PDF Oxu

Siyasət

  • 2 430

Şuşa işıqlı gələcək yolunda TƏHLİL

Şuşa işıqlı gələcək yolunda TƏHLİL

Təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa bu gün yeni bir dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndərin dediyi tarixi sözləri diqqətə çəkmək yerinə düşər. O, demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Şuşamız 44 günlük Vətən müharibəsində azad olundu. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilmədilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular.
Qafqazın incisi, mədəniyyətimizin beşiyi Şuşanın ötən əsrin 70-ci illərindən həyatında yeni bir inkişaf dövrü başlayır. Ulu Öndər Heydər Əliyev tərəfindən şəhərin inkişafına xüsusi diqqət yetirilib. 1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul edib. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb edib. Şəhərdə yeni sənət ocaqları yaradılıb, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılıb. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq, 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib.

"ÜMUMDÜNYA MƏDƏNİ VƏ TƏBİİ İRSİN MÜHAFİZƏSİ HAQQINDA" KONVENSİYAYA ZİDD ƏMƏLLƏR

1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. İşğal olunmuş ərazilərdə erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə, mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

XVIII ƏSRDƏ İNŞA OLUNAN MEHMANDAROVLARIN MALİKANƏ KOMPLEKSİ

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışı olub. Qeyd edək ki, Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verilib. Yaşayış evinin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilib. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilib. Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri, mədəni-dini abidələrimizin bərpası davam edir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə 2020-ci il dekabrın 8-dən etibarən mədəni-dini abidələrin, məscidlərin bərpası layihələrinin icrasına başlayıb. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Aparılan işlərə yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir. Bunların sırasına dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması və digərləri daxildir.
Heydər Əliyev Fondu hazırda Şuşada daha bir neçə layihənin bərpasını başa çatdırıb. Mehmandarovların malikanə kompleksi də bu layihələrdən biridir.

ŞUŞAMIZ ƏLAMƏTDAR HADİSƏLƏRƏ ŞAHİDLİK EDİR

Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı olub. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər. Şuşa şəhərindəki Yaradıcılıq Mərkəzinin hazırkı binası ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar sökülərək binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Yaradıcılıq Mərkəzindəki ekspozisiya salonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar. Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.
Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamızda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə mayın 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub. Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilir. Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Otel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində - Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə – "Şuşa İli"ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.
Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.
Qeyd edək ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.
Oteldə "Miras Rəsm Qalereyası" tərəfindən Azərbaycanın mədəni irsinə həsr olunan, "Doğma Mədəniyyət Ocağımız" şüarı altında sərgi açılıb. Sərgidə Qarabağdan olan korifey sənətkarlarımızın, eləcə də Azərbaycanın bu bölgəsindən ilham almış şəxslərin əsərləri nümayiş olunur. Ekspozisiyada Xalq rəssamları Nadir Əbdürrəhmanov, Maral Rəhmanzadə, Altay Hacıyev, Səttar Bəhlulzadəyə məxsus 23 rəsm əsəri, o cümlədən qarabağlıların portretləri, eləcə də bu ərazinin gözəl dağ mənzərələri yer alıb. Qarabağ mövzusundan ilhamlanan Xalq rəssamı Akif Əsgərovun, heykəltaraşlar Cavanşir Məmmədovun və Müşfiq Heydərovun 6 sənət nümunəsi də tamaşaçılara təqdim olunur.

KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏR TEZLİKLƏ ƏZƏLİ TORPAQLARIMIZA - ŞUŞAYA QAYDACAQLAR

Bütün bu və ya digər açılış mərasimləri ilə yanaşı, Dövlətimizin başçısı Şuşada 17 binadan ibarət 2-ci yaşayış kompleksinin təməlini qoydu. Şuşa şəhərinin Baş planına uyğun olaraq, D4 zonasında 4,25 hektar ərazidə inşa ediləcək kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq. Bu yaşayış kompleksində sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq, istirahət, idman, uşaq əyləncə sahələri istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Şuşanın tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması bu məkana xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Cənab Prezident çıxışlarını birində "Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu", - deməklə bu tarixi şəhərin məğrurluğunu, müqəddəsliyini ifadə etmiş oldu.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Bu kompleksdəki mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Səfər çərçivəsində Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsində lövhələrin açılışı, Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər