Şuşanın Azərbaycanın tarixində xüsusi əhəmiyyəti və yeri var. Məhz buna görə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransın Şuşada keçirilməsi mühüm hadisədir. Prezident İlham Əliyevin imzaladığı fərmanla 2022-ci il “Şuşa İli” elan edilmişdir. Ötən il şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Qarabağın gözü Şuşa şəhəri həmişə Azərbaycan şəhəri olub. Şuşa iyirmi səkkiz ildən artıq müddət ərzində əcnəbi hökmranlıq altında qalsa da, heç vaxt ermənilər üçün doğma şəhər olmamışdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Bizim beynəlxalq hüququn üstünlük qazanacağı ilə bağlı bütün illüziyalarımız yoxa çıxdı. Biz dərk etdik ki, əgər güclü Ordumuz olmasa, gənc nəsli təkcə torpaqları uğrunda deyil, həm də öz şərəfləri uğrunda mübarizə aparmaları üçün hazırlamasaq, həmişə işğal altında olacağıq.
Şuşa Azərbaycanda hakimiyyətdə olan və ya hakimiyyətə gəlməyə çalışan bir çoxlarının xəyanəti nəticəsində işğal olunmuşdu. Buna görə də Şuşanın azad edilməsi həqiqətən də bizim qürurumuzun nümayişidir. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və Ali Baş Komandan İlham Əliyev müzəffər ordusu ilə, arxasında yumruq kimi birləşən xalqın iradəsi ilə ulu öndərin arzusunu gerçəkləşdirdi. Azərbaycan xalqı bununla fəxr edir, bütün azərbaycanlılar buna sevinir. Hazırda bütün qüvvələr səfərbər edilib, Şuşa yenidən qurulur.
İkinci Qarabağ müharibəsində qələbəmizin simvoluna çevrilən Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisə idi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq elan edib. İki qardaş ölkə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Ona görə ki, yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. Ölkəmiz təkcə Türkiyə ilə yox, Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub.
“Şuşa İli”ndən sonra 2023-cü il Ümummilli liderin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlər nəzərə alınaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur. Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq cəsarətlə ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyəti ilə sübut edib. 70-ci illərdə və 80-ci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qonşu dövlətlərlə normal münasibətə, iqtisadi əlaqələrə önəm vermişdir. Dövrün uzaqgörən, müdrik suyasətçisi Heydər Əliyev çox yaxşı bilirdi ki, xarici investorların Azərbaycana cəzbi üçün əsas meyar sabitlikdir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə qonşu dövlət Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze Azərbaycan və Gürcüstan arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bünövrəsini qoydular. Əslində, həmin zamanda hər iki dövlətin başçıları Gürcüstanla Azərbaycan arasında bugünkü tərəfdaşlığın formatının əsasını qoydular. Heç şübhəsiz ki, bu, Bakı-Supsa boru kəməri ilə başladı. 1990-cı illərin sonunda Prezident Şevardnadze və Prezident Əliyevin iştirakı ilə Supsada məlum açılış mərasimi oldu. İki ölkə arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq enerji və daşımalar təhlükəsizliyinin vacib meyarıdır. Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır. Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına Azərbaycan təxminən 140 milyon dollar ayırdı. Biz böyük potensialı ciddi şəkildə görürük və qiymətləndiririk, çünki Orta Dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik. Prezident İlham Əliyevin cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında qeyd etdiyi kimi, Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb. Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyi qeyd olunur. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. İstənilən ölkənin, xüsusilə qonşu ölkənin parçalanması, potensial təhlükə törədə bilər.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini