Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə, ölkəmizdə ənənə halını alan müzakirələr davamlı xarakter daşıyır. Cari ilin Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Konfrasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müxtəlif ölkələrdən mütəlif elm adamları və siyasi ekspetlər iştirak ediblər. Bu tədbirin, zəngin tarixə və parlaq gələcəyə malik olan Şuşa şəhərində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Strateji mövqeyi ilə seçilən Şuşa 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və Azərbaycana hərbi təcavüz başlayıb. Şuşanın alınması nəticəsində, mənəviyyatımıza çox ağır zərbə vuruldu. İşğal zamanı şəhərdəki yüzlərlə tarix və mədəniyyət abidəsi, o cümlədən 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi vandalizm aktları nəticəsində dağıdılmışdır. Bizim haqq işimiz uğrunda mübarizə apardığımız 44 günlük Vətən Müharibəsində, rəşadətli Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına səbəb olan Şuşa qələbəsi, xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Qələbə günü kimi daxil oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncam və fərmanları əsasında, qələbədən dərhal sonra Qarabağ regionunda, o cümlədən Şuşada infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmış, quruculuq işlərinin təşkilində operativliyin təmin edilməsi məqsədilə böyük diqqət yetirilmişdir. Cənab Prezident İlham Əliyev 2021-ci il mayın 7-də Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Şuşa tarixən Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dövründə (1969-1982) Qarabağa böyük diqqət və qayğı göstərmiş, ermənilərin iddiaları həmişə puça çıxmışdır. Heydər Əliyevin mühüm fəaliyyətlərindən biri məhz Qarabağda milli ruhun oyanması idi. Ümummilli Lider bu istiqamətdə sistemli və məqsədyönlü tədbirlər həyata keçirirdi. Əvvəla, Qarabağın tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını çox gözəl bilən Ulu Öndər, bu məsələyə çox həssas yanaşırdı. Şuşanın Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi tarixi keçmişini yaxşı bilən Ümummilli Lider bu şəhərin inkişafına böyük diqqət yetirirdi. Ümummilli Lider Şuşanı zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi hesab edirdi. 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Şuşa şəhərinin inkişafı ilə bağlı bir sıra xüsusi qərarlar qəbul edildi. 1977-ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Şuşanın tarixi hissəsini tarix-memarlıq qoruğu elan etdi. Nəticədə Şuşanın abidələrinin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıldı. Həmin ildə qərarlara uyğun olaraq şəhərin binaları, tarixi abidələri bərpa olunmuş, yeni çoxmərtəbəli yaşayış binaları, iri mehmanxana kompleksləri, ayrıca inzibati binalar ucaldılmışdır. Bununla yanaşı, Şuşinin statusu ümumittifaq əhəmiyyətli kurort şəhərinə çevrildi. Bu qərarların icrası böyük tarixi əhəmiyyət kəsb edirdi. Şəhərdə sakinlər üçün əlavə iş yerləri açılmış, onların həyat səviyyəsi yüksəlmiş, azərbaycanlıların milli ruhu güclənmişdir. Eyni vaxtda ölkənin müxtəlif yerlərindən Şuşaya dincəlməyə gələnlər Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olublar.
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada, şəhərin orijinal tarixi görkəminin bərpası istiqamətində nəhəng layihələr həyata keçirilir. Ölkəmizin mədəniyyət paytaxtında aparılan kompleks işlərin tərkib hissəsi olan Şuşa şəhərinin Baş planının qısa müddətdə hazırlanması, böyük şair Molla Pənah Vaqifin büstünün və onun muzey-məqbərəsi kompleksinin ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin abidəsinin açılışı, eləcə də tarixi, dini və memarlıq abidələrinin bərpası möhtəşəm quruculuq prosesinin bir hissəsi olaraq bariz nümunədir. Cıdır düzündə Xarıbülbül musiqi festivalının və Vaqif poeziya günlərinin keçirilməsi ənənəsinin dirçəldilməsi də, Şuşanın sürətlə dirçəlişindən, əvvəlki dolğun mədəni həyatına qayıtmaq yolunda olmasından xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Şuşa şəhərinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, o cümlədən Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü ilə əlaqədar, 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa şəhəri ili” elan etmişdir.
Postmüharibə dövündə dövlətimizin şanlı inkişaf dövründə, dünyadakı hazırkı gərgin vəziyyət planetimizin demək olar ki, bütün regionlarına təsir edir. Dövlətlərin siyasi və iqtisadi maraqlarının toqquşması, o cümlədən Cənubi Qafqazda çətin vəziyyət yaradıb. Balanslaşdırılmış və sülhsevər siyasətə əsaslanan Azərbaycan yuxarıda göstərilən bütün çətinliklərə baxmayaraq, bütün ölkələrlə konstruktiv siyasət yeridir. Şuşada qonaqlarımızın suallarını cavablandıran cənab Prezident ölkəmizin və xalqımızın sülhə, firavanlığa, sağlam düşüncəyə, konstruktiv dialoqa sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Ekspertlərin suallarını cavablandıran cənab Prezident bir çox mühüm mövzulara toxundu və bununla da bir çox aspektlərə aydınlıq gətirdi. Xüsusən də Ermənistanın sülh müqaviləsinin bağlanması ilə bağlı mövqeyi ilə bağlı qeyd etdi: "Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar". Cənab Prezidentin geniş və konstruktiv çıxışının yalnız bir hissəsi olan bu sitat Azərbaycanın Ermənistana münasibətdə obyektiv mövqeyini göstərir, baxmayaraq ki, bu, ölkəmizin Başçısının qeyd etdiyi kimi, ilk növbədə Ermənistan üçün vacibdir.
Dövlətimizin Başçısı konfransdakı çıxışında nümunə sayılan Azərbaycan-Türkiyə münasibətlərinə, ölkələrimiz arasında münasibətlərin ən yüksək zirvəsini fəth edən Şuşa Bəyannaməsinə toxundu və haqlı olaraq qeyd etdi ki, bu Şuşada imzalanmış bəyannamə tarixi hadisədir. Türkiyə Lideri cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi dövrdə, iki ölkə liderlərinin siyasəti nəticəsində, münasibətlər rəsmən müttəfiqlik zirvəsinə yüksəlib. Cənab Prezident İlham Əliyev sabitliyin və təhlükəsizliyin təminatı olan bu birliyin qorunub saxlanılacağına və möhkəmlənəcəyinə əminliyini ifadə edib. Bu konfransda bir çox suallara toxunuldu. Və bütün bu suallara Dövlətimizin Başçısından məntiqi olaraq layiqlı cavablar alındı. Təbii ki, müasir Azərbaycan demək olar ki, bütün dünya ölkələri üçün xüsusi maraq kəsb edir. Möhtərəm Prezidentimizin rəhbərlik etdiyi Azərbaycan, müasir dünya düzəninə yalnız sülh, sabit inkişaf və sağlam əməkdaşlığa sərmayə qoyan beynəlxalq aləmdə ciddi aktordur. 2020-ci il Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpası, qələbə ili - zəfər ili olaraq qalacaqdır. Bu təntənənin əldə olunmasında Ulu Öndərin vəsiyyətlərini sədaqətlə həyata keçirən Ali Baş Komandan cənab İlham Əliyevin və qalib Azərbaycan ordusunun müstəsna xidmətləri var. Şuşa şəhərinin işğaldan azad edilməsi dünya azərbaycançılığı, bütün türk dünyası üçün xüsusi tarixi, siyasi və mənəvi əhəmiyyət kəsb edir. Bu gün xalqımız Möhtərəm Prezidentimizlə, Şanlı Dövlətimizlə, Zəngin keçmişimizlə və Parlaq gələcəyimizlə fəxr edə bilər.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü