PREZİDENT İLHAM ƏLİYEV: "Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır"
Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya etdiyi səfərləri və bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Qələbəmizdən iki il keçməsinə baxmayaraq Şuşa inkişaf edir, gözəlləşir. Çünki Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Bəli, məhz Şuşa Zəfərimizin tacı olduğu üçün Prezident İlham Əliyev mayın 8-də ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına təbrik müraciətini Şuşadan edib: "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam".
"Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır", - deyə Azərbaycan Prezidenti bildirib.
Dövlətimizin başçısı müraciətində bildirib ki, Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilib: "Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır".
Qarabağ probleminin həllini tapmadığını, hakimiyyətdə olanların ancaq şəxsi mənafeyini düşündüklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşamışlar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atmışlar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər".
Belə bir şəraitdə Şuşanın işğal olunduğunu vurğulayan dövlətimizin başçısı ondan sonra faciələrimizin daha da artdığını bildirib: “Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı".
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏN BÖYÜK ARZUSU ŞUŞANI, QARABAĞI VƏ ZƏNGƏZURU AZAD GÖRMƏK İDİ
"Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik",- deyən Qalib Lider Prezident İlham Əliyev onu da bildirdi ki, il başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilir, müzakirələr aparılır: "Eyni zamanda, hesab edirik ki, biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik. Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurdayam, bir çox tədbirlər keçirilmişdir, 10 kəndin təməli qoyulmuşdur, bir çox açılışlar həyata keçirilmişdir. On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır".
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV: "Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm"
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bəli, bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur.
Prezident İlham Əliyev Şuşadan xalqa müraciətində də bildirdi: "2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək. Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb. Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycаn o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var. Maliyyə resurslarımız, maddi vəziyyətimiz imkan verir ki, biz ancaq öz daxili resurslarımız hesabına yaşayaq və yaşayırıq, daxili resurslar hesabına Qarabağı yenidən qururuq, Zəngəzuru yenidən qururuq".
Bəli, bu gün Qarabağ, zəngəzur yenidən qurulur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bu gün Şuşa 30 ildən sonra 8 mayı azad, qalib xalq kimi qarşılayır. Və bu gün Şuşa böyük quruculuq, inkişaf yolundadır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanını mayın 8-də Şuşaya səfərləri, səfər çərçivəsində görülən işlər bir daha deyilənlərin reallığıdır.
Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, biz 44 gün ərzində möhtəşəm qələbə qazandığımız kimi, Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq.
Bəli, 8 mayda itirdiyimiz Şuşa 30 il sonra 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Əziz Şuşa, 30 ildən sonra artıq qələbəmizin ikinci ilidir ki, 8 mayı azad qarşılayırsan!
Dövlət başçımızın dediyikimi: "Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
RƏFİQƏ KAMALQIZI