PDF Oxu

Siyasət

  • 1 362

Əbədi və ölməz Heydər Əliyev dühası

Əbədi və ölməz Heydər Əliyev dühası

Ulu Öndər Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdu. Bununla da ölkəmizdə mövcud olan müxtəlif xalqların nümayəndələri də özünü bu torpaqların bir parçası kimi dərk edərək, azərbaycançılıq ideologiyasını hər şeydən üstün qəbul etdi. Çünki, milli kimiliyimizdən asılı olmayaraq Azərbaycan bizim hər birimizin Vətəni idi. Bu reallıq 2020-ci ildə əzəli torpaqlarımızın düşmən işğalından xilası naminə aparılan Vətən müharibəsində də bir daha üzə çıxdı. Həmin günlərdə hər bir Azərbaycan vətəndaşı milliyyətindən, sosial vəziyyətindən, siyasi baxışından asılı olmayaraq bir yumruq kimi birləşərək Vətən torpaqlarının azadlığı uğrunda canını ortaya qoymaqdan çəkinmədi. Bu illərdir böyük bir məsuliyyət və dəqiqliklə yerinə yetirilən azərbaycançılıq ideologiyasının bəhrələri idi. Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin əsas və ali məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdı. Ulu öndərin ən başlıca keyfiyyətlərindən biri də öz xalqına ürəkdən bağlılığı, milli ideya və dəyərləri, dilimizi, dinimizi yaşadıb daha da inkişaf etdirmək idi. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Böyük qürur hissi və fəxrlə “Mən öz mənalı həyatımı xalqımın bu günü və sabahı ilə yaşamışam” söyləyən bu böyük şəxsiyyətin həyat amalı bütün varlığı qədər sevdiyi xalqına və dövlətçiliyimizə, ölkəmizin siyasi, iqtisadi, mənəvi inkişafına xidmət olub. Özünün dəfələrlə bəyan etdiyi kimi, bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb. Bu günkü Azərbaycan Heydər Əliyevin arzuladığı, görmək istədiyi Azərbaycandır. Ərazi bütövlüyü bərpa olunmuş, Şuşasına, Ağdamına, Kəlbəcərinə, Laçınına qovuşmuş, sadəcə öz regionunda yox, dünyada da söz sahibinə çevrilmiş, iqtisadiyyatı güclü, siyasəti kənar təsirlərdən uzaq, gəncliyi ümid verən Azərbaycan. Bəli, Heydər Əliyevin şah əsəri olan Azərbaycan məhz budur. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı.

Ulu Öndər Heydər Əlyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar daxil edildi. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qonşu dövlətlərdən fərqli olaraq ölkə konstitusiyasında bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın vicdan və etiqad azadlığının olduğu xüsusi vurğulandı."Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", məhz bu tarixi kəlam Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə məxsusdur. Bütün fəaliyyəti ilə xalqa, Azərbaycan dövlətinə bağlı olan Dahi Öndərimiz bu qızıl sözlərini öz əməli ilə həyata keçirdi və bu gün də həmin kəlamlar yaşadılmaqda, müasir Azərbaycanın inkişafında rol almaqda davam edir.Heydər Əliyev həm özünün nadir siyasi istedadı sayəsində, həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkəti , onun bugünkü həqiqətini sabahkı gününün etibarlı gələcəyini yarada bilmişdir.

Varis Rüstəmov,

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Digər xəbərlər