÇ BİR KƏNAR QÜVVƏ BİZİM İRADƏMİZƏ TƏSİR EDƏ BİLMƏZ"

Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər mühiti formalaşıb. Ölkəmizdə gənclərin potensialının düzgün istiqamətlənməsinə yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına geniş imkanlar açıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclərdə bir canlanma baş verdi. Ötən əsrin 90-cı illərinin əvvələrində gənclərdə bir ruh düşkünlüyü var idi. Bunu Heydər Əliyev aradan qaldırdı. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu ictimai-siyasi institut gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynadı və gənclərin fəaliyyətində böyük dönüş yaratdı. Ümummilli Liderin Gənclər Forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq, Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. "1996-cı ildə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər müntəzəm olaraq Gənclər Forumu keçirilir. Qarabağı, Zəngəzuru azad edən məhz gənclər olmuşdur, ovaxtkı gənclər və son 20 il ərzində yetişmiş gənclər", - deyən Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin öz xalqına sıx bağlı olan bir adam olduğunu diqqətə çəkib: "Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili Ana dilidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Ana dilimizin qorunması istiqamətində atılan addımlar bu gün də davam etdirilir və bu, daim davam etdirilməlidir".
Son illərdə müstəqil Azərbaycanda güclü dövlət idarəçiliyinin mövcudluğu dövlətimizin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi imicə malik olan ölkəmiz dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir dünyanın çağırışlarına cavab olaraq yeni dövrünü yaşayır. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi praqmatik, real qərarlar ölkəmizin dinamik yüksəlişini təmin edib. Regionun ən güclü və nüfuzlu dövlətinə çevrilən Azərbaycanın iştirakı olmadan regionda hansısa bir strateji layihə reallaşdırılmır. Əlbəttə ki, Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Dövlət başçısının verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar ardıcıllıqla və dəqiqliklə yerinə yetirilib. Əldə edilən uğurlar, nailiyyətlər Prezident İlham Əliyevin siyasətinə olan etimadı daha da gücləndirib. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu inam Ulu Öndərin siyasi varisi Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Cənab İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında bildirdiyi sözləri xatırlatmaq yerinə düşər:"Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti oldu və xalqın etimadını doğrultdu. Azərbaycan Prezidenti "2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək. Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq", - deyə Prezident müraciətində bildirib: "Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. İndi bir daha demək istəyirəm ki, dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq".

"BU GÜN QARABAĞ DİRÇƏLİR, ZƏNGƏZUR DİRÇƏLİR, BİZ ÖZ DOĞMA TORPAQLARIMIZDA QURURUQ, YARADIRIQ"

"Bax, bu gün durduğum Şuşa şəhərinin mərkəzində bunu bir daha demək istəyirəm ki, Azərbaycanda yaşayan bütün xalqların qanı, canı bahasına biz bu gün burada dayanmışıq. Bu, böyük sərvətdir. Amma elə ölkələr var ki, orada milli, dini zəmində qarşıdurmalar baş verir, toqquşmalar baş verir. Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir, elə Ermənistanı misal göstərək. Əhalisinin 99,9 faizi ermənilərdən ibarət Ermənistan bax, bu rəqəmlə faktiki olaraq öz faşist siyasətini göstərir. Ancaq vaxt var idi indiki Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi, digər millətlərin nümayəndələri təşkil edirdi. İndi Avropanın bəzi ölkələrində, Ermənistana böyük rəğbətlə yanaşan ölkələrdə islamofobiya baş alıb gedir, qanunlar qəbul edilir, dinimizə qarşı çirkin əməllər törədilir, "Qurani-Kərim" yandırılır və buna da biganə yanaşırlar" - deyən Prezident bunun bizim həyat tərzimiz və eyni zamanda, siyasətimiz olduğunu vurğulayıb. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.
Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu bölgələrin potensialı və nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir."Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik,.. ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.
Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər