PDF Oxu

Siyasət

  • 4 957

HEYDƏR ƏLİYEV ZƏKASI AZƏRBAYCANIN MÜSTƏQİL DÖVLƏT KİMİ GÜCLƏNMƏSİNİN ƏVƏZSİZ MƏNBƏYİDİR TƏHLİL

HEYDƏR ƏLİYEV ZƏKASI AZƏRBAYCANIN MÜSTƏQİL DÖVLƏT KİMİ GÜCLƏNMƏSİNİN ƏVƏZSİZ MƏNBƏYİDİR TƏHLİL

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 1969-cu ildə Azərbaycana rəhbər təyin edilmiş Ulu Öndər Heydər Əliyevin cəsarətli iqtisadi siyasəti sayəsində ümumilikdə respublikanın inkişafı üçün hərtərəfli və uzunmüddətli yüksək dönüşün əsası qoyulmuşdur. 1970-1985-ci illərdə reallaşdırılan kompleks mühüm təşkilati-təsərrüfat tədbirləri nəticəsində respublikanın tarixində ilk dəfə olaraq onun geniş inkişaf imkanları müəyyənləşdirilmiş və öz dövrü üçün çox böyük istehsal potensialı yaradılmışdır. Həmin dövrdə ölkə iqtisadiyyatının aparıcı sahələrindən hesab olunan sənayenin inkişafında çox mühüm dəyişikliklər diqqəti cəlb edirdi. Sənayenin inkişafında əldə edilmiş irəliləyişlərin nə qədər böyük olduğunu qiymətləndirmək üçün 1985-ci ildə sənayenin bütün sahələrində mövcud istehsal həcminin 1970-ci illə müqayisədə 2,9 dəfə artırmasını göstərmək kifayətdir.

Müasir dövrdə Azərbaycan özünün müstəqilliyini bərpa etdikdən sonrakı proseslərdə tarixi problemlərin həll edilməsi lazım gəlmişdir. Güclü dövlətçilik atributlarının yaradılması, sosial-iqtisadi inkişafın dayanıqlılığının və dinamikliliyinin təmin edilməsi, milli sərvətlərdən milli rifah naminə istifadənin təşkili, əhalinin sosial rifahının yüksəldilməsi və iqtisadi inkişaf modelinin bazar iqtisadi prinsiplərinə uyğunlaşdırılması, ölkənin iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına çıxması üçün ardıcıl və təsirli tədbirlərin görülməsi kimi tarixi missiyaların reallaşdırılmasında Ulu Öndər, böyük şəxsiyyət və dahi zəkaya malik Heydər Əliyevin xidmətləri danılmazdır.

Heydər Əliyev 1993-cü ilin ortalarında ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə yığılıb qalmış mürəkkəb problemləri bir-birinin ardınca və kompleks şəkildə həll etməyə başladı. İlk növbədə, xalqın hakimiyyətə inamını geri qaytardı, xalqı ümidsizlikdən çıxardı. İqtisadi xaotik prosesləri, xüsusi ilə tüğyan edən inflyasiyanı cilovladı, maliyyə-kredit sistemini və makroiqtisadi sabitliyi təmin etdi. Dövlətin idarəetmə strukturu gücləndirildi, ali qurumlar və institusional dövlət orqanlarının təşkili prosesləri sürətləndirildi. İqtisadi islahatlara hazırlıqlar görülərək başlanıldı, iqtisadiyyatın bütün sahələri üzrə sabitliyin təminatı tədbirlərinin icrasına start verildi.

Ölkədəki ağır şəraitə, çoxlu problemlərin olmasına baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycanın bir dövlət kimi ən ağır taleyüklü məsələsi olan – milli resurslardan və sərvətlərdən xalqın rifahı, milli maraqlar qorunmaqla istifadəsi strategiyasını işləyib hazırlaya bildi. Əsrin Müqaviləsi layihəsi 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında imzalanmışdır. Bu tədbirdə Böyük Britanya, ABŞ, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak etmişlər. Bu tarixi imzalanma mərasimində Heydər Əliyev demişdir: Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suverin hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk.

Əsrin Müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başladı. Ölkədə bazar iqtisadiyyatı mexanzimləri və infrastrukturun yaradılması prosesləri sürətləndirildi. Bu Müqavilənin bağlanması Azərbaycan iqtisadiyyatının inkişafına güclü təkan verdi, ölkəyə yeni texnologiyalar, innovasiyalar, mütərəqqi idarəetmə metodları gəlməyə başladı. Bazar iqtisadiyyatı mexanzimlərinin intensiv tətbiqi hesabına milli iqtisadiyyatın müasir fəaliyyət mexanzimləri formalaşdırıldı, sahibkarlığın və biznesin inkişafına əlverişli mühit yaradıldı. Azərbaycanda iqtisadi islahatların əsas fazasının səmərəli təşkil olunması mümkünləşdi və bu proseslərdə neft sənayesi özünün lokomotiv funksiyasını layiqincə yerinə yetirdi.

Milli iqtisadiyyatın hasilat sənayesi ilə yanaşı digər iqtisadiyyat sahələrinin – qeyri-neft sektoru sahələrinin inkişafı proseslərinin təməli qoyuldu. Neftdən gələn gəlirlərin hesabına milli iqtisadiyyatın müxtəlif sahələrinin modernizasiya prosesləri həyata keçirildi. Ölkədə geniş miqyaslı abadlıq-quruculuq işlərinin və tədbirlərinin görülməsi sürətləndirildi. Rəqabət qabiliyyətli infrastruktur şəbəkəsinin yaradılması təmin olundu. Ölkə əhalisinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində əhəmiyyətli addımlar atıldı. Xüsusilə, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması məqsədilə geniş miqyaslı layihələr reallaşdırıldı.

Davamlı və sistemli, həmçinin Heydər Əliyev dühası, müdrikliyi və uzaqgörənliyi ilə mükəmməl hazırlanmış Neft Strategiyası əsasında neft hasilatı ilə yanaşı, təbii qaz hasilatı üzrə, həmçinin neft və təbii qazın dünya bazarlarına çıxarılması istiqamətində iri layihələrin reallaşdırılması mümkün olmuşdur. Regionun ən iri neft və təbii qaz nəqli layihələri Azərbaycanın təşəbbüsü və fəal maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Heydər Əliyevin tarixi xidmətlərindən biri də Qarabağın sosial-iqtisadi inkişafının təmin edilməsi və xüsusilə Şuşa şəhərinin Qarabağın mərkəzi kimi inkişaf etməsində rolu ilə bağlıdır. Son 100 il ərzində erməni işğalçıları xarici havadarlarının köməyi və fəal dəstəyi ilə Qarabağ torpaqlarını zaman-zaman işğal etmişlər. Keçmiş SSRİ-nin süqutundan sonra isə Qarabağ tamamilə işğal olunmuşdur. Məhz Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda dövlətçilik atributlarını gücləndirmiş, milli ordu quruculuğunun əsasını qoymuş və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqda tarixi işlər görmüşdür. Heydər Əliyevin əsasını qoyduğu bu milli strategiya Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da təkmilləşdirilmiş və 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Böyük Qarabağ Zəfərində torpaqlarımız işğaldan azad olunmuşdur. Heydər Əliyev dühası və siyasəti ölməzdir, əbədidir, həmişəyaşardır. Ulu Öndərin dühası bu gün də Azərbaycan xalqının tərəqqi yoluna işıq saçır, Azərbaycan iqtisadiyyatının güclənməsinə xidmət edir. Ölkə Prezidenti İlham Əliyev haqlı olaraq qeyd edir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.

ŞƏFA ƏLİYEV,

Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri

Digər xəbərlər