PDF Oxu

Siyasət

  • 1 819

Humanizm siyasətinə sədaqət nümunəsi - TƏHLİL

Humanizm siyasətinə sədaqət nümunəsi - TƏHLİL

Prezident İlham Əliyevin Əfv Sərəncamı bu prinsiplərə sadiqliyin növbəti təzahürüdür

Ölkəmizdə insan amili prioritet məsələdir və dövlət siyasəti daim humanizm prinsiplərinə əsaslanır. Və bu gün Prezident İlham Əliyev ümummilli liderin humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək mayın 8-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı bir daha göstərdi ki, ölkəmizdə insan amili prioritet məsələdir və dövlət siyasəti daim humanizm prinsiplərinə əsaslanır.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANDA İNSAN HÜQUQ VƏ AZADLIQLARININ TƏMİN EDİLMƏSİ SİYASƏTİ

Real həyatda hüquq və azadlıqların səmərəli şəkildə həyata keçirilməsi üçün onların təmin edilməsinə dair hər cür pozuntulara və dövlətdaxili təsirlərə davamlı olan və təsirli təminatlar mexanizmini zəruri edən dəyərlər sırasında insan hüquq və azadlıqlarının qorunması, humanizmi, ədalət prinsipləri həmişə üstün yer tutur. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı hüquq islahatları, məhkəmə sisteminin təkmilləşdirilməsi, məhz bu prinsiplərə xidmət edir. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik-hüquqi dövlət quruculuğu, bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması problemi ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi Azərbaycanlı, ulu öndər Heydər Əliyev insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verib, humanizm, mərhəmət və insanpərvərlik prinsiplərini daim ön sırada tutubdur.
Ulu Öndər respublikamızda demokratik-hüquqi dövlət quruculuğu prosesini insan hüquqlarının təmin edilməsi kontekstində səciyyələndirərək, göstərirdi ki, "...Biz demokratiya yolu seçmişik, demokratiyanı da inkişaf etdiririk. İnsan haqlarını təmin etmişik. Azərbaycanda mətbuat azadlığı, vicdan azadlığı, söz azadlığı tamamilə təmin olunubdur. Siyasi plüralizim hökm sürür. Hər şey demokratik prinsiplər əsasındadır". Şübhəsiz ki, bütün bunlar da ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.
Humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq bu siyasətin və müsbət ənənənin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önəm verməsi və buna uyğun addımlar atılması vətəndaş həmrəyliyinə, insanların dövlətə inam və etimadının artmasına xidmət edib. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanının imzalanması mühüm əhəmiyyətə malikdir. Ümummilli Lider tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu. 1998-ci il fevralın 10-da isə Azərbaycanda ölüm cəzası ləğv edildi və bununla da Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşdü. Bu tarixi addım humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ümummilli lider qeyd edirdi: "Mən, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealara sadiq qalaraq, ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu.

Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu. Ölüm cəzasının ləğvi Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Minlərlə məhkumun əfv və amnistiya olunması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətdə mənəvi dəyərlər, humanizm hissi aşılamışdır.

HUMANİZM ƏNƏNƏLƏRİNƏ SADİQLİK AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FƏALİYYƏTİNİN ƏSAS PRİORİTETLƏRİNDƏNDİR

Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələri Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Mayın 8-də dövlət başçısı tərəfindən “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamın imzalanması və 801 insanın əfv edilməsi ulu öndərimizin əziz xatirəsinə hörmət və ehtiramın bariz nümunəsidir. Bu, müstəqil ölkəmizin tarixində ən böyük əfv aktıdır. Belə ki, müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Bununla da, cənab İlham Əliyev dövlət başçısı kimi 37-ci əfv Sərəncamını imzalamış oldu.

Həmçinin, böyük qürur hissi ilə deyə bilərik ki, ümummilli liderimizin adını daşıyan fond tərəfindən həyata keçirilən bəşəri əhəmiyyətli insanpərvər layihələr, öz xeyirxah əməlləri ilə bütün dünyada Heydər Əliyev irsini layiqincə təbliğ edən Fondun prezidenti, vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə minlərlə şəxsə şamil olunmuş amnistiya aktlarının qəbul edilməsi, dövlətimizin humanist siyasətinin daha bir təzahürüdür. Bütün bunlar isə bir daha Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin humanizm və yüksək ali dəyərlərə söykəndiyini sübut edir.

Bir sözlə, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ən böyük əfv sərəncamının imzalanması Heydər Əliyev ideyalarının təntənəsi və demokratik-hüquqi dövlətçilik ənənəsinin davamı kimi dəyərləndirilməlidir. Bununla əfv olunmuş şəxslərə vaxtından əvvəl normal həyata qayıtmaq və cəmiyyətdə yenidən özlərini təsdiq etmək imkanı yaradılır. Bütün bunlar bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin təməlini atdığı humanizm dəyərləri hər zaman Azərbaycanda yaşayacaq! Və kimliyindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın dəрdi-səri, qayğıları, problemləri Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində və nəzarətindədir və əfv edilən şəxslər də bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər