PDF Oxu

Siyasət

  • 2 493

Milli Xalça Muzeyinin Şuşa filialı yeni həyatına qovuşub TƏHLİL

image

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Azərbaycan xalçasını dünyada xalçaçılıq sənətinin etalonu kimi dəyərləndirməsi əbəs deyil. "Mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm. Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni, bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır", - deyə Cənab Prezident çıxışlarının birində bildirib. Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini bəzəyən Azərbaycan xalçaları xalqımızın fərqli milli sərvətidir. Azərbaycan xalçaçılıq məktəblərindən söz açarkən Qarabağ xalçaçılıq məktəbini də xüsusi olaraq qeyd etməliyik. Həyat eşqi və parlaq koloriti ilə seçilən Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Mənbələrdə göstərilir ki, onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunub. Xalçaçılıq sənətindən söz açarkən Şuşa xalçaçılıq sənətini də xüsusi olaraq qeyd etməliyik. Şuşa xalçaları xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Azərbaycanda olan 1500 növ boyaq bitkisinin əksəriyyəti Qarabağda olmuş, burada toxunan xalçaların ipliklərinin boyanmasında onlardan istifadə olunmuşdur. Şuşada 35-dən artıq orijinal xalça çeşnilərindən istifadə olunmaqla xalçalar toxunmuşdur. Xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunmuşdur. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanmışdır.

MİLLİ SƏNƏT DƏYƏRLƏRİMİZİ YAŞADAN TARİXİ MƏKAN

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Qarabağ və ətraf ərazilər işğal olunmuş, bölgənin tarixi-mədəni dəyərləri məhv edilmiş, düşmən tərəfindən talan olunmuşdu. Onların sırasında Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən, əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı da var. Fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlayıb. Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilib.

ŞUŞA FİLİALININ 246 ƏDƏD EKSPONATINDAN 183-Ü TƏXLİYƏ EDİLİB

Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərib. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb olub. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilib. Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilib. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Bu günə kimi, Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirmişdir.

XIX ƏSRİN İKİNCİ YARISINDA TİKİLMİŞ TARİXİ BİNA

Yenidən qurulan Şuşamızda tarixi, dini və mədəni abidələrimiz də təmir və bərpa olunur, yeni həyat və nəfəs verilir. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Milli Xalça Muzeyinin Şuşa filialının açılışında iştirak ediblər. Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib. Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi.Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri muzeydə sərgilənən eksponatlar və sənət əsərləri ilə tanış olublar. Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilmələri üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, Şuşa filialının 1992-2022-ci illər ərzindəki fəaliyyəti haqqında məlumatlar verilir. Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır.Artıq bir çox abidələrimiz, memarlıq nümunələrimiz kimi, öz həyatına qovuşan Milli Xalça Muzeyinin Şuşa filialı tarixi məkanda fəaliyyətini davam etdirəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər